Azərbaycanın hərbi quruculuq siyasəti davamlı olacaq

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən həftə yerli televiziya kanallarına geniş müsahibə verdi və həmin müsahibəsində sosial-iqtisadi məsələlərlə yanaşı, Qarabağ, Şərqi Zəngəzur bölgəsi üçün müəyyən olunan siyasətə dair, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin postmüharibə mərhələsi ilə bağlı fikirlərini bölüşdü. 

 

Azərbaycanın bu istiqamətdəki siyasəti nədən ibarətdir?

 

Təbii ki, tam aydın olan və  dəyişməz qalan siyasət ondan ibarətdir ki, həm Ermənistan, həm Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı prosesə start verilməlidir və nəticədə sülh müqaviləsi imzalanmalıdır.

 

Məsələ ondadır ki, Ermənistanın tərəddüdləri, müharibə uğursuzluğundan düşdüyü pessimist durum, reallığı düzgün qiymətləndirə bilməməsi onu belə bir mövqeyə rahatlıqla yaxınlaşdırmır, nəticədə bu proses arzuolunmaz şəkildə uzanır.

 

Bəs, Ermənistan ərazi bütövlüyümüzü tanımaq istəməzsə, ortaya hansı vəziyyət çıxa bilər?

 

Prezident İlham Əliyevin bu ehtimala yanaşmasından belə aydınlıq yarandı ki, Azərbaycanın davranışlarında mütləq adekvatlıq nümayiş etdiriləcək. Yəni, Ermənistan qonşusu Azərbaycanın sərhədlərini tanımaq istəməyəcəksə, ölkəmiz də onların ərazi bütövlüyünü tanımayacaq.

 

Azərbaycanın buna daha çox əsası var, nəinki Ermənistanın. Çünki 1920-ci ildə tarixi torpaqlarımız- Zəngəzur, Göyçə Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi; İrəvan şəhəri 1918-ci ildə Ermənistana verildi. Bu məntiqlə Azərbaycan Ermənistanın ərazi bütövlüyü məsələsində onun ürəyincə olmayan bir mövqe tuta bilər. Amma Azərbaycanın bütün bunlara rəğmən, əvvəldən nümayiş etdirdiyi mövqe bundan ibarətdir ki, ortada sülh olmalı, ölkələr arasında normal əlaqələr yaranmalıdır. Ona görə ki, konfliktlər, separatizm bütün tərəflər üçün ziyanlıdır, bölgənin inkişafına potensial təhlükə doğurur. Azərbaycan bir tərəfdən, bunun üçün bütün siyasi, diplomatik yollarla Ermənistana təsir göstərməyə çalışır, digər tərəfdən müharibəni udan tərəf kimi uzunmüddətli işğalın viran qoyduğu Qarabağ və Şərqi Zəngəzur bölgəsinə dair sosial-iqtisadi prioritetlərini müəyyənləşdirməkdə davam edir.

 

Gəlin baxaq, qısa müddətdə hansı işlər görülüb və görülməkdədir?

 

Bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib və bütün bu yarımstansiyalar ümumi dairəvi şəbəkəyə qoşulub. Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkilib ki, bu, ölkənin necə bir potensiala malik olduğunu, işğaldan azad olunmuş torpaqlarda elektrik təsərrüfatının yaradılması prosesindəki böyük əzmi nümayiş etdirir.

 

Şəhərlərarası yolların inşası işləri sürətlə aparılır. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Məqsəd qışda bu yoldan istifadə zamanı ortaya çıxan çətinlikləri aradan qaldırmaqdır. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlmək mümkün olacaq. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Füzuli-Şuşa yolu, bir ilə çəkilən Zəfər yolu... hətta ikinci yol - magistral yol çəkilir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yollar da çəkilir. Xüsusilə dəmir yolları qeyd olunmalıdır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanılıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilib.

 

Bundan başqa, demək olar ki, Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Tarixi abidələr bərpa edilib. Məktəblərin, xəstəxanaların təməli qoyulub. İnfrastruktur layihələri ilə bərabər, Şuşada yaşayış kompleksinin inşasına start verilib. Zəngilanda Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur. Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzur bölgəsində Azərbaycanın titanik bir fəaliyyəti var!

Əlbəttə, sürətlə aparılan bu işlər, ilk növbədə qaçqınların öz yurdlarına qayıdışını tam təmin etmək üçündür.

