Ucqar kəndin gənc müəllimi

Təhsil naziri Emin Əmrullayev ötən həftə AzTV-yə müsahibə verərək hər il müəllimlərin işə qəbulu müsabiqəsindən sonra əksəriyyəti ucqar kənd məktəblərində olan təxminən 1000-dən artıq vakant yer qaldığını bildirib. Nazir Bakıda olduğu kimi, ucqar kənd məktəblərində də təhsilalanlar üçün keyfiyyətli müəllim axtarışlarının davam etdiyini vurğulayıb. E.Əmrullayevin bu sözləri diqqəti ucqar kənd məktəblərində işləməyi seçən müəllimlərin üzərində cəmləyib. Maraqlıdır, ucqar kəndlərdə olan vakansiyaları kimlər tutub?

 

Təhsil İnstitutu İnsan Resursları Mərkəzindən “Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, bu il keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə görə, ucqar sayılan H1, H2 yerlərinə ümumilikdə 3000-dən çox müəllim qəbul olunub.

 

Xatırladaq ki, ölkəmizin bir çox bölgələrində rayon mərkəzindən uzaqda yerləşən kəndlərə müəllimləri cəlb etmək üçün həvəsləndirmə (H1, H2) tətbiq edilir. Rayon mərkəzindən 3 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulan həvəsləndirmənin 2 istiqaməti var.

 

H1-ə aid edilən kənd məktəbləri rayon mərkəzindən 3 km-dən 20 km-ə qədər məsafədə yerləşir və maaşın üstünə 60 manat əlavə vəsait gəlir.

 

H2-yə aid kənd məktəbləri isə rayon mərkəzindən  20 km-dən artıq məsafədə yerləşir və müəllimin maaşına 160 manat əlavə olunur.

 

Məlikçobanlı kəndinin təzə müəllimi özünə məktəb seçdi, kənd qazandı

 

İşləmək üçün  ucqar kənd məktəblərini seçənlərdən biri Sərvər Feyzullayevdir. Şamaxıdan 14 kilometr məsafədə yerləşən Məlikçobanlı kəndində Gülağa Ağayev adına tam orta məktəbindəki şagirdləri ilə artıq tanış olub. Müəllim nəzəriylə hər kəsi gözdən keçirib. Kimi ali məktəbə hazırlayacağının, kimi olimpiadalara aparacağının hesabını tutub, kimləri “sadəcə hesab-kitab işlərini də bilsə, qazancdandır”, - qrupuna saldığına qərar verib. Ancaq heç kimdən əlini üzməyib. Çünki özünə güvənir. Bu kəndin uşaqlarına riyaziyyatı sevdirməkdə, informatika ilə həyatlarına yeni texnologiyaları gətirməkdə qərarlıdır.

 

“Olimpiada təcrübəsi həm məktəb, həm də şagirdlərimiz üçün ciddi inkişafa səbəb olacaq”

 

30 yaşlı Sərvər Feyzullayev İsmayıllının İstisu kəndindəndir. Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin 2010-cu il məzunudur. Azərbaycan Dövlət Pedaqoji Universitetində Ruyaziyyat və infotmatika müəllimliyi ixtisası üzrə təhsil alıb. Məzun olandan sonra özəl kurslarda  dərs deyib. Artıq Məlikçobanlı kənd uşaqlarının riyazi savadını artırmağın yollarını axtarmağa başlayıb: “Xüsusilə IX-XI sinif şagirdlərinə köklənmişəm. Qısa müddətdə məktəbdə riyaziyyata münasibəti dəyişmək, fənnimi sevdirmək və ən azı buraxılış imtahanlarında məktəbin riyaziyyat üzrə nəticələrini yüksəltmək istəyirəm. Məktəb rəhbərliyi ilə də danışmışam. Direktor tam dəstək verdiyini deyib. Şagirdlərlə istər dərs zamanı, istərsə də dərsdən sonra tam təmənnasız əlavə məşğul olacağam. Potensiallı uşaqlarla bağlı böyük planlarım var. Fənn olimpiadalarında iştirak edəcəyik. Düzdür, hələlik böyük nəticələr əldə edəcəyimizi düşündüyüm elə şagirdimiz yoxdur, ancaq olimpiadada iştirak bizə qələbə gətirməsə belə, təcrübə qazandıracaq. Hesab edirəm ki, olimpiada təcrübəsi həm məktəb, həm də şagirdlərimiz üçün ciddi inkişafa səbəb olacaq. Olimpiadaya hazırlamaq üçün V-VI sinif şagirdlərindən seçirəm. Artıq onlarla işə  başlamışıq. Yarışlar təşkil edir, dərsdə əyləncəli oyunlar qururam. Bu istiqamətdə işimi bir az da genişləndirərək məktəbimizdə riyaziyyat həftəsi, məntiq yarışları da təşkil etməyi planlaşdırıram. Məktəb rəhbərliyi hər cür şərait yaradacaq. Ona görə də bizim üçün qısa vaxtda nəticələrimizi yüksəltmək çətin olmayacaq”.

