NDU-nun tələbələri Qars Qafqaz Universitetində təcrübə keçiblər

Naxçıvan Dövlət Universiteti təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “baytarlıq” ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Qars Qafqaz Universitetində bir həftəlik təcrübə kursu keçiblər. Baytarlıq fakültəsinin dekan əvəzi, dosent Sadiq Yayla və dekan müavini dosent Səmra Kaya  2 müəllim, 7 tələbənin iştirak etdiyi nümayəndə heyətini qəbul edərək klinik təcrübənin keçirilmə planına uyğun olaraq tələbələri qaramal və qoyun saxlanılan binalar, sağım sexi, yem tədarükü məntəqəsi, laboratoriya heyvanları şöbəsi ilə tanış ediblər.

 

İlk öncə klinik müayinə və laboratoriya dərslərində iştirak edən tələbələrə “Cərrahiyyə” kafedrasının professoru İsa Özaydın xəstə heyvanların qəbulu, qeydiyyatı, onların təsbiti, müayinə üsulları, qan və digər analizlərin götürülməsi qaydaları haqqında məlumat verib. Sonra  cərrahiyə praktikasında istifadə olunan müxtəlif  növ tikiş üsulları haqda danışıb.  

 

“Yoluxmayan daxili xəstəliklər” kafedrasında tələbələrə laboratoriya avadanlıqları və heyvanları ilə tanışlıq, vakuum şprislər vasitəsi ilə heyvanlardan qan alınması və sonradan onun sentrifuqada fırladılaraq fraksiyalara bölünməsi, heyvanlara müxtəlif  üsullarla dəman maddələrinin yeridilməsi  texnikası və s. öyrədilib.

 



24.07.2018 | 17:41