İnklüziv təhsilin xoş məramı

Əslində təhsil həyatımıza daxil olduğu elə ilk gündən  gələcəyimizin müəyyənləşdirilməsində əsaslı rol oynayır. Və təhsilin həyatımızın ayrılmaz bir hissəsi olmaqla bizim hərtərəfli biliyə malik bir bir şəxs kimi formalaşmağımızda rolu danılmazdır. Ölkəmizdə istənilən şəxsin təhsil alması üçün əlverişli imkanlar və şərait yaradılıb. Uğurla həyata keçirilən təhsil siyasətinin başlıca vəzifələrindən biri də hər bir insanın yüksək təhsilə, mükəmməl biliyə yiyələnməsidir. Bəli, təhsil hamı üçündür. Elə son illər Azərbaycanda  tətbiq edilən inklüziv  təhsilin də xoş məramı məhz  budur: Birlikdə təhsil almaq. Fikrimizi bir qədər konkretləşdirsək, hər kəs üçün bərabər təhsil hazırda daha əlçatan və arzuolunandır.

 

İnklüziv təhsil nədir? İnklüziv təhsil - ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir. İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyaclarının olmasını qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib.

 

İnklüziv təhsil habelə xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsil sistemində, yerli icmalarda xüsusi dəstək xidmətləri göstərilməklə yaşıdları ilə birlikdə oynamalarına, təhsil almalarına, inkişaf etmələrinə imkan və şərait yaradır.

 

İnklüziv təhsilin üstünlüklərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla sağlam uşaqların bir yerdə təhsil almasıdır ki, bu da sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafına və özgüvəninin artmasına səbəb olur. Məhz belə uşaqlar sağlam həmyaşıdlarının təhsildəki nailiyyətlərini eyni ilə təkrarlamağa, onlar kimi olmağa səy göstərirlər. Belə bir təhsil mühitində formalaşan uşaqlar özlərini yararsız, köməksiz saymır, əksinə, kollektivə mümkün olduğu qədər adaptasiya olunaraq bir fərd, cəmiyyətdə gərəkli insan olduqlarına inanırlar. 

 

Bir sözlə, inklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir  ki, bu da cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.

 

Ölkəmizdə inklüziv təhsillə bağlı reallaşdırılan tədbirlər

 

Azərbaycanda “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilib.

 

Dövlət başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da məhz  sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsində və onların təhsili üçün maneəsiz mühit yaradılmasında geniş imkanlar yaratmaqdadır.

 

Təhsil Nazirliyinin  son illər həyata keçirdiyi ən uğurlu işlərdən biri də məhz inklüziv təhsillə bağlı olub. Belə ki, qurumun BMT-nin Uşaq Fondu (UNICEF) ilə  birgə əməkdaşlığı çərçivəsində, eləcə də Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf “ İctimai Birliyi (RİİB) tərəfindən bir sıra layihələr  həyata keçirilib.

 

İnklüziv sinif təşkil edilən məktəblərin şəbəkəsi genişləndirilir

 

“İnklüziv sinif  təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” barədə təhsil naziri Emin Əmrullayevin 2 iyul 2021-ci il tarixli əmrinə müvafiq olaraq artıq növbəti tədbirlərin reallaşdırılmasına start verilib. Əmrdə qeyd olunduğu kimi, 2021-2022-ci tədris ilində Bakı şəhəri 246 nömrəli və Quba şəhəri 2 nömrəli məktəb-liseylərdə, Gəncə şəhəri 39, Sumqayıt şəhəri 4 və 21, Şirvan şəhəri 10, Qazax şəhəri 2 və Şəki şəhəri 12 nömrəli tam orta məktəblərdə inklüziv siniflər təşkil edilib.

 

7 regionun  8 ümumi təhsil müəssisəsini əhatə edən tam fərqli təhsil mühiti Təhsil Nazirliyinin BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində reallaşdırılır. Müəyyən olunmuş məktəblərlə işin təşkili və koordinasiyasını Təhsil İnstitutu icra edir.

 

Layihənin koordinatoru  Həbibə Nəzirova bizimlə söhbət zamanı bildirdi ki,  “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsinin icrasına 2021-ci ilin iyul ayında başlanılıb. 8 məktəbdə  əlilliyi olan 16 uşaq inklüziv təhsilə cəlb olunub.

 

Layihənin məqsədinin inklüziv sinif  təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək və inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialını artırmaq olduğunu söyləyən həmsöhbətimiz  bununla bağlı davamlı olaraq  müəyyən işlərin görüldüyünü qeyd edib: “İndiyə qədər bir sıra tədbirlər həyata keçirilib. Bura təlimlər, görüşlər, mentorluq, monitorinqlər, Fərdi Təlim Planı (FTP) üzrə dəstək, sosial çarxın və metodik vəsaitin hazırlanması daxildir. İnklüziv təhsil tətbiq olunan şəhər və bölgələrin psixoloji-tibbi-pedaqoji komissiyalarına və seçilmiş məktəblərin heyətinə “İnklüziv təhsil” və “İnklüziv sinifdə təlimin təşkili” mövzularında təlimlər keçirilib. Bundan əlavə, məktəblərin pedaqoji heyəti, inklüziv təhsil təşkil olunan siniflərin şagirdləri və onların valideynləri ilə “İnklüziya mədəniyyətinin formalaşdırılması”na həsr edilən görüşlər keçirilib”.

