Sağ ol, məktəb!


Bu gün məktəblərdə 84 088 nəfər şagird üçün sonuncu zəng səslənəcək. Ümumi təhsil məktəblərinin IX siniflərində 110638 nəfər, XI siniflərində 84088 nəfər, qiyabi (axşam) ümumi təhsil məktəblərində isə 723 nəfər, ümumilikdə 195449 şagird təhsil aldığını nəzərə alsaq, son zəng 200 minə yaxın şagird üçün çalınacaq.


Bu gün məktəblərdə 84 088 nəfər şagird üçün sonuncu zəng səslənəcək. Ümumi təhsil məktəblərinin IX siniflərində 110638 nəfər, XI siniflərində 84088 nəfər, qiyabi (axşam) ümumi təhsil məktəblərində isə 723 nəfər, ümumilikdə 195449 şagird təhsil aldığını nəzərə alsaq, son zəng 200 minə yaxın şagird üçün çalınacaq.
Ümumiyyətlə, 2016-2017-ci tədris ilində ölkə üzrə 4472 ümumi təhsil müəssisəsində ümumilikdə 1415242 nəfər şagird təhsil alıb. Bu gün onların hamısı məktəblə vidalaşır və daha bir tədris ilini başa vuran məktəblilərin yay tətili başlayır. İstirahətə isə elə-belə getmirlər. Dərslikləri artıq məktəblərə təhvil verdiklərindən çantaları boşalsa da, yaddaşı bir az da ağırlaşan şagirdlər üçün başa çatan tədris ilinin çoxsaylı uğurları, bəzi uğursuzluqları, bol-bol yenilikləri olub. Bəs tətbiq edilən hansı yenilik onların aldığı təhsilin keyfiyyətinə müsbət təsir edib? Uğurlar nədən ibarətdir? Görəsən, ötən tədris ili daha çox nə ilə yadda qalacaq? Suallara cavab tapmaq üçün ötən tədris ilində baş verənlərə nəzər salaq.
Başlayaq ümumi təhsil məktəblərindən. Son bir il təhsilin bu pilləsində mühüm dəyişikliklərlə yadda qalıb. İstər məktəblilərə, istər müəllimlərə, istərsə də məktəbə birbaşa təsir edən həmin islahatlar bəzən birmənalı qarşılanmasa da, bütövlükdə təhsil sisteminin təkmilləşdirilməsində mühüm rol oynayır.

Məktəbəhazırlıq proqramının əhatəliliyində 55 faizlik nəticə

Tətbiq edilən yeni təcrübələrdən sayılan məktəbəhazırlıq təhsil proqramı birmənalı olaraq bütün təhsil ictimaiyyətinin rəğbətini qazanıb. Uşaqların fərdi və akademik nailiyyətlərinin artmasında əhəmiyyəti nəzərə alınaraq bu tədris ilindən proqramın əhatə dairəsi genişləndirilib. 2795 məktəbdə 4410 qrupda 86970 uşaq məktəbəhazırlıq təhsilinə cəlb olunub və nəticədə proqram 5 yaşlı uşaqların yarıdan çoxunu əhatə edib. Bununla da məktəbəhazırlıq proqramının əhatəliliyi 24 faizdən 55 faizə çatıb. Başqa sözlə, 158 min nəfər 5 yaşlı uşaq arasından 38 min nəfəri keçən il məktəbəhazırlıq proqramına cəlb olunmuşdusa, bu il həmin rəqəm 87 min nəfər təşkil edib.
Qeyd edək ki, uşaqların intellektual, fiziki və psixoloji inkişafında, şəxsiyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsidir. Onun inkişafı təhsil siyasətinin strateji istiqamətlərindən biridir. Bu səbəbdən 2015-ci ildə 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı təşkil edilib. Nazirlər Kabinetinin qərarı ilə 2016-2017-ci tədris ilindən başlayaraq, 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunma səviyyəsinin 90 faizə çatdırılmasının təmini üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Layihənin uğurlu olması, ictimaiyyətin proqrama olan marağı və dövlətin məktəbəqədər təhsilə diqqətinin nəticəsi olaraq proqramın xərci üçün keçən il valideynlər tərəfindən ödənilən aylıq məbləğ 2016-cı ildən etibarən dövlət büdcəsindən maliyyələşdirilir.

