Ömrünün 70-ci baharında

Hər kəsin bir həyat hekayəsi var. Onunda hekayəsi nə az, nə çox, düz yetmiş il bundan öncə doğulub boya-başa çatdığı Bərdə rayonunun Alpoud kəndində başladı. Ailəsi 1948-ci ildə SSRİ - siyasi rəhbərliyinin ədalətsiz qərarı ilə öz doğma el-obalarından - Ermənistan SSRİ-nin Eçmiədzin rayonun Kolanı kəndindən deportasiya olunmuşdur. Atası Əli kişinin tək məqsədi Bərdədə yeni qurduğu evində təhsilli, tərbiyəli övladlar böyütmək idi. Haqqında söhbət açdığımız şəxs, bu gün ömrünün 70-ci baharına qədəm qoyan, bu həyat yolunda vicdanlı yaşamağı, xalqına, dövlətinə yararlı bir vətəndaş olmağı ümdə vəzifə hesab edən, dəyərli ziyalımız Fərhad Əliyevdir.

 

Tanıtım. Fərhad Əliyev 1951-ci ilin dekabrın 3-də anadan olub. 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-İqtisad fakültəsinə daxil olub və 1972-ci ildə həmin fakültənin “Mühasibat uçotu” ixtisasını bitirib.

 

Əmək fəaliyyətinə 1972-ci ilin avqust ayının 1-dən Respublika Toxumçuluq Birliyində iqtisadçı kimi başlayıb.Qısa müddət keçdikdən sonra hərbi xidmətə yollanıb. 1974-cü ilin fevral ayının 11-dən Təhsil Nazirliyində əmək fəaliyyətini davam etdirib. Qırx ildən çox Təhsil Nazirliyinin mərkəzi aparatında çalışan Fərhad müəllim Plan-Maliyyə şöbəsində böyük, aparıcı və baş iqtisadçı vəzifələrini icra edib.

 

1978-1980-ci illərdə Mərkəzi Komitənin Marksizm-Leninizm Universitetinin (indiki İdarəçilik Akademiyası) ideoloji kadrlar fakültəsini fərqlənmə diplomu ilə bitirib.

 

1982-1988-ci illərdə Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin Kollegiyasının qərarı ilə nazirliyin Təftiş və Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1988-ci ildən 2015-ci ilə qədər Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin Mühasibat uçotu və hesabat sektorunun müdiri vəzifəsini icra edib.Səmərəli fəaliyyətinə görə müxtəlif vaxtlarda Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif edilib. 2011-ci ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

 

2016-cı ilin yanvar ayından 2018-ci ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun müşaviri olub, 2018-ci ildən  isə universitetin inzibati-təsərrüfat işləri üzrə prorektorudur.

 

Beynəlxalq mühasibatlıq və auditlə bağlı elmi-praktik konfransların iştirakçısı olub. Beynəlxalq standartlara uyğun milli mühasibatlığın yaradılması, mühasibat əməliyyatlarının avtomatlaşdırılması istiqamətində və təhsillə bağlı 40-dan çox elmi məqalələrin müəllifidir.

 

“Ötən illərə dönüb baxanda...”

 

