Nizami Gəncəvinin aforistik deyimləri

XII əsr Azərbaycan poeziyasının ən müqtədir sənətkarı olan Nizami Gəncəvinin mənəvi mədəniyyətimizin yüksəlişində misilsiz töhfələri olmuşdur. Söz kəsəri ilə bəşəriyyəti haqqa, ədalətə, düzgünlüyə, humanizmə, xəlqiliyə, demokratizmə səsləyən ulu şairin poetik dünyasında əbədiyaşarlıq nümunələri qazanmış hikmət və nəsihətləri, aforistik deyimləri də küll halında illər keçdikcə daha da aktuallaşır, milli və bəşəri dəyərlərə aydın çıraq tutur.

 

Birmənalı olaraq demək lazımdır ki, xalqımızın böyük humanist şairi, dahi mütəfəkkiri sayılan Nizami Gəncəvinin söz ülviyyəti, sənətkarlıq ecazı 880 ildir ki, dünya bədii, elmi, fəlsəfi fikir xəzinəsinə inci naxışlar vurur, bəşəriyyəti haqq və ədalət yolunda mütərəqqi çağırışlara səfərbər edir.

 

Böyük şair dünya miqyasında “Xəmsə” müəllifi kimi şöhrət tapsa da, onun şeir sultanı olmaq məramı lirikasının bütün janrlarında, o cümlədən qəzəllərində, qəsidələrində, rübailərində, qitələrində də güclü poetik təfəkkür məhsulları kimi mənalandırılmışdır.

 

Nizami Gəncəvinin bütün yaradıcılıq qalereyası əlbəttə, onun dahiyanə əsərlərində - “Xəmsə”də təkamül tapmış, nəcib insani sifətləri təbliğ edən “Sirlər xəzinəsi” (1177), “Xosrov və Şirin” (1180), “Leyli və Məcnun” (1188), “Yeddi gözəl” (1197), “İsgəndərnamə” (1197-1209) kimi böyük təhsilləndirici əhəmiyyət kəsb edən ədəbi irs nümunələrində öz əksini tapmışdır.

 

Bir mətləbi də qeyd edək ki, iyirmi min misraya tapınan “İsgəndərnamə” poeması iki hissədən ibarətdir: birinci hissə “Şərəfnamə”, ikinci hissə “İqbalnamə” adlanır.

 

Fikrin, sözün aynasında cilalanan dahi şairin bütün əsərlərində sadə, aydın və lakonik söz yaradıcılığı geniş mündəricədə təsbit olunmuşdur.

 

Demək olar ki, bu qüdrətli sənətkarın həyat və yaradıcılıq işığı daima bəşər övladı üçün qiymətli maddi və mənəvi sərvət rolu oynamış, ağıla, zəkaya nur saçaraq dünənin, bu günün və gələcəyin ideal həyat çağırışına çevrilmişdir.

 

Bütövlükdə isə Nizami Gəncəvi həyat və ideallarında həmişə “yaxşı insan” konsepsiyasını arzu və istəklərinin məhvərinə gətirmiş, sağlam tərbiyə yolunda fədakarlıq fütühatı göstərmişdir.

 