 

“Peşəmi sevirəm, məktəbi də sevdim”

 

Hələlik müvəqqəti müqavilə ilə işə başladığı təhsil ocağında ilk fürsətdə yerini bərkitməyi düşünür: “30 saat dərs yüküm var. Hazırda sosial məzuniyyət yerinə işləyirəm. Ancaq daimiləşmək üçün müsabiqəyə qatılaraq bu şansı da dəyərləndirəcəyəm”.

 

Öz evindən, el-obasından cəmi 80 kilometr uzaqda olan Sərvər müəllimin yolunu Məlikçobanlı yurduna salan isə nə 30 saat dərs yüküdü, nə də maaşına əlavə ediləcək həvəsləndirici pul: “Ali məktəbə qəbul üçün ixtisas seçimi zamanı ilk 4-lükdə müəllimliyi qeyd etmişdim. Bu peşəyə də müəllimliyi sevdiyim üçün yiyələnmişəm, bu məktəbə də müəllimlik üçün gəlmişəm. Peşəmi sevirəm, məktəbi də sevdim. Bu məktəbin müəllimi olaraq qalacağam”. 

 

Sərvər müəllimi nəinki məktəbdə, ümumiyyətlə, kənddə isti qarşılayıblar. Məktəbdə müəllimlər ehtiyac duyduqca pedaqoji təcrübəsini paylaşır onunla.  Hər gün gedib-gələ də bilər işlədiyi məktəbə. Ancaq bunun işinin keyfiyyətinə təsir edəcəyini düşünür. Odur ki, işlədiyi kənddə də yaşayacaq: “Burada kirayədə yaşayıram. Əslində, buna “kirayə” demək doğru sayılmaz. Evində qaldığım ailə mənimlə bütün həyatını, yeməyini-içməyini paylaşıb. Məni hər şeylərinə ortaq ediblər. Heç evə nə qədər kirayə haqqı verəcəyimi belə deməyiblər. Bu mühit mənim üçün inanılmaz gəlir.  Məktəbdə daimiləşməyi, burada qalmağı düşünürəm. Bu kəndin uğurlarında payım olsun istəyirəm”.

 

Şirinbəyə Bakıdan gələn könüllü-müəllim

 

O, Azərbaycan təhsilinin yetişdirdiyi bir könüllüdür. Əvvəlcə tələbələrin könüllüsü olub, indi isə müəllimlərin könüllüsüdür. Tələbəykən  fransız dilindən tərcüməyə ehtiyac duyulan yerlərdə görünüb, tədbirdən-tədbirə qaçıb, indi isə fransız dilini öyrətmək üçün yaşadığı Bakı şəhərindən 150-200 kilometr uzaqlıqda yerləşən Saatlıya üz tutub. Özü də tərəddüdsüz, düz Saatlının Şirinbəy kənd məktəbinə. Sadəcə özü də getməyib, ailəsini də özüylə ta Şirinbəyə aparıb çıxarıb.

 

Xəyallarda qurduğu dərsi indi siniflərdə deyir

 

Adı Sevinc Qasımovadır. Beyləqandandır. Tələbə olduğu bir gündən Bakıda yaşayır. 2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb. Fransız dili müəllimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra özəl kurslarda dərs deməyə başlayıb. Tələbəlik illərində könüllü olaraq “Eurovision” mahnı yarışında sinxron tərcüməçilik edib. Özəl kurslarda dərs deyib, müəllimlikdə təcrübə toplayıb. Bu illər ərzində Azərbaycan məktəbində dərs demək üçün öz üzərində işləyib. Yığdığı təcrübəni fransızcanı öyrənmək istəyənlərə bələdçilik etsin deyə kitaba çevirib. Həm dərslik, həm də test bankı hazırlayıb. Hazırda 20 min söz bazası olan lüğət üzərində işləyir.