Həyat hekayəsinin uşaqlıq və yeniyetməlik dövründən danışan Fərhad müəllim deyir: “Ata  babam dövrünə görə tanınmış şəxs olub. Hələ M.Bağırovun vaxtında babamı Moskvaya “mühasibat” kursuna təhsil almağa göndəriblər. Uzun illər babam kolxozda mühasib, sonralar isə sədr işləyib. Yəqin ki, elə mühasibatlıqla bağlı istedadım da babamdan mənə keçib. Nənəm şuşalı qızı idi.  Mən I sinfə 1957-ci ildə getdim, dördüncü sinfi kəndimizdəki orta məktəbdə bitirdim. Atamın bir əmisi vardı - Səyyad müəllim. Onu da özümün babam hesab edirdim. Çox güclü riyaziyyatçı idi.  Səyyad müəllimin həyat yoldaşı Xanım nənəm isə tarix müəllimi idi. O vaxt Səyyad babam Qubanın II Nügədi kəndindəki  məktəbdə çalışırdı. Yeganə övladları Fərman müəllim Moskvada təhsil almağa getdiyindən çox darıxırdılar. Yayda Səyyad babamgil Alpouda gələndə belə məsləhət bildilər ki, mən də onlarla Qubaya gedim, təhsilimi orada onların yanında davam etdirim. Beləliklə, 5 ildə II Nügədi kəndində  oxudum. Onların mənim bir şəxsiyyət kimi formalaşmağımda böyük zəhməti, haqları var. Növbəti il babamgilin iş yerini Bakıya dəyişdilər. Məndə onlarla Bakıya köçdüm. Bakıdakı 158 nömrəli orta məktəbi bitirənə kimi Səyyad babamgildə qaldım.

 

Elə məktəbdə oxuyarkən dərslərimə çox ciddi yanaşırdım. Gərgin zəhmətin nəticəsində ali təhsil ala bildim. Ailə qurdum, övladlarım oldu. Ötən illərə dönüb baxanda ömrümün hədər getmədiyini düşünürəm. Dövlətimə, xalqıma əğər zərrə qədər də faydam dəyibsə, deməli mən xoşbəxt insanam. Qarşımda həmişə bir hədəf olub. Ən böyük prinsipim isə hədəfimə düzgün yollarla, zəhmətlə çatmaq olub”.

 

Fərhad Əliyevi yaxıdan tanıyan, onunla birgə çalışan, uzun müddət dostluq edən şəxslər də yubilyar haqqında öz fikirlərini bizimlə bölüşüb.

 

“Fərhad müəllim universitetdə böyük nüfuza sahibdir”

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Fərhad müəllimin həm universitetdəki fəaliyyətini, həm də insani keyfiyyətlərini yüksək qiymətləndirib: “Fərhad müəllim bizim universitetdə 2016-cı ildən çalışır. Bu illər ərzində onun fəaliyyətini yaxşı qiymətləndirirəm. Fərhad müəllim işgüzar adamdır. İşində çox dəqiqdir. Özünə və onunla birgə çalışdığı əməkdaşlara qarşı çox tələbkardır. Çalışır ki, hər şey  qaydalar çərçivəsində olsun. Təbii ki, bu xüsusiyyətləri mənim üçün çox xoşdur. Çünki təsərrüfat işində dəqiqlik çox vacibdir. Onu da qeyd edim ki, universitetimizin 3 korpusu var və bu korpusların təsərrüfat işini dəqiq idarə etmək xüsusi bacarıq tələb edir. Fərhad müəllim bu işlərin öhdəsindən layiqincə gəlir. Bundan başqa Fərhad müəllim həm də gözəl insandır. Kollektivlə çox yaxşı münasibətləri var. Universitetdə hamı Fərhad müəllimə hörmət bəsləyir. Həm bir ağsaqqal, həm də işini bilən peşəkar kimi universitetdə böyük nüfuza sahibdir.

 

Fərhad müəllimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona cansağlığı arzulayıram”.

 

“Yüksək insani xüsusiyyətləri davranışında və fəaliyyətində daim müşahidə etmişəm”

 

