Beş yaşlıların məktəb hazırlığı

Hər bir şəxsin həyatının unudulmaz anlarından biri, məhz məktəbə ilk qədəm qoyduğu vaxtlardır. Məktəb həyətinə girişi, bir məktəbli kimi sinfə daxil olması və ən əsası müəllimi ilə tanışlığı onun uşaqlıq çağlarından şəxsiyyət kimi formalaşmasının ilkin mərhələsidir. Ətraf mühit haqqında təsəvvürünün olması, onu dərk etməyə başlaması, insanlarla ünsiyyət yaratma vərdişlərinin, bədii təfəkkür prinsiplərinin, məntiqi, əxlaqi-mənəvi dəyərlərinin, intellektual düşüncə tərzinin yaranması və inkişafı baxımından məktəbəhazırlıq insan həyatında mühüm əhəmiyyət kəsb edir.

 

Təhsil üçün ilk addım kimi xüsusi yükü özündə daşıyan məktəbəhazırlıq prosesi müasir dövrdə daha da inkişaf edir. Müxtəlif formatlı dərslər tədris olunur. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Bədii təfəkkürün inkişafı”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi və fiziki mədəniyyət” fənləri öyrədilir.

 

Bakı şəhəri Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qruplarında olduq və oradakı mühiti daha yaxından müşahidə etdik. Dərs prosesinin keyfiyyəti və istiqaməti, dərslərin tədris forması barədə məktəbəhazırlıq qrupunun müəllimi Şəhla Əliyevanın  fikirlərini öyrəndik.

 

- Məktəbəhazırlıq qruplarında dərslər necə qurulur?

- Ötən illərdə qrup uşaqların sayına görə 2 hissə olaraq, A-B siniflərinə bölünürdü. Bu ilin qərarına əsasən qruplara bölünmədən bütöv sinif olaraq, gündəlik 30 dəqiqə olur, arada 10 dəqiqə fasilə verməklə növbəti dərs proseslərinə keçid edirik. Bu mərhələdə təhsil alan uşaqlar üçün ev tapşırığı nəzərdə tutulmur. Tədris müvafiq olaraq təlim və metodiki vəsaitlərlə təmin olunur. Qruplarda dərslər həftədə 4 gün olmaqla ümumilikdə həftə ərzində 12 saat keçilir. Hər sinif texnoloji avadanlıqlarla təmin olunur və bu, dərsin gedişatına daha  müsbət təsir edir. Uşaqlara dərs zamanı mövzu ilə əlaqədar müxtəlif növ slaydlar təqdim olunur, izlədilir, onların müəllim ilə birlikdə müzakirələrdə iştirakı təmin edilir.

 

- 5 yaşlı  uşaqların tədris prosesində qarşılaşdığınız çətinliklər nələrdir?

- Bilirik ki, uşaqların hər biri bir ailənin üzvüdür. Bəzi uşaqlar var ki, baxça mühitində olublar və onlarla işləmək sadəcə ailə mühitində böyüyən uşaqlarla işləməkdən daha rahat və əlverişlidir. Sırf ailədən gələn uşaqlarla xüsusi ünsiyyət zamanı çətinliklər yaranır. Buna bir sadə misal olaraq deyə bilərəm ki, adicə qələmin tutulma formasında belə onlar arasında fərq görünür. Düzdür, mən demirəm ki, onlar hər şeyi bilməlidir, bütövlükdə götürəndə onlar onsuz körpədirlər. Onların oturuşunu, duruşunu, dinləmə mədəniyyətini, müraciət etmə formasını öyrətmək və aşılamaq məktəbəhazırlıq müəllimlərinin əsas vəzifəsidir. Müəyyən zaman lazımdır ki, onlar məktəbə öyrəşsin, adaptasiya olsunlar. Biz çalışırıq ki, onlar 1-ci sinfə gedəndə bəzi çətinliklərlə qarşılaşmasınlar. Məhz məktəbəhazırlıq qruplarının da məqsədi budur. Onlar 1-ci sinfə gedəndə əlifbanı tam şəkildə öyrənmiş olurlar, eyni zamanda rəqəmlərlə işləməyi bacarırlar. Yeni tədris ilinə başlayanda müəyyən bazaları olur ki, bu da ibtidai sinifdə onların fəal inkişafını sürətləndirir. Məktəbəhazırlıq bir növ məktəbə olan sevgini, marağı formalaşdırır. Buna misal olaraq, mənim dərs prosesimdə bir hadisəni danışmaq istəyirəm. Deməli, dərsə yeni başlayan həftədə hər bir uşağa müəyyən tapşırıq vermişəm, hansı ki, hər kəs öz bacarığını göstərməlidir. Şagirdlərdən biri mənə hər gün dərsə gələcəyini, məktəbi sevdiyini söyləyir. Belə hallar müəllim olaraq məni çox sevindirir. Demək ki, müəyyən əyləncələr, yarışlar keçirmək uşaqlar arasında məktəbə rəğbəti daha da artırır.

