Rəqabətli ali təhsilə doğru

Yanvarın 12-də  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icra vəziyyətinə dair məlumat sessiyası təşkil olunub. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə keçirilən sessiyada 2019-2023-cü illər Dövlət Proqramının icra istiqamətləri, bu vaxta qədər görülmüş işlər və perspektivlər barədə məlumatlar verilib.  Sessiyada iştirak edən təhsil nazirinin müşaviri Nicat Məmmədli Dövlət Proqramı çərçivəsində həyata keçirilən beynəlxaq ikili diplom proqramları barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2018-ci ilin noyabrında  ölkə başçısı tərəfindən imzalanmış sərəncamla təsdiq olunmuş Dövlət Proqramı  çərçivəsində  2019-cu ildən başlayaraq 2 istiqaməti - həm xaricdə doktorantura  təhsil proqramı, həm də Azərbaycanın ali təhsil müəssisələri və dünyanın nüfuzlu universitetləri arasında beynəlxalq ikili diplom proqramlarının təsis olunması üzrə bir sıra işlər həyata keçirilmişdir.

 

İlkin olaraq 2020-ci ilin yanvarından  iki il ərzində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və insan kapitalının inkişafı”,  eyni zamanda ADA Universiteti ilə Corc Vaşinqton Universiteti  arasında “Kompüter elmləri və verilənlərin təhlili” ixtisasları istiqamətləri üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramlarına qəbul həyata keçirilib. Bundan əlavə, Dövlət Proqramı çərçivəsində daha 2 bakalavr proqramı da təsis olunub. Bunlardan biri  Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin 4 mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə başlanılıb. Artıq sözügedən proqrama ikinci qəbul həyata keçirilib. Bu proqram sahəsində kifayət qədər ciddi uğurlar var. Proqramda təhsilin son ilinin İnha Universitetində keçirilməsi nəzərdə tutulub. Bu proqramlar ingilis dilində həyata keçirilir. Artıq ötən ildən Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin 4  “aqrar elmlər” ixtisası istiqaməti üzrə də bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı  həyata keçirilməkdədir. Bu proqram çərçivəsində tələbələr  təhsilin 3 ilini Azərbaycanda, qalan bir ilini isə Ege Universitetində alacaqlar.

 

“Bu proqramların icrası sayəsində bizim kifayət qədər yaxşı təcrübəmiz formalaşıb. Biz hazırda Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan digər 5-ci proqramın təsis olunması istiqamətində işləyirik və ümid edirəm ki,  sentyabrda növbəti qəbul prosesində daha bir ikili diplom proqramına tələbələrimizi qəbul edə biləcəyik. Böyük ehtimalla bu da magistratura səviyyəsi üzrə diplom proqramı olacaq”. N.Məmmədli ümid etdiyini bildirib ki, “ən yaxın zamanlarda bu sahədə də bizim uğurlarımız olacaq. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, qazanılmış yaxşı  təcrübə əldə olunmuş təcrübələrimizi daha da genişləndirməyə imkan verir”. N.Məmmədli sessiyada daha bir yenilik barədə məlumat verərək qeyd  edib ki, cənab Prezidentin imzaladığı son sərəncama uyğun olaraq 5 proqramın həyata keçirilməsi nəzərdə tutulub. “Hazırda düşüncələr ondan ibarətdir ki, bu proqramların sayını bacardığımız qədər artıraq. Yeni xarici universitetlərlə yeni ixtisasları təhsilimizə gətirək. Bu təhsil proqramları Azərbaycan təhsilinin səviyyəsini artırmaq, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq, eyni zamanda da əmək bazarı üçün yaxşı kadrlar hazırlamaq, xüsusilə magistratura sahəsində təhsil alan tələbələrimizin, eyni zamanda əmək bazarında işləyən gənclərin Azərbaycan ali təhsilinə yenidən töhfə verməsi istiqamətində atılan addımlardandır. Ümid edirik ki, gələcəkdə bu proqramlarımız Azərbaycanın həm əmək bazarının, həm də ali təhsilimizin beynəlxalq rəqabətliliyinin artırılması  üçün yaxşı töhfə olacaq”.

 

 

Tədris və tədqiqata önəmli töhfə

 

C.Valehov əlavə edib ki, Dövlət Proqramı həm də xaricdə doktorantura təhsilini aktual edir. Bu sahədə də bizim kifayət qədər, ən azından son 2 il ərzində görülən işlər vardır. 

