Şagirdlərdə kitaba marağı, mütaliə vərdişlərini necə formalaşdırıram


Hər bir dövrün özünəməxsus xüsusiyyətləri, qanunauyğunluqları olur. Yaşadığımız dövr informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin həyatına təsiri, insan biliyinin dərinləşdirilməsi üçün mənbə müxtəlifliyi və genişliyi baxımından diqqəti cəlb edir. İndi yetişən yeni nəslin maraqlarını təmin etmək, onlara fənni sevdirmək müəllimdən yüksək pedaqoji ustalıq və səriştə, istedad, novatorluq və s. keyfiyyətlər tələb edir. Müəllim çalışmalıdır ki, şagirdlər müasir texnologiyanın aşıladığı biliklə yanaşı, əsrlərin böyük alimlərinin, söz ustadlarının ideyalarını əks etdirən, əsas bilik mənbəyi olan kitablara da məhəbbətlə yanaşsın, onların aşıladığı elmi, əxlaqi-tərbiyəvi fikirlərdən bəhrələnsin. Bu gün ədəbiyyat müəllimlərinin qarşılaşdığı problemlərdən biri də şagirdlərin bədii əsərlərə marağının əvvəlki illərdən fərqli olaraq zəifliyi, qeyri-kütləviliyidir. Bu da bir ədəbiyyat müəllimi kimi məndə narahatlıq yaratmaqla bərabər, həm də suallar doğurur: Necə etməli, şagirdlərdə bu söz xəzinəsinə marağı necə oyatmalı? Bu suallar ətrafında apardığım araşdırmadan bu qənaətə gəlmişəm ki, zamanımızda bədii əsərlərə marağın zəif olması bir sıra səbəblərlə bağlıdır. Fikrimcə bunlar aşağıdakılardır:
1. Bu gün Azərbaycan artıq müstəqil, demokratik bir dövlətdir. Dövlətin demokratik mahiyyəti insanlara məcburi ideologiya yox, sərbəst düşüncə imkanı verdiyindən hər kəs öz marağına uyğun məşğuliyyət seçir.
2. İnsanların həyatına İKT dərin nüfuz etdiyindən onların əlavə məşğuliyyətə zamanları çatmır.
3. Ali təhsil müəssisələrində test sistemi daha çox dərsliklərdəki materiallar əsasında hazırlandığından əlavə materiallara marağı zəiflədir. Düşünürəm ki, səbəblərdən İKT çox vaxt əsas hesab olunsa da, bizcə belə deyil. Çünki heç bir İKT bacarığı olmayan insanlar var ki, onların da bədii ədəbiyyata marağı zəifdir. Sovet dönəmində insanların bədii ədəbiyyata marağı ona görə güclü idi ki, o zaman bədii əsərləri oxuyanlar bilgilərini öz aralarında bölüşərək ətrafdakıları da maraqlandırır və onları da bu əsərləri oxumağa sövq edirdilər. Bu gün isə insanları maraqlandıran motivasiya zəifdir. Belə bir məqamda böyük söz ustadlarının müdrik ideyalarını əks etdirən, milli-mənəvi dəyərlərin mücəssəməsi olan bədii əsərlərə maraq oyatmaq, uluların bizlərə yadigar qoyduğu humanizm, vətənə, el-obaya məhəbbət hissləri aşılayan bu qiymətli nümunələri sevdirmək biz ədəbiyyat müəllimlərinin qarşısında duran əsas tələblərdəndir.
Qeyd edək ki, təhsil sahəsində həyata keçirilən islahatlar, xüsusən kurikulumun tətbiqi şagirdlərdə oxu, yazı vərdişlərinin formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Artıq hafizəyə deyil, təfəkkürün inkişafına yönələn nəticəyönümlü təhsil hər bir şagirddə mütaliəyə, bədii əsərlərə marağın gücləndirilməsi üçün öyrədənə böyük stimul verir. Bədii əsərlərə marağın gücləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin hər il keçirdiyi “Ədəbiyyat biliciləri” müsabiqəsi də bu sahəyə olan marağı və tələbkarlığı artırır. Bir müəllim kimi mən də şagirdlərdə oxu və mütaliə vərdişlərini formalaşdırmaq, bədii əsərlərə maraq oyatmaq üçün hər bir dərsin xarakterinə uyğun üsul və vasitələrdən istifadə edirəm:
İlk öncə şagirdlərdə mütaliəyə maraqlı motivasiya yaradıram. Bunun üçün 5-ci sinifdən 11-ci sinfə qədər tədris etdiyim Azərbaycan dili və ədəbiyyat dərslərində mövzudan asılı olaraq müzakirə olunan məsələlərə münasibət zamanı hər hansı bir əsərdən maraqlı məqamları xatırlatmaqla diqqəti həmin əsərə yönəldirəm. Tutaq ki, 5-ci sinifdə “Mükafat” mövzusunu tədris edərkən asan yolla 10 manatı əldə etmək istəyən Aysunun aqibətinin sonunun mənfiliklə nəticələnəcəyi haqqında şagirdlərin mülahizə dinləyərkən Azərbaycan xalq nağılı olan “Qazanılmış manat”dan Əhmədin zəhmətlə qazandıqlarını atasının yandırması məqamını qısaca xatırladıram və bu, şagirdlərdə maraq oyadaraq onları həmin əsəri oxumağa sövq edir.Yaxud 8-ci sinifdə “Koroğlu ilə Bolu bəy”, eləcə də “Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boy”u tədris edərkən şagirdlərdə həmin dastanlara marağı artırmaq üçün ayrı-ayrı boy və qollar haqqında məlumat verirəm və onlara bu dastanları oxumağı tövsiyə edirəm.
Dərslərimdə “Atalar sözü”, “Bayatı”, “Nəğmələr” adlandırdığımız yarış üsulundan tez-tez istifadə edirəm. Bu, şagirdlərdə rəqabət bacarığını daha da gücləndirməklə yanaşı, həm də məqsədə çatmaq üçün ən əlverişli üsullardan biridir. Belə ki, vətənpərvərliklə bağlı bir mövzunu öyrəndikdə şagirdlərə tapşırıram ki, gələn dərsdə vətənpərvərliklə bağlı bayatı, yaxud atalar sözləri öyrənsinlər və bir-birini təkrarlamadan növbəli şəkildə onları söyləməklə yarışsınlar. Kim daha çox atalar sözü, yaxud bayatı söyləyərsə, o, qalib elan ediləcək. Şagirdlər bunu böyük maraqla icra edirlər. Nəticədə, şifahi ədəbiyyatın bu müdrik kəlamları və lirik nümunələri haqqında müəyyən biliklərə sahib olurlar.
Məktəbimizdə “Mənim sözüm” adı altında bədii əsərlərə xüsusi marağı olan şagirdlərdən ibarət birlik yaratmışıq. Ayda bir dəfə toplaşaraq bir bədii əsəri kitabxanadan götürür, onun haqqında məlumat verir və evdə növbəli şəkildə oxumağı tövsiyə edirəm, sonrakı toplantıda isə həmin əsər haqqında təəssüratları bölüşürük. Ən gözəl mülahizə yürüdən şagird il boyu qeyd olunaraq məktəb şagirdləri arasında “İlin ən yaxşı söz sahibi” kimi fəxri fərman və hədiyyə ilə mükafatlandırılır. Bəzən bu müzakirəyə valideynlər də qoşularaq, şagirdlərin ruhlanmasına təkan verirlər.
Məktəb tədbirlərində Azərbaycan sənətkarlarının qəhrəmanlıq, vətənpərvərlik ruhlu lirik əsərlərindən, dramatik əsərlərdən bədii qiraətlər ifa etmək də şagirdlərdə bu sahəyə olan marağı artırır.
Bu kimi müxtəlif üsul və vasitələr şagirdlərdə bədii əsərlərə maraq formalaşdırır. Bunun nəticəsidir ki, artıq Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Ədəbiyyat biliciləri” müsabiqəsində şagirdlərim istər rayon, istərsə də respublika mərhələsində qalib olmaqla nailiyyətlər əldə edir və gələcəkdə daha böyük uğurlar qazanmaq üçün xalqımızın mənəvi aləminin bədii ifadəsi olan söz xəzinəsinə daha məhəbbətlə yanaşır, həvəslə çalışırlar.

 

Bikə ALLAHVERDİYEVA,
Saatlı rayonu Ələddin Şüküroğlu adına Varxankənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi



17.06.2017 | 14:42