Ucqar kəndi iş yeri seçən gənc

Atlıxana Bakıdan müəllim gəlib.

 

Azərbaycan müəllimi işinin, dəqiq desək, uşaqlarının başındadır. Hər biri sinfə qədər böyük məsafə qət edib. Hətta aralarında elələri var ki, sinfə girib öz fənnini sevdirmək, böyüməkdə olan nəsli savadlandırmaq üçün uzağa-yaxına baxmayıb. Baxmayıb ki, vakansiyalar arasından seçdiyi o kənd keçilməz qayaların başındadır. Oxumaq istəyən bircə nəfər də olsa, həmin şagird üçün el-el, oba-oba gəzməyə hazır olan həvəskar, işini sevən, peşəsinə qiymət qoyan gənc müəllimlərimizi tanımağa dəyər.

 

Ucqar kəndlərdə olan vakansiyaları kimlərin tutması sorağıyla bu dəfə yolumuzu rayon mərkəzlərindən bir az da uzaqda olan kəndlərdən saldıq. Müəllimlərin işə qəbulu üzrə 2021-ci ildə keçirilən imtahanların nəticələrinə görə Səbinə Rəhimova Qusarın Atlıxan kənd tam orta məktəbinə ingilis dili müəllimi təyin edilib. Gənc müəllim rayon mərkəzindən 20-30 kilometr uzaqlıqda yerləşən kənd yollarına cığır salacaq.

 

Qeyd edək ki, adıçəkilən kənd həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu kəndlərdəndir. Məktəb H2-yə aid kənd məktəbləri siyahısındadır.

 

Xatırladaq ki, H2-nin tətbiq olunduğu kənd rayon mərkəzindən  20 km-dən artıq məsafədə yerləşir və müəllimin maaşına 160 manat əlavə olunur.

 

Səbinə Rəhimovanın 35 yaşı var. Bakıdandır. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirib. Sonra ailə qurub, 4 övlad anasıdır: “Böyük qızım ali məktəbə hazırlaşır. Artıq 11-ci sinifdə oxuyur. Bu səbəbdən mənimlə Qusara yalnız o gəlməyib. Digər 3 uşağım yanımdadır və kəndi də, kənd həyatını da çox sevdilər”.

 

Səbinə müəllim kolleci bitirəli artıq 17 ildir. Bu il ilk dəfə sinfə girib ingilis dilindən dərs deyib. Bunun üçün  Bakıdan düz Qusarın ucqar kəndlərindən biri olan Atlıxan kəndinə gedib. Təhsilini tamamladıqdan sonra uzun müddət işləməyən Səbinə xanım deyir ki, onu həvəsləndirən həyat yoldaşı olub: “Həyat yoldaşım neçə il sonra mənə inananlardan biri oldu. Bu qədər böyük aradan sonra müəllimliyə başlamağıma da, hazırlaşmağıma da məhz o dəstək verdi”.

 

Müəllim kimi gəldiyi kənddə yurd salmaq istəyir

 

Kənd müəllimi o kəndin daimi sakini olacağı günü iplə çəkir. Hələliksə kəndlinin kirayəşinidir: “Məktəbin yaxınlığından bir ev tutmuşuq. Burada kirayə qalırıq. Əyər-əksiklərini düzəldib şəraitimizi qurmuşuq”.

 

Kənddə müəllimə çox böyük hörmət var, ehtiyac da, deyir Atlıxanın yeni müəllimi: “Gəldiyimiz gündən bəri özümə qarşı böyük diqqət hiss edirəm. Hər gün baş çəkir, meyvə gətirirlər. İlk günlər özümə yer tapa bilmir, çox utanırdım. Artıq kənd sakinlərinin sonsuz sevgisinə alışmışam”.

 

Kənddə əlverişli mühit, isti münasibət onu elə cəlb edib ki, birdəfəlik qalmaq, bu kənddə yaşamaq, burda yaşlanmaq istəyir Səbinə müəllim.

 

Bu kəndin daimi sakini olmaq hələlik sadəcə arzusudur: “Çox istərdim ki, burdan torpaq alıb ev tikəm özümə. Kənddə daimi məskunlaşmağı düşünürəm”.

 

Valideynlərə deyəcəyəm ki...

 

S.Rəhimova şagirdlərinin hər birinin qısa müddətdə ingiliscə danışacağının xəyalını qurur: “Dərs ilinin başladığı ilk günlərdə zəng çalınan kimi uşaqların birini də tapa bilmirdim. Başımı qaldırıb “Good by, children”  demək istəyəndə görürdüm ki, ətrafımda uşaq nə gəzir, zəng çalınan kimi müəllim gözləmədən qaçırdılar tənəffüsə. Artıq elə deyil. Zəng çalınandan sonra da müzakirələrimiz davam edir, sual verir, öyrənmək istəyirlər”.

 

Səbinə müəllim deyir ki, xəyalındakı sinfə qovuşması sadəcə ondan deyil, həm də valideynlərdən asılıdır. Odur ki, bu həvəsin davamlı olması, sinifdə aşıladığı vərdişlərin möhkəmlənməsi üçün valideynlərdən də dəstək almağı düşünür: “Valideynləri yığıb onlarla iclas keçirmək istəyirəm. Direktora da demişəm bu barədə. Onlara deyəcəyəm ki,  dövlət məni Bakıdan Qusara onların uşaqları üçün göndərib. Uşaqlarının oxuması üçün əlimdən nə gəlirsə, edəcəyəm”.

 

Ruhiyyə DAŞSALAHLI

 



22.10.2021 | 16:21