Odur ki, bu gün gənc nəslin hərtərəfli maariflənməsi yolunda dahi söz ustasının digər janrlardakı yaradıcılıq külliyyatında yer almış aforistik deyimləri də müasir təlim-tərbiyə prosesinin zənginləşməsi üçün əvəzsiz, qiymətli səltənət olaraq klassik irsimizin söz yadigarları kimi mənəvi-poetik fikrin sönməz təşnəsi olaraq dəyərləndirilməlidir. Doğrudur, vaxtilə tədqiqatçı-filoloqlarımız, ədəbiyyatşünas-dilçilərimiz Nizami Gəncəvinin bütün akademik nəşrlərində onun hikmət dünyasından xəbər verən fikirləri ümumiləşdirmiş, hətta, “Nizami Gəncəvinin hikmət və nəsihətləri” adlı miniatür kitabça da nəşr etdirmişlər. Amma daha dolğun, sistemli, ardıcıl tədqiqatlar işığında hələ ki, bu ibrətamiz hadisələrdən xəbər verən aforistik deyimləri ayrıca tədqiqat obyektinə (mövzusuna) çevrilməmişdir. Və güman etməyə dəyər ki, xalqımızın Zəfər qələbəsi ilə çulğalaşan bir ərəfədə bu böyük söz bahadırının əsərlərindən seçmə nümunələr əsasında toplanmış mükəmməl məxəz rolu oynayan elmə, sənətə, insanlığa çıraq tutan hikmət fəlsəfəsi daha geniş və dərin mündəricədə şaxələnərək, Nizami dünyasının tarixini, folklorunu və bu qəbildən olan digər qələm məhsulları ilə daha da zənginləşdirəcəkdir.

 

Biz isə Nizami Gəncəvi poeziyasının estetik meyarı olan insanın zövqünü, məsləyini, əqidəliliyini, cəfakeşliyini formalaşdıran aforistik deyimlərindəki fəzil keyfiyyətlərə nəzər salıb bu qaynaqlar üzərində fikir və mülahizələrimizi möhtərəm oxucularla bölüşmək istədik.

 

İlkin olaraq onu qeyd edək ki, şairin xalq pedaqogikasına, dərin elmi fikrə, fantastik mütaliə qabiliyyətinə malik olduğunu sübut edən belə aqilanə deyimləri onun nə qədər böyük ağıl-kamal sahibi olmasına dəlalət edir. O, insanlığa xidmət edən nəsihət xarakterli deyimlərində, müdrik kəlamlarında bu fikri belə poetikləşdirmişdir:

 

Həmişə dünyada yaxşılıq axtar,

 

Yaxşı ad almaqda əbədiyyət var!

 

Yaxşı adlananla yaxşı ol müdam,

 

Yoxsa sən özün də olarsan bədnam.

 

Zatı pis olana üz göstərmə sən,

 

Qurdu bəsləməkdən ziyan çəkərsən.

 

Şair düşüncəsinin poetik məhsula olan aforistik deyimləri onun bütün qələm məhsullarının şah damarıdır. O, nəsihətamiz fikir və düşüncələrini bədii-estetik, əxlaqi-mənəvi dəyərlər fokusunda, dərin mənəviyyat zənginliyi ilə öz yaradıcılığının leytmotivinə çevirmişdir. Xüsusən, insan ağlının sönməz məşəli olan müqayisəli zəka mədəniyyətindən qopan hər bir kəlmənin tərbiyələndirici ehtişamı, kamilləşdirici fəlsəfəsi bu günümüz üçün də yüksək dəyərlər platformasından çox lakonik və ecazkar sənət nümunələridir. İnsan övladına məna dolu həyat motivasiyası bəxş edən şairin aforistik deyimlərində şəxsiyyət konsepsiyası bu cəhətdən bütün zaman kəsikləri üçün aktual problematik məsələdir. Ağıl tərbiyəsi istiqamətində müasir gənc nəslin formalaşması prosesində belə müdrik kəlamların təsir gücündən hər bir müəllim yeri gəldikcə, stimullaşdırıcı məqam kimi istifadə edə bilər:

 

Bədgövhər adamla heç addım atma,

 

Öz təmiz kimyanı küllərə qatma.

 

Bədəsil olarsa əgər bir adam,

 

Qırmızı gövhəri saraldar tamam.

 

Ağıllı  adamla dost olsan əgər,

 

Elmi, mərifəti  sənə də keçər.