Birinci sinfə qəbul

Öncəliklə qeyd edək ki, başa vurduğumuz tədris ilində 164033 nəfər şagird I sinfə qəbul edilib və həmin qəbul prosesi ənənədən fərqli aparılıb. Başqa sözlə, daha çox vətəndaş məmnuniyyətinə xidmət edən dəyişikliklərdən biri məhz birinci sinfə qəbulda həyata keçirilib. Ancaq 3 ildən bəri tətbiq edilən həmin yenilik - elektron sənəd qəbulu sistemi məhdud dairədə, sadəcə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində aparılıb.
Əhatə dairəsi genişlənməsə də, bu il mart ayının 15-dən başlayan qəbulun qaydalarında bəzi dəyişikliklər edilib. Məsələn, elektron ərizəni dolduran zaman valideynlər məktəb və təlim dili ilə yanaşı, artıq müəllim seçimini də edə bilirlər. Həmçinin, sənədlər məktəbə təqdim edilən zaman uşaqlar müsahibəyə cəlb olunmurlar. Eyni zamanda, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər (valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır. Belə ki, uşağın həmin məktəbə qəbul edilməsi üçün qeyd olunan prioritetlərdən biri olduqda, bu proses sistem tərəfindən tənzimlənir.
Digər bir yenilik isə lisey və gimnaziyalara qəbulla bağlıdır. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli klassik gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul zamanı ilk növbədə, həmin ümumtəhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Həmin təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilir. Bu da təbii olaraq, həmin ərazidə yaşayanların təhsil hüquqlarının təmin olunması zərurətindən irəli gəlir. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə həmin ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.
İndiyədək I sinfə qəbul üzrə 43 mindən çox uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 95 faizinə yaxın göstəricidir. I sinfə şagird qəbulu prosesinin 6 ay (15 mart-15 sentyabr) davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.
Növbəti, 2017-2018-ci tədris ilinin əvvəlinə ölkə üzrə 164945 nəfərin I siniflərə qəbulu gözlənilir.

Təmayüllü məktəblər şəbəkəsi genişləndirilib

Təmayül siniflərin təşkil olunması layihəsi ötən il 124 məktəbdə, 324 sinifdə təsdiq edilib və 7268 şagirdi əhatə edib.
Qeyd edək ki, təmayülləşmə ümumi orta təhsil səviyyəsini, yəni IX sinfi bitirən şagirdlərin təsnifatı - marağına, potensialına, hər hansı fənn üzrə uğurlu nəticələrinə görə seçilməsidir. İcbari təhsil dövründə bütün fənlər üzrə zəruri minimum biliklərə yiyələnən şagirdlər bundan sonrakı təhsil pilləsində yalnız maraq göstərdikləri fənlər üzrə mövcud biliklərini dərinləşdirəcəklər. Ona görə də növbəti mərhələdə onların istedadı, bilik və bacarıqları əsas götürüləcək.
Hazırda 4 təmayül nəzərdə tutulub: texniki, riyaziyyat- iqtisadiyyat, humanitar və təbiət fənləri. Hər birinin tədris planında 9-10 fənn yer alıb. Şagirdlərə yalnız öz seçdikləri fənlər tədris olunacaq. Bundan başqa, onların meyil və maraqlarına uyğun kurslar da təşkil ediləcək.
Məlumat üçün qeyd edək ki, sözügedən dəyişiklik - təmayülləşmənin tətbiqi 2009-cu ildə təsdiq edilən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb və ondan sonrakı digər sənədlərdə də təsbit olunub. 2013-cü ildə Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da vacib vəzifə kimi qarşıya qoyulub. Qanunun qəbulundan 2 il sonra pilot qaydada 5 məktəbdə tətbiqinə başlanılsa da, sonradan genişləndirilərək indiyədək 182 məktəbdə pilot qaydada həyata keçirilib.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatdı

