Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun möhkəmlənməsinə verdiyi töhfələr

Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı bir neçə aspektdən əhəmiyyətlidir.

 

Birincisi, bu təsisat haqqında geniş ictimai rəydə hərtərəfli bilgilər formalaşır.

 

Belə ki, 1961-ci ildə Belqradda yaradılan  Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sisteminin önəmli təsisatıdır; BMT Baş Assambleyasından sonra ikinci ən böyük qurumdur; müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirir. Azərbaycanla əlaqələrin isə 10 illik bir tarixi var. Hərəkat qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayır. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi təməl prinsipləri özündə ehtiva edir.

 

Ərazi bütövlüyünə qəsd, işğala məruz qalmaq faktları Azərbaycanın bir dövlət kimi bu qurumla əməkdaşlığını hər zaman aktual edib və ölkəmizin Qoşulmama Hərəkatına qatılması sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.

 

Qoşulmama Hərəkatının tribunası Azərbaycana hər zaman imkan verib ki, Ermənistanın təcavüzkar siyasətini buradan ifşa etsin, həqiqətləri dünya ictimaiyyətinə çatdırsın. Bundan başqa, işğaldan əziyyət çəkən dövlət kimi verdiyi mesajlar, səsləndirdiyi faktlar bəşəriyyətin dinc yanaşı yaşaması üçün sübhdən başqa alternativin olmadığı gerçəkliyi üzərinə aydın işıq salıb.

 

Hərəkat zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasını qətiyyən qəbul etmir, bunu yolverilməz sayır, bu cəhətdən Azərbaycanın da maraqlarının müdafiəçisi kimi çıxış edir və ölkəmizlə bu istiqamətdə səylərini hər zaman birləşdirir.

 

Prezident İlham Əliyevin çıxışının ikinci vacib cəhəti Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimadın ictimai rəyə təqdim edilməsidir. 

 

Azərbaycanın güc və potensialının dünya birliyi tərəfindən etiraf olunmasının nəticəsi ondan ibarətdir ki, ölkəmiz qısa müddət ərzində Hərəkatın üzvləri arasında böyük hörmət qazandı; 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Üstəlik, Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bunun mənası nədir?

 

Odur ki, Azərbaycan dünyada sülhə və təhlükəsizliyə layiqli töhfə verir; quruma sədrliyin öhdəsindən uğurla gəlir və  fəaliyyətinin səmərəli nəticələri var. 

 

Azərbaycan bu platformada hansı mühüm əhəmiyyət kəsb edən beynəlxalq təşəbbüslərə nail olub?

 

İlk növbədə pandemiya ilə mübarizəni qeyd etmək lazımdır. Azərbaycanın ortaya qoyduğu səylər olduqca gərəkli idi. Ölkəmiz hesab edirdi ki, COVID-19-la mübarizədə qlobal cəhdlər səfərbər olunmalıdır. Çünki xəstəlik hamı üçün ciddi bir təhdidə çevrilib, mübarizədə güclü əməkdaşlıq zərurəti var.  

 

Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü və onu təşkil etdi. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasına istinad etməkdədir.

 

Bundan başqa, pandemiyanın kəskin dönəmində Azərbaycan üzərinə  humanitar missiya götürdü. Bu missiya ondan ibarət oldu ki, ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə verildi və onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Digər tərəfdən, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Azərbaycan Hərəkat üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərdi; təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edildi. Bu, Azərbaycan humanizminin təzahürü idi və ölkəmizə başucalığı gətirirdi.

 

Pandemiya başlayan vaxt xoşagəlməz bir tendensiya mövcud idi: peyvəndlərin kasıb və varlı ölkə kateqoriyası üzrə bölüşdürülməsi, başqa sözlə, zəngin ölkələrin öz ehtiyaclarından artıq peyvənd əldə etməsi. Hansı ki, bu hal ədalətsizlik idi və kasıb ölkələri əzmək demək idi. O zaman Azərbaycan hansı reaksiyanı göstərdi?

 

Təbii ki, “peyvənd millətçiliyi”nə, ümumiyyətlə, bu haqsızlığa açıq şəkildə etirazını bildirdi. Bu etirazın nəticəsi də oldu. O oldu ki, cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edildi. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.

 

Azərbaycan həm  Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun möhkəmlənməsində öz rolunu oynadı, həm də bu qurum daxilində  öz nüfuzunu möhkəmlətdi. Bu nüfuzun sayəsində Vətən müharibəsinə beynəlxalq dəstək ortaya qoyuldu. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək əhəmiyyətli hadisə idi. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul olunmasına imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqlik nümayiş etdirdilər.

 

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi bizim bu qurumla münasibətlərimizin davamlı olmasını şərtləndirir və Azərbaycan təşkilatın tribunasından dünyaya artıq qalib ölkə kimi bəyanatlar verir.  

 

V.ALLAHVERDİYEVA

 



14.10.2021 | 16:28