Qubadlının işğaldan azad olunmasından bir il ötür

Müzəffər Azərbaycan Ordusunun Qubadlıda qazandığı Zəfərin tarixi oktyabrın 25-i idi. Bir il bundan öncə bölgədə işğala son qoyuldu, yurdumuzun füsünkar gözəlliyə malik bu parçası da öz əzəli sahiblərinə qaytarıldı.

 

Zəngilanın düşməndən təmizlənməsindən sonra hazırlanan Qubadlı əməliyyatı bir neçə gün çəkdi. Səbəb ermənilərin yaratdığı güclü istehkam idi. Düşmən Qubadlıdakı yüksəkliklərdə hərbi birləşmələrini yerləşdirmişdi. Bu yüksəkliklərdə olmaq onlara üstünlük qazandırırdı, çünki müntəzəm şəkildə hərbçilərimizə atəş aça bilirdilər. Amma sona kimi yox! Hazırlanmış uğurlu hərbi əməliyyat nəticəsində, ilk növbədə, həmin yüksəkliklər ələ keçirildi. Sonra kəndlər və nəhayət, şəhərin özü. Azərbaycan Ordusunun peşəkarlığı, fədakarlığı ilə düşmənin istehkamları Füzulidə, Hadrutda necə aşıldısa, əsgərin hazırlıq səviyyəsi, qazinin, şəhidin vətənsevərliyi, igidliyi burada da öz sözünü dedi - bütün istehkamlar yarıldı, Qubadlının işğal tarixi azadlıq tarixi ilə əvəzləndi. 

 

Zəruri haşiyə: 

 

 

Rayon 1993-cü il 31 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdıldı və yararsız vəziyyətə salındı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdıldı...

 

Bu rəqəmlər dövlətə dəyən zərərin miqyasını ifadə edir və işğalın nəticəsinin ağırlığını çox dəqiq ortaya qoyur. 

 

Üstəlik, Ermənistanın digər hərbi cinayətlərindən də danışmaq lazım gəlir. Belə ki, Qubadlı rayonu ələ keçiriləndən sonra düşmən burada qanunsuz məskunlaşma aparmış, əraziyə xaricdən gətirilən erməniləri yerləşdirmişdi. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistansa bu cinayəti törədərkən, beynəlxalq hüququ ayaqları altına almış, heç bir qadağaya məhəl qoymadan cinayət əməlləri törətmişdi. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmış, bu kənddə hərbi istehkam, hərbi baza qurmuşdu.

 

Artıq Qubadlıda bunların heç biri yoxdur. Qubadlı əsl sahiblərinin etibarlı əllərindədir və Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı orada qaldırdığı dövlətin simvolu olan üçrəngli Azərbaycan bayrağı özünə əbədi ucalıq qazanıb.

 

Təbii ki, Qubadlının siması da dəyişəcək, abadlaşacaq və gözəl yurd yerinə çevriləcək. Buna dövlətin iqtisadi potensialı ilə yanaşı, rayonun özünün coğrafi mövqeyi və təbiəti də imkan verir.

 

Bilirik ki,Azərbaycanın cənub-qərbində yerləşən Qubadlının səthi əsasən dağlıqdır. O, qərbdən 120 km məsafədə Ermənistanla, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Bundan başqa, Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur ki, bu faydalı qazıntılar rayonun inkişafında mühüm rol oynayır.

 

Bu gün Qubadlının işğaldan azad olunmasının bir illiyini qeyd edərkən, yurdumuzu düşmən tapdağından qurtaran igidləri də qürurla anırıq. Onların qəhrəmanlığı hər zaman alqışa layiqdir və dövlətimiz tərəfindən qiymətləndirilir. Silahlı Qüvvələrin 15189 hərbi qulluqçusu Prezidentin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Şəhidlər arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş bir igid də var. Azərbaycan xalqı həm onun, həm də digər şəhidlərin xatirəsini qəlbində daim əziz tutur, Qubadlının azadlığına görə onların ölməz ruhu qarşısında hər zaman baş əyir!

 



25.10.2021 | 12:06