 

Bu müddət ərzində ailə də qurub, ana da olub. Sıra gəlib ürəyində yaranan ana sevgisini, qazandığı müəllim peşəkarlığını sinifdə tətbiq etməyə. İllərdir xəyallarında qurduğu dərsi indi gerçək siniflərdə deyir.

 

“Gələcək üçün daha böyük planlarım var”

 

Məktəbdə yaxşı qarşılanıb: “24 saat dərs yüküm var. Fransız dilini V sinifdən tədris edirəm. Fransız dilini şagirdlərimə sevdirmək üçün xeyli səy göstərməliyəm”.

 

Sinfə iddialı girən Sevinc müəllim şagirdlərinin oturma düzəninə də müdaxilə edib: “Çox dəcəl şagirdlərimi önə, gözümün qabağına oturtdum. Şagirdlərimə Bakıdan məhz onlar üçün, onlara fransız dilini öyrətməyə gəldiyimi söylədim. Onlara önəm verdiyimi bilmələrini istəyirəm.  Bunu bilsələr, daha həvəslə oxuyacaqlarını düşünürəm. Onları dil öyrənməyə stimullaşdırmağa çalışıram. Dərsliklə kifayətlənmirəm, həvəs yaradacaq müxtəlif yollara baş vururam. Əsas məqsədim fransız dilini ilk növbədə sinifdə uşaqlarıma sevdirməkdir. Dərsdə oxuyan-oxumayan hər kəsə bir iş tapşırıram. Zəif uşaqlara yüngül tapşırıqlar verirəm ki, öhdəsindən gələrək həvəslənsinlər. Nə öyrənsələr, qənimət sayıram. Ancaq yaxın gələcək üçün daha böyük planlarım var. Fransızların məşhur bayramlarından, qeyd etdikləri əlamətdar günlərindən biri ilə bağlı məktəbimizdə tədbir hazırlamaq istəyirəm. Yazda fransız dili günü keçirməyi planlaşdırıram. Bir sözlə, məktəbimizi məhz fransız dilinin tədrisinə görə başqalarından fərqləndirmək istəyirəm”.

 

“Məktəbi  də sevirəm, kəndi də”

 

“Yağış yağıb. Bu gün yağışdan sonra düşən cığırla məktəbə getdim. O qədər fərqli hiss etdim özümü...”, - deyir Sevinc  müəllim. Müəllimliyi elə sevir ki, kəndin müəllimlik üçün addımladığı palçıqlı yolları da gözünə gözəl görünür. Deyir buradakı dünyanı onun gözündə gözəlləşdirən düşdüyü mühit, qarşılaşdığı münasibətdir: “Məktəbi də, şagirdlərimi də çox sevirəm. Onları sevə-sevə, əzizləyə-əzizləyə öyrətmək istəyirəm. Necə ki, onlar məni sevərək gəldiyim gündən bağırlarına basdılar”.

 

Məktəb direktoru Daşdəmir Ulfanov onu öz balası kimi qarşılayıb, özünün tövsiyə etdiyi evdə yerləşdirib. Məktəbin yaxınlığında yerləşən evin sahibləri də gənc müəllim üçün ailə olub: “Mən gələndə artıq hər şey hazır olur. Evində qaldığım ailə “Sən məktəbdən gəlmisən”,  - deyib  məni yeməklə qarşılayır”.

 

Mərkəzdən uzaq kənd məktəbinin yeni müəllimi öz vəziyyətindən razıdır. Artıq ailəsiylə birlikdə kənddə məskunlaşmağa qərar verib: “İşimi sevirəm. Müəllimlik üçün ən uzaq yerdə də işləyərəm. Hazırda müvəqqəti müqavilə ilə fəaliyyət göstərirəm. Lakin daimiləşmə müsabiqəsinə qatılaraq həmişəlik burada qalacağam. Bu kənddə yaşamaq, Şirinbəy məktəbinin müəllimi olmaq mənim üçün fəxrdir”.

 

Ruhiyyə DAŞSALAHLI

 



08.10.2021 | 13:14