Quba rayonunda məktəb açılışı

Oktyabrın 8-də Quba rayon Zərdabi qəsəbə tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, millət vəkili Vahid Əhmədov, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Bildirilib ki, təhsil müəssisəsi 2021-ci ildə yenidən tikilərək istifadəyə verilib. Təhsil müəssisəsi  üç mərtəbəli üç blokdan ibarətdir. Məktəbdə 40 sinif otağı, 2 linqafon otağı, 2 informatika otağı, 6 laboratoriya, 4 müəllimlər otağı, 1 elektrik otağı, 1 həkim otağı, 4 texniki otaq, 1 xadimə otağı,  1 kitabxana və oxu zalı, 144 yerlik bufet, 344 nəfərlik akt zalı, 2 sursat otağı, 3 qəbul otağı və 18 sanitar qovşağı müəllim və şagirdlərin ixtiyarına verilib. Məktəbin 1 idman zalı, 2 geyinib-soyunma otağı, 1 futbol  meydançası, 1 voleybol və basketbol meydançası, 3  qaçış zolağı var.

 

Yeni tikilmiş məktəb 850  şagird yerlikdir. Hazırda məktəbdə 765 şagird təhsil alır.

 

Açılış mərasimində çıxış edən millət vəkili Vahid Əhmədov qeyd edib ki, ölkə başçısı tərəfindən qarşımıza qoyulan əsas vəzifə yüksək istedad və qabliyyətə, eləcə də milli mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir.

 

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü qeyd edib.

 

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, Zərdabi qəsəbə tam orta məktəbi üçün yeni binanın inşası son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir.  

 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olub. 

 

 



09.10.2021 | 13:58