Xəyalları gerçəkləşdirən layihə

2013-cü ildən bəri Azərbaycan məktəblərinin, pedaqoji  işçilərinin qoşulduğu “e-Twinning plus” layihəsi Azərbaycan Respublikası Təhsil  Nazirliyinin biz müəllimlərə bir töhfəsidir. Həmin layihəyə ilk qoşulan məktəblərdən biri olaraq artıq 5 ildir ki, Tvinninqlə   böyuk dunya kiçik sinfimizə yerləşib. Tvinninq sayəsində dünyanın müxtəlif ölkələrindən olan   layihə ortaqlarımızla təcrübə və fikir mübadiləsi aparır, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanırıq.

 

Əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaq olan Tvinninq bir müəllim kimi illərdir mənim də müəllimlik peşəmə böyük maraq qatmış, ideyalarımın həyata keçməsində, arzularımın reallaşmasında gözəl bir vasitəyə çevrilmişdir.

 

Tvinninqlə  pedaqoji bacarıqlarımızın  artırılması istiqamətində müxtəlif beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edir, mükafat və sertifikatlarla təmin olunuruq. Belə  ki, arzuladığımız layihələri  həyata keçirməkdə heç bir maneəmiz olmur. Ya hansısa bir layihəyə qoşulur, ya da yeni layihə yaradıcısı olaraq fəaliyyət göstəririk. Layihələrimiz tamamlandıqdan sonra Milli keyfiyyət nişanı almaq üçün təqdim edilir. Bəzən Milli keyfiyyət nişanı alan layihəmiz həm də Avropa keyfiyyət nişanı qazanır. Bir Azərbaycan müəllimi və onun şagirdləri üçün bundan böyük sevinc ola bilməz. Bu sevinci layihə işləri zamanı fəəaliyyət planına uyğun olaraq bizə kömək olan valideynlərlə bölüşür, onlara övladlarının milli və beynəlxalq sertifikatlarını təqdim edirik.

 

Bu günə qədər işlədiyim  “Evimizde ne kadar güvendeyiz”, “E-Twinpaper”, “Lets play, dance and eat traditionally”, “Home sweet home” layihələri Milli keyfiyyət nişanı ,“Home sweet home” layihəsi isə Avropa keyfiyyət nişanına layiq görülüb.

 

Təkcə 2017-2018-ci tədris ili ərzində qurucusu olduğum “E-twinnerlar yollarda”, “Bizim nağıl dünyamız”, “Oynayaraq öyrənirik” layihələri ilə yanaşı  qoşulduğumuz müxtəlif layihələrdə də uğurla iştirak etmişik. Hətta qoşulduğumuz  “Save the planet” adlı  208 ortağın çalışdığı Avropa layihəsi Elektron Təhsil müsabiqəsində bəyənilərək  “Beynəlxalq və regionlararası ən yaradıcı təhsil layihəsi” nominasiyası üzrə 1-ci yerə layiq görülüb.

 

Öz hərəkətliliyi ilə fərqlənən, qurucusu olduğum  “E-twinnerlar yollarda”  layihəsi çərçivəsində isə iki ölkə - Azərbaycan və Türkiyənin maddi və mədəni irsinin yaxından öyrənilməsi, ortaq gəzintilərin təşkili nəzərdə tutulub. Demək olar ki, artıq layihənin son mərhələsindəyik. Dərs ili ərzində virtual görüşlərdən əlavə  məktəbimizin iki nəfər müəllimi ilə aprel ayında  5 günlük Türkiyədə olduq. İlk olaraq layihə ortağı olduğumuz məktəblərlə tanış olduq, “Maddi və mədəni irsin tanıdılması” mövzusunda simpoziumda iştirak etdik. Sonra isə proqram çərçivəsində  İstanbulda, Hatayda və İskəndərunda olan tarixi yerlərə getdik, geniş məlumatlar əldə etdik.

 

Bu cür layihələrdə uğurla iştirakımız Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Xarici ölkələrdə keçirilən seminarlar üçün iştirakımıza şərait yaradılır. Elə 2-5 may tarixində Türkiyədə keçirilən kontakt seminarda iştirak etmək üçün seçilməyimiz də belə töhfələrdən biri idi. Dunyanın 10-dan çox ölkəsinin iştirak etdiyi Beynəlxalq kontakt seminarda Azərbaycan təmsilçisi kimi iştirakım qürurverici idi.

 

Əməyimizin  belə qarşılığını görəndə yeni-yeni layihələrdə çalışmaq üçün daha da həvəslənir, digər həmkarlarımı da Tvinninqə qoşulmağa, ideyalarını   reallaşdırmağa dəvət edirəm. Tvinninq xəyalların gerçəkləşməsidir, əziz müəllimlər. Gəlin, Tvinninqlə özumüzü də, şagirdlərimizi də dəyişək. Azərbaycanda olan Avropa  mükafatlı   Tvinninq məktəblərinin sayını artıraq.

 

Bahar ABDULLAYEVA,

İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 



20.07.2018 | 18:23