SOCAR və tərəfdaşları SABAH magistrlarının ingilis dili təlimlərini maliyyələşdirəcək

Oktyabrın 28-də SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşları ilə “British Council” arasında “SABAH Magistratura qruplarında təhsil alan tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair imzalanma mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, layihəyə qoşulan universitetlərin rektorları iştirak ediblər. 

 


Bildirilib ki, “British Council” tərəfindən həyata keçiriləcək 10 aylıq layihə 2021-ci ilin oktyabr ayından başlayaraq 2022-ci ilin iyul ayına kimi davam edəcək. Layihə çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin SABAH Magistratura qruplarında təhsil alan 372 tələbə 150 akademik saat müddətində ingilis dili biliklərini inkişaf etdirəcəklər. Layihənin məqsədi Azərbaycanda təhsilin keyfiyyətini davamlı olaraq daha da yüksəltmək, istedadlı magistratura tələbələrinin müasir elmi ədəbiyyata birbaşa çıxışını təmin etməkdir. 

 


SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, gənclərin intellektual potensialının reallaşdırılması istiqamətində fəaliyyətini davamlılıq əsasında quran SOCAR sosial sərmayə fəaliyyətində təhsil və təlim yönümlü layihələrə üstünlük verir. Həmçinin tərəfdaşlarını da bu layihələrə təşviq edir. 

 


Təhsil naziri Emin Əmrullayev SABAH Magistratura proqramının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və ölkəmizdə təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində həyata keçirilən layihələrin vacibliyini vurğulayıb. 

 


Nazir çıxışının sonunda imzalanan layihənin tərəfdaşlarına təşəkkür edib və uğurlar arzulayıb. 

 


Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qeyd edib ki, Azərbaycan və Britaniya arasında təhsil sahəsində uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələri var. Ceyms Şarp yeni layihənin SABAH Magistratura Qrupu tələbələrinin təhsilinə lazımi dəstəyi göstərəcəyinə inamını ifadə edib. 

 



28.10.2021 | 16:15