AzTU ilə Kazan Federal Universiteti ikili diplom proqramı üzrə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Kazan Federal Universiteti (KFU) arasında ikili diplom proqramı haqqında müqavilənin imzalanma mərasimi keçirilib.

 

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, KFU-nun Naberejnıye Çelnı İnstitutunun direktoru Mahmut Qəniyev və hər iki ali məktəbin nümayəndələri iştirak edib.

 

AzTU-da təhsilin və elmi-tədqiqatın inkişafı üçün görülən işlər haqqında məlumat verən rektor V.Vəliyev bildirib ki, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə xarici ali məktəblərlə əməkdaşlığa önəm verilir. Rektor KFU ilə əməkdaşlığın növbəti mərhələsinin hər iki universitet üçün faydalı olacağına ümid etdiyini söyləyib.

 

Daha sonra Mahmut Qəniyev rəhbəri olduğu ali məktəbdən, onun elmi və tədris potensialından bəhs edib.  Tərəflər birgə tədqiqat işləri, magistr və doktorant hazırlığı istiqamətində də əməkdaşlığın vacibliyini bildiriblər.

 

Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsinin İqtisadiyyat, Proseslərin avtomatlaşdırılması və Nəqliyyat mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələri bu proqramdan yararlana biləcək. Tələbələrin I və II kursu AzTU-da, III və IV kursu isə KFU-da təhsil alması nəzərdə tutulur.

 

Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzTU və KFU-nun diplomları təqdim olunacaq.

 

 



21.09.2021 | 11:24