“Azərbaycan məktəbi” jurnalının yeni nömrəsi

“Azərbaycan məktəbi” jurnalının 4-cü nömrəsi Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilati dəstəyi ilə çapdan çıxıb. Bu nömrə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin 1 oktyabr 2021-ci il tarixdə onlayn formatda keçirilmiş Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun açılış mərasimindəki çıxışı ilə başlayır. Məqalələrin məzmun və formaca müasir dövrün tələblərinə uyğunlaşdırılması prinsipi gözlənilməklə müasir standartlardan, beynəlxalq qiymətləndirmələrdən milli təhsil sistemimizdə istifadə imkanlarından, TIMSS-in təhsil siyasətinin formalaşmasındakı rolundan bəhs edən araşdırmalara, habelə təhsil islahatının tələblərinə uyğun elmi-nəzəri, pedaqoji məzmunlu məqalələrə üstünlük verilib.

 

Oxucular bu nömrədə, həmçinin Aygün Qurbanlının “TIMSS beynəlxalq qiymətləndirməsi təhsil siyasətinin müəyyənləşdirilməsində alət kimi”, Zinyət Əmirova və İzzət Abbaslının “Azərbaycanın TIMSS 2019 nəticələrinin idrak sahələri baxımından təhlili”, Şirin Məmmədovun və Leyla Abbaslının “Azərbaycanın TIMSS 2019 nəticələrinin məzmun sahələri baxımından təhlili”, Qalib Şərifovun “Liseylərdə “Fizika” fənni üzrə problem əsaslı təlimdə “Fişboun” üsulundan istifadənin əhəmiyyəti”, Piralı Əliyevin “Mütaliə pedaqoji problem kimi”, Gülşən Eminovanın “İnklüziv təhsildə sinfin effektiv idarə edilməsinin məqsədi və əhəmiyyəti”, Aybəniz Hüseynovanın “Azərbaycanda distant təhsil: problemlər və perspektivlər”, Esmira Tahirova, Sevinc Quliyeva və Ərkinaz Rəsulzadənin “İnklüziv siniflərin təşkilində müəllim dəstəyinin rolu”, Arif Əsədovun “Şagirdlərin planetar təfəkkürünün formalaşmasında dünya ədəbiyyatının rolu”, Səbinə Cəfərovanın “Azərbaycanda distant təhsilin təşkili”, Leyla Eminovanın “Oxu təlimi diferensial yanaşmanı təmin edən effektiv tədris metodu kimi”, Aynurə Qasımlının “Təhsil müəssisələrində mobbinq” sərlövhəli məqalələrini oxuya bilərlər.

 

Jurnalda pedaqogika, psixologiya elmlərinin praktikaya tətbiqinə, klassik pedaqoji fikir və məktəb tariximizin tədqiqi və öyrədilməsi məsələlərinə dair nəzəri-pedaqoji yazılara, təhsilin bütün pillə və səviyyələrinin müasir standartlar əsasında yenilənməsi, habelə təhsil sahəsində dövlət siyasətinin və təhsilə aid qəbul olunan dövlət proqramlarının icrası, fasiləsiz təhsilin həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, təhsil strategiyası, təhsil proqramları, insan kapitalının stimullaşdırılması, beynəlxalq qiymətləndirmə və s. ilə bağlı məqalələrin dərcini də zəruri hesab edirik. Odur ki, respublikamızın elm və təhsil ictimaiyyətini bu məsələdə redaksiya ilə əməkdaşlığa dəvət edirik. “Azərbaycan məktəbi”ndə dərc olunması planlaşdırılan məqalələrə qoyulan tələblər jurnalın saytında verilib.

 



25.12.2021 | 10:35