 

- Müəllim-şagird-valideyn münasibətləri necə tənzim olunur?

- Mən peşə fəaliyyətimdə valideynlərə dəfələrlə müraciət etmişəm və etməkdə də davam edirəm ki, həmişə müəllim-valideyn arasında birlik, əməkdaşlıq olmalıdır. Onlar arasında qarşılıqlı anlaşma formalaşmalıdır. Bu, təkcə 5 yaşlı uşaqların valideynlərinə aid deyil, ümumiyyətlə, hər yaş kateqoriyasına şamil olunur. Əgər müəllim sinifdə uşaqlara nəyisə izah edirsə, valideyn də eyni zamanda ev şəraitində bununla maraqlanırsa uşağın öyrəndiyi biliklər faydalı olur. Yəni hər uşağın qavraması eyni olmur. Sizin də müşahidə etdiyiniz kimi, sinifdə “kitablarınızı açın” deyərək uşaqlara müraciət edirəm, onlardan bəzisi bir dəfə söyləməklə anlayır, bəzisi isə yenidən sual verir və yaxud nə dediyimi anlamır. Eyni ilə dərsi anlamaqda da bu çətinliklər baş verir. Biz müəllimlərin valideynlər ilə sosial şəbəkələrdə qrupumuz var. Onlarla mütəmadi ünsiyyətdə oluruq, dərsin gedişatı ilə bağlı məlumatlar paylaşırıq. Hər dərsin sonunda valideynlər qarşısında çıxış edirik, dərsin keyfiyyəti, səmərəliliyi barəsində məlumat veririk. Uşaqların hansı sahədə zəifliyi olduğunu bildiririk. Biz çalışırıq ki, valideyn-şagird-müəllim əməkdaşlığı elə qurulsun ki, nəticəsi yaxşı olsun. Yenə də qeyd edirəm ki, təbii ki, ən böyük məsuliyyət müəllimlərin üzərinə düşür. Biz doğru istiqaməti onlara aşılamağı bacarmalıyıq. Elə uşaq var ki, hansısa suala düzgün cavab vermir. Biz onu danlamamalıyıq, onda eqoistliyi formalaşdırmamalıyıq. Əgər uşaq səhv edibsə, onun üstünə gedəndə, sərt reaksiya verəndə şagirdin xoşuna gəlmir, həm yaşıdları arasında pərt olur, eyni zamanda da həvəsdən düşür. Əksinə, biz “indi etmisən, ancaq növbəti dəfə bu təkrar olmaz” - bu kimi formada desək, o uşağın xoşuna gələcək, tapşırığa yanaşma şəkli dəyişəcək. Burada hər bir uşağa fərdi, psixoloji yanaşma tələb olunur. Biz də uşaqlarla hər gün öyrənir, hər gün yenilənirik. Baxmayaraq ki, biz 5 yaşlı uşaqlarla işləyirik, onlar hər dərsə gəlməmişdən öncə hazırlaşırıq, slaydlar hazırlayıb təqdim edirik. Bununla həm də görüntü ilə qavramanı inkişaf etdiririk.  

 

Belə ki, məktəbəhazırlıq qruplarında dərs keçən müəllimlər gələcək üçün gənc nəsil yetişdirirlər. Məhz məktəbəhazırlıqda hər bir fərdin inkişaf prosesinin təməli qoyulur. 

 

Tünzalə QULİYEVA

 



08.10.2021 | 15:28