Müasir çağırışlar və təhsil

Məlum olduğu kimi, “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində dəstəklənən 9 layihənin icrasına başlanılıb.   Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki universitetlərdə, paytaxt Bakı ilə yanaşı, Lənkəran, Mingəçevir və Naxçıvandan, təyin olunmuş prioritet üç istiqamət - Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin beynəlxalq akademik mobilliyinin (xaricdən Azərbaycana və əksinə) təmin edilməsi; Təhsil müəssisələrinin elmi potensialının artırılması və elmi tədqiqat platformalarının istifadəsinin təmin edilməsi; İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi kateqoriyaları üzrə 9 layihə həyata keçirilir.  

 

“Naxçıvan” Universiteti “İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi” kateqoriyasında ““İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi ilə 68800 manat qrant qazanıb. Layihə çərçivəsində nəzəri və praktiki təlimlər nəticəsində seçilmiş 10 müəllimlə Türkiyənin Orta Şərq Texniki Universitetində (OŞTU-də) “İnsan-Kompüter Qarşılıqlı Əlaqələri” laboratoriyası ziyarət ediləcək və Türkiyədə bir çox ali məktəbdə əsas dərs vəsaiti olan professor Kürşat Çağıltayın “Teoriden Pratiğe. İnsan - Bilgisayar Etkileşimi ve Kullanılabilirik Mühendisliği” kitabı mütəxəssislər tərəfindən Azərbaycan dilinə tərcümə və 1000 nüsxə Azərbaycan ali məktəblərinə hədiyyə olunacaq.

 

Layihənin məqsədi, müasir çağırışlardan yola çıxaraq “İnsan-Kompüter İnterfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək, fənnin tədris proqramını və dərs kitabını hazırlamaqdır.

 

Türkiyənin Orta Şərq Texniki Universitetində (www.odtu.edu.tr) professor Kürşat Çağıltayın rəhbərliyi ilə TUBİTAK layihəsi üzrə ilk  “İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi” laboratoriyası 2005-ci ildə qurulub. Layihəmiz ilkin mərhələdə mütəxəssis hazırlığı, eyni zamanda akademik mobillik vasitəsilə laboratoriyanın işi ilə yaxından tanış olmaq və yenilikləri ölkəmizə gətirmək məqsədi daşıyır.

 

“İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi” interaktiv texnologiyaların dizaynı, qiymətləndirilməsi və tətbiqi ilə məşğul olan fənlərarası, eləcə də erqonomika, qrafik və sənaye dizaynı, sosiologiya, antropologiya və təhsil elmləri, insan davranışı, psixologiya, idrak elmləri, kompüter texnologiyaları və proqram mühəndisliyi kimi sahələrlə əlaqəli bir tədqiqat sahəsidir.

 

İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (Human Computer Interaction-HCI) sistemi dörd əsas komponentdən ibarətdir: istifadəçi (user), tapşırıq (task), alət/interfeys (tool), kontekst (context). İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi tədqiqatlarında istifadəçilərin istifadə etdiyi alətlərlə müəyyən tapşırıqları yerinə yetirərkən əldə edilən müşahidə nəticələri, vərdişlər və s. təsirlərlə birlikdə qiymətləndirilir və bu məlumatlar interaktiv sistemlərin işlənib hazırlanmasında istifadə olunur.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq olunub. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində isə dünya liderləri tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə minib. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir.

 

Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cüsü - Keyfiyyətli təhsil: “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək” bizə müasir çağırışları düzgün başa düşməyə kömək edir. Müasir çağırışlara cavab olaraq “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli qərarı ilə 2020-ci tədris ilindən mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.Yeni təsnifat əsasında yaradılan ixtisasların 70 faizi Avropada qəbul olunmuş ixtisaslardır.

 

Multidisiplinar sahə olan “İnsan-Kompüter İnterfeysləri” fənni son illərdə həm tədqiqat mövzusu, həm də ali təhsil proqramlarına əlavə olunub. Az sayda ədəbiyyat və dərs materialları olması ilə yanaşı, sahə üzrə məhdud sayda  mütəxəssis  var.  İqtisadi problemlərlə yanaşı, sosial problemlərin həllində də “İnsan-Kompüter Əlaqəsi” əhəmiyyət kəsb edir: belə ki, dünyada kişilərin 8%, qadınların isə 0,5% daltonikdir (2018).

 

Daltonizm xəstəliyi olan istifadəçilərin informasiya texnologiyalarından istifadəsi hansı səviyyədədir?

 

Marketinq məqsədilə EyeTracker (Göz izləmə) proqramından istifadə edərək, marketinq strategiyasının qurulması bu sahənin tədqiqat predmetlərindəndir.

 

İnanırıq ki, layihə çərçivəsində xüsusilə ali təhsil müəssisələrində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi sahə üzrə kadr potensialını gücləndirəcək və texnologiya istifadəçilərinin sayı artacaq.

 

Şamil HÜMBƏTOV,

“Naxçıvan” Universitetinin baş müəllimi, “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qalibi

 



14.01.2022 | 17:37