Prezident İlham ƏLİYEV: “Bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər”

* Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı Ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər.

 

*Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz torpaqlarımızı onların canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq.

 

* Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik.

 



22.10.2021 | 09:30