 

XX əsrin son qərinəsinin böyük tərcüman şairi, alovlu tribun, ictimai xadim, üsyankar şairimiz Xəlil Rza Ulutürk mücadilə və istiqlal yolunda söz məlhəminin vasitəsilə döyüşkənliyin nə qədər cahanşümal bir qüvvət olduğunu Nizami Gəncəvi yaradıcılığında qəvvas dəqiqliyi ilə bədii-poetik araşdırmalarının məhvərinə gətirərək yazır: “...Sirlər xəzinəsi”ni tərcümə edib başa çatdırdıqdan sonra mənə bəlli oldu ki, Nizami üçün başlıca məsələ insan uğrunda mübarizədir. İnsan uğrunda mübarizə onun, demək olar ki, bütün əsərlərindən yağışdan sonrakı səmada görünən göy qurşağı kimi keçib gedir. Nizaminin fikrincə, insan dünyanın əşrəfidir. Başqa reallıqlardan fərqli olaraq, təbiət ona zəka bəxş etmişdir. Buna görə o, bəxtiyardır və bütün xilqətlərin həyatına cavabdehdir”.

 

Böyük sənətkar haqqında poetik düşüncələrini onun aforistik kəlamları üzərində ümumiləşdirən bu yenilməz ruhlu şairin tərcümələrində daha bitkin və bariz məna tutumu ilə görmək olar:

 

Sən ey fələklər qədər uca, dəyərli İnsan!

 

Nazını çəkməkdədir bu yer, bu göy, bu kəhkəşan.

 

Heç xəbərin varmı ki, səsin yetişir hara?

 

Sənin zənn etdiyindən xeyli ucalıqlara!

 

Nizami Gəncəvinin yoldaşlıq, kiminlə oturub-durmaq haqqında olan nəsihətləri bu gün də öz dəyərliliyini saxlayaraq hər bir valideyn və müəllim üçün böyük məktəbdir. Uşaq şəxsiyyətini formalaşdırmaq, onu kamillik zirvəsinə çatdırmaq, əxlaqa, mənəviyyata yabançı olan hallara qarşı barışmazlıq ruhunda təlimləndirməyin əsl leytmotividir. Şair həmin fikir və hissləri aforistik nümunələr zəminində dərk etməyin düsturnamələrini nəzərə çəkərək gənc nəslin bu yolda mətinləşməsinə rəvac verən kamillik dərəcələrini müəyyənləşdirir. Sadə, el dilində səslənən ibarələrdən nəcibləşdirici keyfiyyət kimi istifadə edir:

 

El yolunda günə dön, aya dön, ulduza dön,

 

Yaxşılığı əzəldən adət etsən özünə,

 

 

Yaxşılığın hər yanda qapı açar üzünə.

 

Hər əməlin üstündən sanma keçəndi dövran,

 

Hər yaxşını, yamanı yaxşı seçəndir dövran.

 

Ülviyyətə qulluq et, günah dalınca varma,

 

Günahkar insan kimi boyun büküb yalvarma.

 

...Zülmət ömür yoluna Günəş nuru çiləməz...

 

Vermə təlim aldığın ariflərə macal sən,

 

Bəxtiyar insanlara arxalanıb ucal sən.

 

Nizami Gəncəvi elm və bilik əldə etmək, təcrübə toplamaq, qarşıya çıxan çətinlik və maneələri aradan qaldırmaq prosesində gənc nəslə örnək olası aforistik deyimlərində bir daha onların püxtələşməsində tərbiyə və təlimin həlledici əhəmiyyətə malik olan çalarlarını bədii sözün qüdrəti ilə elmi fakt və nümunələrlə əsaslandıran beytlər söyləyir. İnsan konsepsiyasına ağıl və zəkanın sirayətediciliyi prizmasından nəzər-diqqət yetirir. Tədqiqatçı alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova bu münasibətlə çox haqlı olaraq göstərir: “Təbii ki, yaratdığı əsərə, obrazlara, onların həyat tərzinə, ailədaxili münasibətlərə, məişət məsələlərinə müəllifin dünyagörüşü, elmi-fəlsəfi, ədəbi bilgilərinin səviyyəsi və mənimsədiyi məlumatların əhatə dairəsi ilə yanaşı, yaşadığı mühitin təsiri də yaradıcılıqda özünü göstərən məqamdır və bu baxımdan Nizami Gəncəvi əsərləri də istisna deyildir”.

