AMEA-da “Zəfər dərsləri” elm həftəsinə start verilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elm həftəsinə start verilib.

 

“Zəfər dərsləri” həftəsi çərçivəsində Akademiyanın bir çox institut və təşkilatlarında 27 sentyabr – Şəhidlərin Anım Gününə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Anım Gününə həsr edilmiş ilk onlayn konfrans AMEA YAP Ərazi Təşkilatı, Humanitar və İctimai Elmlər Bölməsi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının  birgə təşkilatçılığı ilə baş tutub.

 

Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin başlamasından bir ilə yaxın vaxt keçdiyini xatırladıb, möhtəşəm zəfər nəticəsində 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarının erməni vandallarından azad edildiyini vurğulayıb. Alim bu qələbəni Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən parlaq nailiyyəti və tarixə qızıl hərflərlə yazılmağa layiq hadisə kimi dəyərləndirib.

 

İ.Həbibbəyli Qarabağda aparılacaq tədqiqatlarla bağlı AMEA qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi istiqamətində keçirilən konfranslardan söz açıb, bölgənin zəngin təbiətinin, faydalı resurslarının öyrənilməsi üçün çoxsaylı kitabların çap olunduğunu bildirib.

 

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova  2020-ci ildə tariximizin əbədi qəhrəmanlıq səhifəsi olan Zəfərimizin şəhidlərimizin qanı ilə yazıldığını söyləyib.

 

“Bu gün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Qarabağ əlilləri və şəhid ailələrinin sosial müdafiəsi daim gücləndirilir. Onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindəndir”,-deyən İ.Hüseynova bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını, bu şəxslərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıb.

 

AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə isə Ağdam və Şuşaya baş tutan səfərləri zamanı şahidi olduğu erməni vandalizmi nümunələrindən bəhs edib, xarabalıqlara döndərilmiş gözəl diyarımızın tezliklə yenidən bərpa olunması üçün görülən məqsədyönlü işlərdən danışıb.

 



23.09.2021 | 16:18