Tədris ili sadəcə şagirdlər üçün yox, ümumtəhsil müəssisələrində çalışan müəllimlər üçün də bir çox baxımdan həyəcanlı, gərgin, yeniliklərlə zəngin keçib. Belə ki, təhsildə keyfiyyətin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi 2016-2017-ci tədris ilinin ən çox müzakirə olunan məsələlərindən olub. Ölkə ərazisində 2015-ci ildən başlayaraq keçirilən diaqnostik qiymətləndirmə artıq bütün müəllimləri əhatə edib.
Müəllimlərin bilik və bacarıqlarının artırılması tədrisin keyfiyyətinin yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Odur ki, diaqnostik qiymətləndirmə ixtisas və metodika üzrə test formatında həyata keçirilib.
Qiymətləndirmənin nəticələri göstərib ki, əla, yaxşı bal toplayanlarla yanaşı, təkmilləşməyə ehtiyac olan, hətta keçid balından aşağı, minimum bal toplayan müəllimlərin də sayı az deyil.
Aparılan qiymətləndirmə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti “Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncam imzalayıb. Həmin sənədə əsasən, dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Təkcə 2016-cı il ərzində maaşı artırılan 91 min müəllim olub.
Aparılan islahat nəticəsində Bakı şəhəri də daxil olmaqla, ümumilikdə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əməkhaqqı 440 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.

Yerdəyişmə və işə qəbul qaydalarında ciddi dəyişiklik

Daha bir yenilik isə müəllimlərin işə qəbul və yerdəyişməsi qaydalarında müşahidə olunub. 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsinin təsdiq edilən yeni qaydaları bir çox baxımdan əhəmiyyətli sayıla bilər.
“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” adlanan həmin sənəddə bir sıra yeniliklər olub. Məsələn, qaydalarda göstərilib ki, Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsini mərkəzləşdirilmiş müsabiqə yoluyla həyata keçirir.
Qaydalar Azərbaycanda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində dəyişdirməsinə də imkan verir. Bu zaman müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır.
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yeni qaydalarla yerdəyişməsi artıq başa çatıb. Mayın 26-dan başlayan yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə aparılıb və bu yeniliyi iştirakçılar tamamilə razılıqla qarşılayıb.
İşə qəbul qaydalarındakı dəyişiklik isə müəllimlərin işə qəbul üçün verdiyi test imtahanının nəticələrini iki il qüvvədə saxlayır. Belə ki, test imtahan nəticələrinə görə keçid balı toplayan, lakin yerləşdirilməyən müəllimlər növbəti il müsabiqəyə imtahansız qatılacaq.
Bundan başqa, peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş imtahanlarla həyata keçiriləcək. Həmin imtahanlarda iştirak edərək müvafiq keçid balı toplayanlar Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibəyə dəvət olunacaq və müsahibədən keçənlər peşə təhsili müəssisələrində işə götürüləcək. Əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər müsabiqə yolu ilə seçilirdi. Vakansiyalar toplanır, test imtahanında iştirak edənlərin təyinatı verilirdi. Bu il burada da fərqlilik olacaq. Belə ki, peşə təhsili müəssisələrində işə qəbulu 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi aparacaq. Onlar vakansiyalar üzrə müəllimləri test imtahanında keçid bal toplayan namizədlərin arasından seçəcəklər.
Yeniliklərdən biri də müsabiqədənkənar işə qəbul etmək hüququ olan təhsil müəssisələrinin siyahısıdır. Tərtib olunan həmin siyahıda Nazirlik tabeli 10 ümumi təhsil müəssisəsi yer alıb. Onlar müsabiqədənkənar işə qəbul hüququ əldə etsələr də, namizədlərin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırmalıdırlar. Ən yüksək akademik göstəricilərə malik həmin müəssisələrin müəllimlərinin müsabiqədə iştirak etmələrinə ehtiyac olmasa da, həmin müəllimlərin namizədlikləri Təhsil Nazirliyində müvafiq Komissiyada araşdırılacaq.

Müəllim peşəsinin nüfuzu artır

İstər diaqnostik qiymətləndirmə və onun nəticəsində müəllimlərin maaşının artırılması, istərsə də təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən digər islahatlar cəmiyyətdə məktəbin və müəllimin mövqeyini möhkəmləndirib. Belə ki, ötən tədris ilində bu peşənin nüfuzunun getdikcə artdığını göstərən maraqlı faktlar qeydə alınıb. Məsələn, qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını ilk sıralarda seçən abituriyentlərin sayı bu il 977 nəfərə çatıb ki, bu da 2015-ci illə müqayisədə 280 nəfərin artması deməkdir. Qeyd edək ki, bu tendensiya ardıcıl olaraq artıq bir neçə ildir müşahidə olunur.
Oxşar nəticələr müəllimlərin işə qəbulunda da qeydə alınıb. Belə ki, ötən il işə qəbul üçün qeydiyyatdan keçənlərin sayı 34888 nəfərə çatıb. Onlardan 3000-dən çoxu işə götürülüb.