 

Lakin bu da var ki, bu qayıdışı ciddi şəkildə əngəlləyən minalar problemini ortadan qaldırmaq o qədər də asan deyil. Bir tərəfdən Ermənistan minalar xəritəsini doğru şəkildə vermir. O biri tərəfdən minaların sayında elə bir fantastik rəqəm var ki, təmizləyib qurtarmaq böyük zaman və fiziki güc tələb edir.

 

Müharibədən sonra 200-ə yaxın mülki və hərbi vətəndaşın ya həlak olması, ya da ciddi yaralanması həqiqətən də kədərli statistikadır, bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin birgə çalışmasına baxmayaraq, insan itkisi qaçılmaz olur. Baş planı hazır olan şəhərlərdə minaların təmizlənməsi sürətlə aparılsa da, digər rayonlarda eyni aktivliklə çalışmaq hələ ki mümkün deyildir. Azərbaycanın daha çox narahatlığı burdadır!

 

Üstəlik, çox çətin şəraitdə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlıda 700 kilometrlik yol çəkilib ki, bu, xidməti yol, hərbi yol, mövqelərə gedən yol, sərhədlərə, yüksək dağlara, təpələrə gedən yoldur və işçi heyətə  müntəzəm atəş açılır. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə hərbi xidmət aparmaq üçün lazımi şərait yaratmaq məcburiyyətindədir. Həmin ərazilərdə xidmət aparmaq üçün müasir infrastruktur qurulmalıdır. Hazırda normal xidmət aparmaq üçün lazımi şərait yaradılıb. Amma necə? Həm ağır qış şərtləri altında, həm də Ermənistanın sərhəddə dayanmayan təxribatları fonunda!

 

Bu təxribatlar o deməkdir ki, Ermənistan İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. O deməkdir ki, Ermənistanda revanşist meyillər azalmır, həm keçmiş hakimiyyət nümayəndələri, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən yenidən hansısa toqquşmalara, gərginliyə maraq güdülür. Müharibədən sonrakı dövr ərzində baş verən ardıcıl hərbi təxribatlar məhz bu mənaya gəlir.

 

Belə olan halda Azərbaycan nə etməlidir?

 

Təbii ki, sərhəddəki hər bir təxribat hərəkətinə yerindəcə cavab verilir. Amma düşmənçilik hissini kənara qoymaq istəməyən bir davranış Azərbaycanı məcbur edir ki, öz hərbi gücünü sabit saxlamaq, daim artırmaq xətti tutsun. Prezident İlham Əliyevin son müsahibəsində bu məqam təsadüfi qabardılmadı. Bəyan edildi ki, hərbi quruculuq məsələləri hər zaman gündəliyimizdə birinci dərəcəli yer tutub və hərbi quruculuq prosesi davamlı şəkildə gedəcək. Yəni, müharibədən əvvəl Azərbaycan dövlət büdcəsini hazırlayarkən ən böyük xərcləri hərbi quruculuq üçün ayırırdısa, qələbə bu siyasəti əsla dəyişmir, bundan sonra da hərbi quruculuq siyasəti davam etdiriləcək. Çünki düşmən düşmənçiliyində davam edir, öz xislətindən əl çəkmirsə, bu, arxayınlaşmamaq məcburiyyəti yaradır  və Azərbaycandan tələb edir ki, ölkənin, vətəndaşının təhlükəsizliyi üçün hərbi potensialını daim yüksək vəziyyətdə saxlasın.    

 

Prezident açıq şəkildə bildirdi ki, müharibə dövründə çoxlu sayda döyüş sursatından istifadə olunub və indi onları bərpa etmək lazımdır. Bağlanmış yeni kontraktlar da bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan gizlətmir ki, həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Yəni, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir.

 

Və xüsusi təyinatlı qüvvələr üzərinə çəkilən diqqət! Məlumdur ki, İkinci Qarabağ müharibəsi dövründə bu qüvvələr özlərini ən yaxşı cəhətdən göstərə bildilər. İndi qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurət kimi irəli sürülür. Azərbaycan haqlı olaraq hesab edir ki, Silahlı Qüvvələrin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə hər zaman düşünülməlidir. İlk növbədə, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhvali-ruhiyyə nəzərə alınaraq...

 

Amma Azərbaycan ümid etmək istəyir ki, onunla Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolunun çəkilişinə rəsmi İrəvanın artıq razılıq verməsi münasibətlərdə müəyyən bir yumşalma yaradacaq, Ermənistan bu gün hələ də qəbul edə bilmədiyi sülh müqaviləsinin imzalanmasına yaxın perspektivdə hazırlıq jestləri nümayiş etdirəcək.

 

V.ALLAHVERDİYEVA

 



17.01.2022 | 13:29