SDU-da Bakı Musiqi Akademiyasının yubileyinə həsr olunmuş konfrans

Sumqayıt Dövlət Universitetində (SDU) Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyinə həsr olunmuş  “Azərbaycanda mədəniyyətin inkişafında Bakı Musiqi Akademiyasının rolu” mövzusunda onlayn formatda birgə elmi-praktik konfrans keçirilib.

 

Konfrans Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüranın səsləndirilməsi ilə başlayıb.

 

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov Akademiyanın yaradılması tarixindən danışıb, bildirib ki, Bakı Musiqi Akademiyası xalqımızın musiqi sərvətinin qorunub yaşadılması, dünya təhsil məkanına inteqrasiya yolu seçərək  göstərdiyi çoxşaxəli, geniş fəaliyyəti ilə əvəzsiz rol oynayır.

 

Prorektor Musiqi Festivalının məhz Şuşada qeyd olunmasının əhəmiyyətinə toxunub,  44 günlük Vətən müharibəsi nəticəsində düşməndən azad olunan Şuşa şəhərində Üzeyir bəyin əsərlərinin səsləndiyini qeyd edib:”Təməli Üzeyir bəy tərəfindən qoyulmuş, ali musiqi təhsil ocağı kimi bir çox nailiyyətlər və qələbələr əldə edərək təkmilləşən Bakı Musiqi Akademiyası ölkə xaricində də tanınan ali təhsil mərkəzinə çevrilib. Bakı Musiqi Akademiyası üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib. Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan görkəmli sənətkarların bir neçə nəsli, məhz bu təhsil ocağının məzunlarıdır”.

 

BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə çıxış edərək, yubileyə həsr olunan konfransın təşkili təşəbbüsünə görə SDU rəhbərliyinə və kollektivinə təşəkkürünü ifadə edib. O, təmsil etdiyi təhsil ocağının tarixindən danışıb, Azərbaycanın musiqi mədəniyyəti və təhsilinin inkişafında Bakı Musiqi Akademiyasının böyük rol oynadığını söyləyib:”Bu musiqi məbədinin əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulub. 100 il ərzində bir neçə nəsil musiqiçilərin fədakar əməyi sayəsində Azərbaycanın musiqi mədəniyyəti, kadr potensialı, musiqi-elmi mühiti ən ali inkişaf səviyyəsinə yüksəlib”.

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

 



27.10.2021 | 15:37