 

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün keyfiyyətli təhsil

 

Təlim və görüşlərdə inklüzivlik, inklüziv təhsilin mahiyyəti, onun əhəmiyyəti və hüquqi bazası, əlilliyin tibbi və sosial modeli, əlilliklə bağlı düzgün terminologiya haqqında məlumatlar  verilib. Tədbirlərdə  həmçinin məktəb heyətinin və valideynlərin inklüziv təhsildə rolu, müxtəlifliyə tolerantlıq mövzusuna toxunulub,  eyni zamanda interaktiv məşğələlər də təşkil edilib. İnklüziv siniflərə cəlb edilən əlilliyi olan 16 uşaq üçün keyfiyyətli təhsil təmin etmək məqsədilə müəllimlərə, korreksiyaedici pedaqoqlara, psixoloqlar və məktəb rəhbərliyinə mentorlar tərəfindən dəstək göstərilib.

 

H.Nəzirovanın sözlərinə görə, mentorluq çərçivəsində diqqətdə saxlanılan əsas mövzulardan biri Fərdi Təlim Planının tərtibi və düzgün həyata keçirilməsi olmuşdur: “İcra olunan fəaliyyətləri müşahidə, müvafiq və zamanlı düzəlişlər etmək üçün seçilmiş 8 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb. Monitorinqlərin və mentorluq dəstəyinin cari tədris ili ərzində davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub”.

 

Videoçarx və metodik vəsait 

 

Layihə çərçivəsində reallaşdırılan işlərdən biri də inklüziv təhsilin akademik və sosial-psixoloji baxımdan əhəmiyyətini, onun əlilliyi olan və olmayan şagirdlər üçün müsbət cəhətlərini müzakirə, fərqliliyə hörmətlə yanaşmağı və müxtəlifliyi dəyərləndirməyi təbliğ edən maarifləndirici videoçarxın hazırlanması olmuşdur ki, bu da  ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bundan başqa, ibtidai sinif müəllimlərinə metodiki dəstək məqsədilə “Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində inklüziv təlimin təşkili” adlı metodik vəsait hazırlanıb. Vəsait  müəllimlərin inklüziv siniflərdə  öz fəaliyyətlərini daha səmərəli qurmasına imkan verəcəkdir.

 

Daha çox uşağın inklüziv təhsilə cəlb olunmaq imkanı

 

Layihənin əhəmiyyətinə toxunan  Həbibə Nəzirova inklüziv təhsilin tətbiq edildiyi ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişlənməsi ilə ölkəmizin  paytaxt  və bölgələrində  əlilliyi olan daha çox uşağın  inklüziv təhsilə cəlb olunmaq imkanı əldə etdiyini bildirir.Əlilliyi olan uşaqların ehtiyaclarına uyğunlaşdırılmış məktəblərdə şagirdlərin keyfiyyətli təhsil hüququ bərpa edilir. Əlilliyi olmayan şagirdlər və onların valideynləri ilə keçirilən görüşlər isə inklüziya mədəniyyətinin formalaşdırılmasını təşviq edir: “İctimaiyyətə təqdim olunan inklüziv təhsillə bağlı hazırlanmış videoçarxa baxanda bir daha görürük ki, belə bir təhsil mühitinin  əlilliyi olan və əlilliyi olmayan şagirdlər üçün akademik və sosial baxımdan müsbət cəhətləri vardır”.

 

Layihə çərçivəsində keçirilən təlimlər  nəticəsində ümumi təhsil müəssisələrində kadrların inklüziv təhsil sahəsində kompetensiyaları da yüksəlir.

 

Həmsöhbətimiz onu da qeyd edir ki, ümumilikdə, layihənin məqsəd və fəaliyyətləri həm dövlətin, həm də BMT-nin Uşaq Fondunun (UNICEF) inklüziv təhsil istiqamətindəki strategiya və yanaşmalara uyğundur: “Belə ki, UNICEF inklüziv təhsili cinsi, etnik, dini və mədəni mənşəyindən, yoxsul və ya zəngin olmasından, əlilliyi olub-olmamasından asılı olmayaraq, hər bir uşağın yaxınlıqdakı ümumtəhsil məktəbində təhsilə cəlb edilməsi kimi tərif edir”.

 

Layihənin birinci mərhələsi  2021-ci ilin dekabr ayında bitsə də  adıçəkilən ümumi təhsil müəssisələrinin davamlı dəstəyə ehtiyacı vardır. Bu  səbəbdən layihənin ikinci mərhələsi ilə bağlı hazırda müzakirələr aparılır.

 

Valideynlərin arzularını reallaşdıran təhsil 

 

“Övladım sağlam uşaqların oxuduğu məktəbdə və onlarla eyni sinifdə təhsil alır...”. Bu, sağlamlıq imkanları məhdud olan neçə-neçə uşağın valideynlərinin öz övladının təhsil aldığı ümumi təhsil müəssisəsi ilə bağlı son illər sevinclə qeyd etdiyi ilk cümləsidir. Elə, inklüziv təhsil məhz belə valideynlərin arzularını reallaşdıran təhsildir. 

 

Samirə KƏRİMOVA

 



14.01.2022 | 09:43