Dərslik siyasətində yeni mərhələ - Ehtiyat dərsliklər

Məktəbdə verilən təhsilin keyfiyyətinə təsir edən amillərdən biri də dərsliklərdir. Xüsusən, internet imkanları olmayan, tədris resursları ilə tam təmin olunmamış məktəb və şagirdlər üçün bu amil xüsusilə önəmlidir. Bunu nəzərə alan Təhsil Nazirliyi dərslik siyasətinə xüsusi diqqət yetirir. Elə 2016-cı ildə 6 milyondan çox dərslik çap edilməsi faktı da bu münasibətin bariz nümunəsidir. Başa vurduğumuz dərs ilində tədris resurslarının paylanılması davam etdirilib. Dövlət və bələdiyyə ümumtəhsil məktəblərində istifadəsi nəzərdə tutulan dərsliklərin ümumi sayı 18.6 milyona yaxın olub ki, bunların 6.2 milyonunu 2016-cı ildə çap edilən dərsliklər təşkil edib.
Tədris resursları sahəsində həyata keçirilən yeni təşəbbüslərdən danışarkən IX siniflər üçün yeni tədris proqramları əsasında 70 adda dərslik və metodik vəsaitlərin hazırlanaraq Azərbaycan və rus bölməsinin şagirdlərinə paylanması qeyd olunmalıdır.
Ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərsliklər və metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilərək çap edilib.
Lakin qeyd etməliyik ki, yeni təhsil proqramlarının tətbiqindən sonra yaradılan uğurlu dərsliklərlə yanaşı, pedaqoji ictimaiyyət tərəfindən uğursuz hesab edilən bəzi dərsliklərə də rast gəlinib. Yeni təhsil proqramları əsasında dərsliklərin yaradılması kifayət qədər zaman tələb etdiyindən bu iş ilbəil, tədricən həyata keçirilib. Odur ki, hər il təhsil müəssisələrinin yeni dərsliklərlə təmin olunması zərurəti ortaya çıxıb. Həmin dərsliklərin hazırlanması, onların qiymətləndirilməsi, lazımi düzəlişlərin edilməsi və çap olunaraq yerlərə paylanması proseslərinin ən geci bir il ərzində tamamlanması tələb olunub. Odur ki, zaman məhdudiyyəti dərsliklərin keyfiyyətini qaldırmaq sahəsində ciddi dəyişikliklər etməkdə çətinlik törədib. Buna baxmayaraq, dərslik siyasəti daim inkişaf etdirilib və dərsliklərin yaradılması qaydaları təkmilləşdirilib. İndi isə keyfiyyətli dərsliklərin yaradılması istiqamətində tamamilə yeni və mühüm mərhələyə start verilib. Belə ki, Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb.
Dərslik hazırlanması sahəsində növbəti təhsil ilində reallaşacağı gözlənilən yeniliklər də var. Belə ki, ölkədə ilk dəfə olaraq xarici dil dərsliklərinin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrin mütəxəssisləri tərəfindən xarici universitetlərdə hazırlanan və universal şəkildə bir çox ölkədə istifadə olunan dərsliklərdən istifadə olunacaq.