 

Məhz, bu kontekstdən onun poeziyasının şah damarı kimi təqdir olunan aforistik deyimləri daha çox “Leyli və Məcnun” əsərində öz bədii-estetik həllini tapmışdır. “Atasının Məcnuna nəsihəti” adlı müraciət təriqli nəsihətnamələrin el-oba arasında bu gün də məşhur poetikada qəbul olunduğunu qeyd etmək yerinə düşər. Müdrik deyimlər işığında qələmə alınmış bu ibrətli kəlamlar bütün zamanlarda ailə tərbiyəsinin aparıcı istiqaməti olub, hər bir xalqın milli və bəşəri dəyərlər sistemində valideyn-övlad münasibətləri üçün mənəvi kompasdır:

 

Çox gözəl olsa da eybi gizlətmək,

 

Dost-dostun eybini örtməsin gərək.

 

Qaranlıq gecədən ağ səhər doğar,

 

Hər umudsuz işdə bir çox umud var.

 

Oğul, səadətin qapısını aç,

 

Ayağı sürüşkən taleyindən qal,

 

Çalış, əllərindən çıxmasın dövlət,

 

Dövlətlə yaranır bütün səadət.

 

Dərinlik, sonsuzluq varsa dəryada,

 

Arxların suyundan yaranır o da.

 

Sənin də səbrində qoy olsun qərar,

 

Gövhəri səbr ilə qazanmaq olar.

 

Darğa pusqudadır, inad olma bir,

 

Zəncirə əl vurma, o dəmirdəndir.

 

Sən şadlan, kor olsun buna düşmənin,

 

Gəlsin məclisinə dostların sənin.

 

Nizami Gəncəvinin haqq və ədalət yolunda tökülən qan-qadanın bühudə yerə axmadığını, hərb və sülh dünyasının toqquşan məqamlarının ağıl və idrak müstəvisində həll olunmasına aid aforistik deyimlərində də insanlığın gələcək uğurlu arzuları təsbit olunmuşdur.

 

Onun kəlamlarında “Vətənə sevgi, düşmənə nifrət” tərbiyəsi indi də aktual problem olaraq gənc nəslin ideya-mənəvi inkişafında qüdrətli, təsiredici gücə malik vətənpərvərlik çağırışları kimi öz qədir-qiymətini saxlayır; insanları sülhə, əmin-amanlığa səfərbər edir.

 

Bu gün Nizami Gəncəvinin ömür yolunun, yaradıcı dünyasının işığı bütün zümrədən olan insanlar üçün ideya, məslək fütuhatı aşılayan qiymətli fikirlər səltənətidir. Şairin ölməz ideallarında sülh məramı, şəxsiyyət azadlığı, insan humanizmi, bəşər sevgisi ana xətt olaraq bütün Yer üzü insanlarını fitnə-fəsaddan uzaq qalmağa, demokratik düşüncəyə sahib çıxmağa, insan zəkasını elmə, tərəqqiyə həsr etməyə dair çoxsaylı fikir və mülahizələrindən faydalanmaq nəcib və şərəfli bir işdir. Şairin bu qəbildən olan təhsilləndirici bir kəlamında deyildiyi kimi:

 

Ədalət yer üzündə zəfərlərin tacıdır,

 

Zülm-dərd ağacıdır, yalnız şərin tacıdır.

 

Səxavət... pərdəsilə hər cür eybi gizlədir,

 

Xoş tale, bəxtəvərlik - hünərlərin tacıdır.

 

Bu müdrik baxışları isə dərk etməyi bizdən həyatın özü tələb edir.

 

Vidadi BƏŞİROV,

Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti,  pedaqogika üzrə fəlsəfə doktoru

 



30.12.2021 | 11:36