Əməkdar elm xadimi, professor Ramiz Hümbətov Fərhad müəllim haqqında düşüncələrini belə ifadə edib: “Fərhad Əliyevlə mənim tanışlığım 1988-ci ildə olub. Təhsil Nazirliyinin ali təhsil müəssisələrindən birində kompleks yoxlama aparılması üçün yaratdığı komissiyanın üzvlərini Fərhad müəllim təlimatlandırmalı və komissiyanın işinə bilavasitə nəzarət etməli idi.Təxminən 3 aydan sonra başa çatan yoxlama prosesində gündəlik görüşlərimiz, müzakirələrimiz  və “bir məhəllədə” yaşamağımız sonradan səmimi və mehriban dostluq münasibətlərinə çevrildi. Buna səbəb isə Fərhad müəllimin ciddiliyi, peşəkarlığı, işgüzarlığı, prinsipiallığı, sadəliyi, təvazökarlığı, mehribanlığı və özünə məxsus yumor hissləri olub. Sadaladığım yüksək insani xüsusiyyətləri Fərhad müəllimin davranışında və fəaliyyətində daim müşahidə etmişəm. 90-cı illərin əvvəllərində müstəqilliyini yenicə əldə etmiş ölkəmizdə təhsil sistemi də yenidən qurulduğundan biz, sıravi təhsil işçiləri, gündəlik işimizdə  ortaya çıxan kiçik və böyük problemlərin həllinə kömək əldə etmək üçün ilk növbədə Fərhad müəllimə müraciət edirdik. O, isə ya suallarımızı peşəkar səviyyədə cavablandırıb və yaxud qaldırılan məsələnin həllinin tapılması üçün bizləri digər mənbələrə istiqamətləndirib.Əziz dostumu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona uzun illər boyu sağlam və firavan həyat arzulayıram”!

 

“Çətinlik çəkəndə həmişə ona sığınmışıq”

 

Hesablama Palatasının təhsil sektorunun müdiri İntiqam Hacıyev də uzun illər dostluq etdiyi Fərhad Əliyevlə bağlı fikirlərini bizimlə bölüşüb: “Fərhad müəllim haqqında danışmaq, söz demək mənim üçün qürurvericidir. Onun bizə öyrətdikləri, verdiyi məsləhətlər həmişə köməyimizə gəlir. Fərhad müəllimin nümunəvi davranışı, savadı bizim üçün bir məktəbdir. Təhsil sistemində formalaşan bütün mühasiblər üçün Fərhad müəllim bir “mayak” olub. Çətinlik çəkəndə həmişə ona sığınmışıq. O öz sahəsi üzrə ən yüksək mütəxəssislərdəndir. Onu fərqləndirən xüsusiyyətlərindən biri də həmişə mühasibatlıq sahəsində insanlara bilmədiklərini səbrlə, geniş şəkildə izah etməsi, öyrətməsidir. Bütün bu xüsusiyyətlər Fərhad müəllimin yaxşı mütəxəssis olması ilə bərabər həm də, insani keyfiyyətlərinin nə qədər yüksək olmasını təzahür edir. Ona vicdanlı vətəndaş, peşəkar mühasib, ideal müəllim, gözəl insan, sədaqətli dost, layəqətli ailə başçısı, ümumiyyətlə, ideal insan obrazına məxsus  ən gözəl sözləri heç tərəddüd etmədən demək olar. Fərhad müəllimi yubileyi münasibəti ilə təbrik edirəm. Ona dünyada ən böyük nemət olan cansağlığı arzulayıram”

 

“Fərhad müəllim elə bir dost, elə bir yoldaşdır ki...”

 

Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov Fərhad müəllimlə dostluğunun yaranmasını belə xatırlayır: “1992-ci ildə Təhsil Nazirliyində fəaliyyətə başladığım ilk günlərdə onunla tanış oldum. Sonralar nazirlikdə iş otaqlarımız da bir-birinə yaxın olduğu üçün əlaqəmiz daha da sıxlaşdı. Artıq 30 ilə yaxındır ki, təmiz qəlbli, gözəl insanla dostluq edirəm. Fərhad müəllim dürüst, vicdanlı, əxlaqlı, yardımsevər insandır. İşinin peşəkarıdır. Cəmiyyətimizdə bu xarakterləri özündə cəmləşdirən insanların sayının çox olması çox arzuolunandır. Fərhad müəllimlə biz işgüzar səfərlərdə də olmuşuq. Fikrimcə, bir insanı daha yaxşı tanımaq, xarakterizə etmək üçün yol yoldaşı olmaq da, çox önəmlidir. Mən, tam əminliklə deyə bilərəm ki, Fərhad müəllim elə bir dost, elə bir yoldaşdır ki, onunla dünyanın o biri başına da getmək olar. Biz Fərhad müəllimlə həm də ailəvi dostuq. Bir-birimizi həm xoş, həm də çətin günlərdə heç vaxt tək qoymamışıq. Əziz dostumu yubileyi münasibətilə təbrik edirəm. Ona cansağlığı, xoşbəxtlik arzulayıram”.

