Tələbələrin sahə elmi təcrübəsi başa çatıb

Azərbaycan-Fransız Universitetinin (UFAZ) Geofizika və geologiya mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbələrinin sahə elmi təcrübəsi başa çatıb.

 

Təcrübənin məqsədi Azərbaycanın keçmiş landşaftlarının görünüşünü və geoloji tarixini yenidən öyrənmək olub.

 

Tələbələr Şamaxı, İslamdağ, Qırmaqı vadisi, Xınalı Xızı dağları (Xızı yolu) və Yasamal vadisində olublar. Onlar müxtəlif növ analizlər apararaq süxurların  əmələ gəlmə üsullarını müəyyən edib, yaşını və yaranma mühitini dəqiqləşdirmək üçün fosilləri araşdırıblar.  Ekskursiya ərzində dəniz fosilləri olan qayalar tapılıb ki, bu da onların hazırda Qafqazda yüksək hündürlükdə olmasına baxmayaraq, dənizin altında əmələ gəldiyini göstərir. Tələbələr həmçinin, müxtəlif alətlərdən istifadə etməyi, stratiqrafik sütun çəkməyi və ətraf mühitin keçmiş mənzərələrinin zamanla təkamülünü təyin etməyi öyrəniblər.  Üstəlik, çöküntülərin həndəsəsini təyin etmək və qıvrımları müəyyənləşdirmək  üçün kompasdan necə istifadəni də mənimsəyiblər. Beləliklə, tektonik plitələrin hərəkətinə cavab olaraq, bu süxurların çökməsindən sonra deformasiyasını başa düşüblər. Sahə təcrübəsi tələbələrə üç ildə əldə etdikləri bilikləri tətbiq etmək imkanı yaradıb.

 

Təcrübəyə Strasburq Universtietinin müəllimi Quentin Boesch, UFAZ müəllimləri Elşən Abdullayev və Arzu Cəbrayılova rəhbərlik ediblər.

 



28.10.2021 | 15:10