Daim axtarışda olan müəllim

Pedaqoji fəaliyyəti ilə seçdiyi peşənin şərəfini qorumağa səfərbər olan Afət Zülfiqarova  qabaqcıl müəllimlərdəndir. O, 1996-cı ildə ADPU-nun İbtidai təhsilin metodikası və pedaqogikası fakültəsini bitirib. İlk əmək fəaliyyətinə  vaxtilə oxuduğu  Bakıdakı 204 nömrəli tam orta məktəbdə ibtidai  sinif müəllimi kimi başlayıb. Hazırda da  bu  təhsil müəssisəsində kiçik yaşlı uşaqlara dərs deyir.

 

Balaca  fidan balalarla işləmək asan olmasa da, o, şagirdlərin və valideynlərin dərin hörmətini qazana bilib. Dərs dediyi  sinfin bilik  səviyyəsi həmişə yüksək olub.

 

Afət müəllim  dərslərində fəal və interaktiv metodlardan  bacarıqla  istifadə edir. O, pedaqoji  fəaliyyətində belə bir fikri  tez-tez  təkrarlayır: “Hər bir  müəllim dərsinin  səmərəli keçməsi üçün  yorulmadan yeni forma və metodlar axtarmalı və fəal təlim texnologiyalarından bacarıqla istifadə etməlidir”.

 

Afət müəllim təlim-tərbiyə işində uğur qazanmaq üçün dərs dediyi şagigirdlərin valideynləri ilə hər gün əlaqə saxlayır, onların istək və arzularını dinləyir. Vaxtlı-vaxtında valideynlər yığıncağı  keçirməyi daim diqqət mərkəzində  saxlayır.

 

A.Zülfiqarova məktəbin içtimai həyatında da  fəal iştirak edir. O, dəfələrlə məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə və  fəxri  fərmanlar alıb.

 

Bəli, xalq arasında belə bir deyim var.  Müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim böyük rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir.

 

Ona görə də Afət Zülfiqarova yaxşı müəllim adını  saxlamaq üçün  daim axtarışdadır. Boş  vaxtı olarsa, onu ancaq məktəbin  kitabxanasında  görmək mümkündür.

 

Noyabrın 18-də Afət müəllimin doğum günü idi. Bu münasibətlə onun yaxınları ilə bərabər,  şagirdləri də sevimli müəllimlərinə təbriklərini çatdırdılar.

 

Biz də bu təbriklərə qoşulub, Afət müəllimə pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

Şakir CƏFƏROV

 



20.11.2021 | 14:11