 

“Sadəlik, səmimilik, xeyirxahlıq və qayğıkeşlik...”

 

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov yubilyar haqqında bu fikirləri söyləyib: “Mən, Fərhad müəllimi 1997-ci ilin dekabr ayından -Təhsil Nazirliyinin Elm İdarəsinə rəhbərlik etməyə başladığım vaxtlardan tanıyıram. Qısa zaman kəsiyində tanışlığımız dostluğa çevrildi. Sadəlik, səmimilik, xeyirxahlıq və qayğıkeşlik Fərhad müəllimin başlıca keyfiyyətləridir. Elə bu keyfiyyətlərlə də insanların qəlbinə asan yol tapır və müsahibini əsl insan kimi dəyərləndirə bilir. Fərhad müəllim hərtərəfli, necə deyərlər, çoxbiçimli insanlar sırasına daxildir. O, çox ciddi insandır və nə qədər ciddidirsə, o qədər də təvazökar insan, yaxşı yol yoldaşı, gözəl müsahib və mühasibdir. Mən onu tanıdığım gündən, elə indinin özündə də tez-tez şeir-sənət adamları arasında görürəm. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin prorektoru vəzifəsində çalışmağın fəlsəfəsi, bəlkə də budur. Fərhad müəllimə olan sayğı və hörmətimin əsas səbəbi onun yüksək vətənpərvərliyi və vətəndaşlığıdır. O, özünə yardım üçün müraciət edənlərə heç vaxt biganə qalmır. Bu, onun həm də gözəl təşkilatçı və rəhbər olduğunu göstərir. Fərhad müəllim gözəl bir ailə başçısıdır. Onun yüksək səviyyədə tərbiyə etdiyi övladları və nəvələri var. Hesab edirəm ki, Fərhad müəllim enerjisinin zirvəsindədir.  Ona ömrünün 70-ci baharında yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram...”

 

“Çox xoşbəxt insanam ki, Fərhad müəllim kimi dostum var”

 

Ehtiyatda olan polis zabiti, yubilyarın uşaqlıq dostu Aydın Aslanov da fikirlərini bizə bildirib: “Çox xoşbəxt insanam ki, Fərhad müəllim kimi dostum var. Hər rüzgar bir toz tapır, hər xəyal yaşanacaq bir can tapır, hər röya gerçəkləşəcək bir ümid tapır. Amma asan tapılmayan tək şey etibarlı, sadiq ürək dostudur. Mənə Allahımız ən çətin tapılan dostluğu 55 il bundan öncə nəsib edib. Həyatda dostu olmayanı mənəvi kasıb, yoxsul hesab edirlər. Bu baxımdan, mən deyərdim ki, ən zəngin adamam. Çünki, Fərhad kimi ləyaqətli, mərd bir dostum var. Əziz dostumu 70 illik yubileyi münasibətilə səmimi qəbdən təbrik edirəm. Fərhad müəllimə cansağlığı, xoşbəxtlik arzulayıram”.