 

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov məhz bu istiqamət, xaricdə doktorantura təhsili barədə məlumat verib. O, qeyd edib ki, doktorantura təhsili 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilən təhsil səviyyəsi idi. Bununla yanaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP ) çərcivəsində də doktorantura təhsil səviyyəsinə yer ayrılır. Bu proqramın özəlliyi ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması kontekstində, ali təhsil müəssisələrimizin doktorantura təhsilinə cəlb olunmasından, tədris və tədqiqata cəlb olunacaq vətəndaşlarımıza  dünyanın ən nüfuzlu reytinqlərində (Times, Şanxay) 500-lüklərdə olan universitetlərdə təhsil almaq imkanının yaradılmasıdır.  “Sevindirici hal ondan ibarətdir ki, son iki ilə yaxın vaxt ərzində aparılan işlər nəticəsində 20 ölkənin reytinqlərdə 500-lükdə təmsil olunan 62 universitetində təhsil almaq hüququ, təqaüdü qazanan 127 vətəndaşımız var. Məhz bu vətəndaşlarımız eyni zamanda bu proqramdan yararlanan yerli ali təhsil müəssisəsinə bağlılığı da göstərir. Başqa sözlə, hər bir təqaüdçümüz eyni zamanda ixtisası üzrə yerli ali təhsil müəssisəsində əlaqəsini göstərən razılıq məktubunu imzalayır.  Bu  təhsil müəssisələrinin tədris və tədqiqatyönlü  göstəricisi həmin ali təhsil müəssisələrində olan, yəni doktorantura səviyyəsinə malik və bu pillədə akademik karyerada irəliyə gedən şəxslərdir. Bu mənada, düşünürük ki, bu proqramın verdiyi ən böyük töhfə yerli ali təhsil müəssisələrində tədris və tədqiqata önəmli bir töhfə verəcək insan kapitalının formalaşmasıdır”. T.Əhmədov əlavə edib ki, bu proqram prioritet ixtisas istiqamətlərini əhatə edir. Bu istiqamətlər, eləcə də proqram barədə təfərrüatlı məlumatları proqramın dp.edu.az səhifəsi üzərindən əldə etmək olar.

 

“Doktorantura təhsili üzrə növbəti qəbula hazırlaşırıq”

 

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova doktorantura təhsil proqramının icrası sahəsində məlumat verib, proqrama qəbul şərtləri barədə danışıb. Qeyd edilib ki, biz hazırda xaricdə doktorantura təhsili üzrə növbəti qəbula hazırlaşırıq. Proqrama qəbulun ildə iki dəfə həyata keçirildiyini deyən T.Topalova əlavə edib ki, növbəti qəbul fevral ayında elan olunacaq. Bu baxımdan da həftədə bir dəfə proqrama qəbul üzrə məlumatlandırma sessiyaları təşkli olunur.

 

Bildirilib ki, məqsəd daha çox məlumatın potensial namizədlərə çatdırılması, əlçatanlığın təmin olunmasıdır. “Bizim əsas qəbul şərtləri sırasında dünyanın ən yaxşı universitetlərinin reytinqlərinin ilk 500-lüyündə olan ali təhsil müəssisələrindən əldə olunan qəbul sənədinin mütləq təqdim olunmasıdır. Eyni zamanda namizədlər Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, ölkənin iqtisadi inkişafı üçün önəmli olan müəyyən olunmuş 7 prioritet ixtisası seçməlidirlər. Proqrama qəbulda 3-cü tərəf olaraq razılıq ərizəsi əldə olunmaqla yerli tərəfdaş ali təhsil müəssisələri çıxış edir. Namizədlər yerli ali təhsil müəssisələrindən razılıq məktubu təqdim etməlidirlər”.

 

T.Topalova əlavə edib ki, ölkənin 18 ali təhsil müəssisəsi tərəfdaş ali məktəb qismində aktiv şəkildə prosesdə iştirak edir. Proqrama qəbul fevral ayında başlasa da, artıq müraciətlər var. 

 

Qeyd olunub ki, artıq həm doktorantura təhsilində xaricdə təhsil alan azərbaycanlılar, həm də yeni namizədlər proqrama müraciət edə bilər. Və müraciət elektron şəkildə, proqramın veb səhifəsində “şəxsi kabinet” yaratmaqla həyata keçirilir. T.Topalova əlavə edib ki, namizədlər üçün qeyd olunan qaydalar mütləqdir. Sənədlər ilkin ekspertizadan keçirilir. Daha sonra namizədlər ekspertlərin iştirakı ilə müsahibə mərhələsinə dəvət olunurlar. “Bu mərhələdə 3 məqam xüsusilə qeyd edilməlidir. Onların elmi tədqiqat bacarıqları, məntiqi mühakimə yürütmə qabiliyyətləri və eyni zamanda kommunikasiya bacarıqları qiymətləndirilir. Hər 3 şərti ödəyən və ekspertlərin müsbət rəyini əldə edənlər hesablanmış keçid balı əsasında proqrama qəbul olunurlar. Proqrama qəbul olunan hər bir doktorantla  şərti müqavilə imzalanır”.

 

T.Topalova qeyd edib ki, əsas məqsəd ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliliyinin artırılmasıdır və bu istiqamətdə bizim doktorantlar həm təhsil dövründə, həm də təhsillərini başa vurduqdan sonra yerli ali təhsil müəssisələrində çalışaraq öz töhfələrini verməlidirlər.

 

Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanan sessiyada istifadəçilərin proqrama qəbulla bağlı çoxsaylı sualları cavablandırılıb.

 

Oruc MUSTAFAYEV

 



14.01.2022 | 09:06