 

“Məqalələri həmişə jurnalımızın oxucuları tərəfindən böyük maraqla qarşılanıb”

 

“Maliyyə və uçot” jurnalının baş redaktoru, professor Qəzənfər Abbasov da Fərhad müəllim haqqında danışıb: Fərhad müəllimlə uzun müddətdir ki, dostluq edirəm. Respublikamızda sayılıb-seçilən, mühasibatlıq işini çox dərindən bilən, bu sahədə demək olar ki, ən çox təcrübəsi olan insanlardandır, Fərhad müəllim. Onun mühasibatlıq və təhsillə bağlı 40-dan çox elmi məqaləsi var. Fərhad müəllimi digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də yenilikçi olmasıdır. O, daim mühasibatlıqla bağlı dünyada baş verən yenilikləri izləyir, ölkəmizdə tətbiqinə çalışır. Ona görə də Fərhad  Əliyevin məqalələri həmişə jurnalımızın oxucuları tərəfindən böyük maraqla qarşılanıb. Fərhad müəllim dəfələlərlə dünyanın bir çox ölkəsində mühasibatlıqla bağlı keçirilən beynəlxalq elmi konfransların iştirakçısı olub. Həmin təcrübələrini ustalıqla ölkəmizdə tətbiq edə bilib.  Mən də təbriklərə qoşularaq Fərhad müəllimə həyatda və yaradıcılıq işlərində uğurlar arzulayıram”.

 

“Onun haqqında bir dəfə də olsun mənfi bir söz eşitməmişəm”

 

Yubilyarın oğlu, Rəssamlıq Akademiyasının dekan müavini Fuad Əliyev də atası ilə bağlı düşüncələrini bizimlə bölüşüb: “Bu həyatda ən dəyərli varlığım atamdır. Mən özümü dərk edəndən anlayıram ki, atam bizə sevgisini ən yüksək səviyyədə verib. Həyatda atdığım bütün addımlarda əlimdən tutan, bizə düzgün yol göstərən, dərdimizi də, sevincimizi də paylaşdığımız insandır, atam. Atam ailədə olduğu kimi işdə də dürüstlüyü, mehribanlığı, yardımsevərliyi ilə həmişə seçilib. Onun haqqında bir dəfə də olsun mənfi bir söz eşitməmişəm. Əksinə, atamı tanıyanlar həmişə ona böyük hörmət və rəğbət bəsləyiblər. Bu, onun daxili dünyasının aynasıdır. Atamla fəxr edirəm. 70 yaşı münasibətilə atamı təbrik edirəm. Ad günün mübarək, əziz atam”!

 

“Köməyini heç kimdən, heç vaxt əsirgəmir”

 

Əməkdar müəllim, Əməkdar incəsənət xadimi Nazim Məmmədbəyov da Fərhad müəllimlə 30 ildən çoxdur ki,  dostluq etdiyini bildirib: Onunla dostluğumuz uzun zamandır ki, davam edir. Bu müddət ərzində Fərhad müəllimdən həmişə isti münasibət görmüşəm. Dostluğa çox möhkəm adamdır. Onu tanıyanlar yaxşı bilir ki, Fərhad müəllim öz köməyini heç kimdən heç vaxt əsirgəmir. Çox yardımsevər insandır. O, həmçinin işinin də peşəkarıdır. Fərhad müəllim ölkəmizdə mühasibatlıqla bağlı sayılıb-seçilən mütəxəssislərdəndir. Mən Fərhad müəllim haqqında çox danışa bilərəm. Onunla bağlı ürək sözlərimi 2016-cı ildə Fərhad Əliyevə həsr olunmuş “Böyük bir həyatın ömrü” kitabında yazmışam. Fərhad müəllimi ad günü münasibətilə təbrik edirəm. Ona növbəti yubiley yaşlarını keçirməyi arzulayıram”.

Biz də ən xoş arzulara qoşularaq Fərhad müəllimi 70 illik yubileyi münasibətilə təbrik edirik, ona cansağlığı arzulayırıq!

 

70-ci BAHARınız mübarək!

 

Niyazi RƏHİMOV

 



03.12.2021 | 12:30