Təhsilin keyfiyyəti artıb

Bu il də diqqətdə olan ilk məsələ məhz təhsilin keyfiyyəti olub. Bunun üçün mütəmadi monitorinqlər keçirilib, təhlillər və ortaya çıxan qənaətə əsaslanan islahatlar aparılıb. Belə ki, 2016-cı ildə IX və XI sinif buraxılış imtahanlarında, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanında məqbul qiymət alanların çəkisi artıb. Beləliklə, IX sinifdə son 5 ildə orta hesabla 17, XI sinifdə ötən illə müqayisədə 2 faiz artım qeydə alınıb.
Diqqətçəkən məqamlardan biri də odur ki, bütün ölkə üzrə qeydə alınan həmin artımda həm də əvvəlki ildə uğursuz nəticə göstərən rayonların da payı olub. Hər bir rəqəmin araşdırılması və səbəblərin aradan qaldırılması prinsipi ilə işləyən Təhsil Nazirliyi 2015-ci il IX sinif buraxılış imtahanında aşağı nəticə göstərən rayonlarda müşahidə edilən problemlərin aradan qaldırılması istiqamətində iş aparıb. Həmin fəaliyyətin nəticəsi olaraq 2015-2016-cı tədris ilinin IX sinif buraxılış imtahanında Astarada 22, Ağcabədidə 15, Sabirabadda 14, Masallıda 11, Cəlilabad və Saatlı rayonlarında 9 faizlik artım müşahidə olunub.
Tədqiqatyönümlü fəaliyyət sadəcə buraxılış imtahanları ilə də məhdudlaşmayıb. Təhsilin keyfiyyətinə mənfi təsir edən amilləri tapmağa və onun qarşısını almağa yönəlik araşdırmalardan biri VI sinif şagirdlərini əhatə edib. Bakı şəhərində olan məktəblərdə milli qiymətləndirilmə həyata keçirilib və şagirdlərin biliyinin ölçülməsi ilə yanaşı, müqayisələr aparılıb. Həmin araşdırmada mütləq qiymətləndirmə yanaşması əvəzinə, müqayisəli qiymətləndirmə yanaşması tətbiq edilib. 31678 şagirdin iştirakı ilə həyata keçirilən milli qiymətləndirmənin nəticələri ilə bağlı şagird və valideynlər məlumatlandırılıb.
Qeyd edək ki, artıq ölkəmizdə təhsilin keyfiyyətinin ölçülməsi sadəcə mərkəzləşdirilmiş qaydada xarici qiymətləndirmə əsasında aparılan qiymətləndirmə ilə məhdudlaşmır. Ölkə məktəblilərinə verilən təhsilin keyfiyyətini ölçmək üçün həm də beynəlxalq qiymətləndirmə mexanizmlərindən istifadə olunur. Belə ki, artıq Azərbaycan məktəblərinin də PİRLS qiymətləndirməsində iştirakı təmin edilib. 2016-cı il üzrə 170 ümumi təhsil müəssisəsində PİRLS 2016 beynəlxalq qiymətləndirməsi həyata keçirilib. Tədqiqatın nəticələrinin 2017-ci il ərzində açıqlanması gözlənilir.
Azərbaycan növbəti illərdə PISA (2018) və TİMSS (2019) tədqiqatlarında da iştirak edəcək.
Təhsildə keyfiyyətin artdığını ali məktəblərə qəbulda orta balın artması da sübut edir. Belə ki, ərizə verənlər arasında orta bal 177-dən 207-yə qalxıb.

Buraxılış və qəbul imtahan qaydalarında dəyişikliklər

Bu tədris ilində həm ümumi təhsil müəssisələrinin IX sinfində oxuyan şagirdlərin buraxılış imtahanlarında, həm də qəbul imtahan qaydalarında ciddi dəyişikliklər edilib. Ümumtəhsil məktəblərinin IX sinfində oxuyan şagirdlərin buraxılış imtahanlarında qayda dəyişikliyi yeni tədris proqramları ilə dərs keçən şagirdlərin nəticələrinin yoxlanılması ilə bağlıdır. Belə ki, IX sinifdə oxuyan həmin şagirdlərin bilik və bacarıqlarının ölçülməsi imtahan qaydalarında dəyişiklik tələb edib. Yəni, bu imtahanlar onların məktəbdə özündən əvvəlkilərdən fərqli nə öyrəndiyini müəyyənləşdirməlidir. Həmin tələbi nəzərə alaraq, Nazirlər Kabineti "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları"nı təsdiq edib. Sözügedən qaydalara əsasən, yeni proqramlarla təhsil alan şagirdlərin riyazi bilikləri yoxlanılır. Burada yalnız şagirdin təhsil aldığı dilə görə bəzi fərqlər ortaya çıxır. Məsələn, Azərbaycan dilli bölməsində təhsil alan şagirdlər riyaziyyatla yanaşı, həm də Azərbaycan dilindən, tədris rus dilində aparılan siniflərin şagirdləri isə rus dilindən imtahan verir. Tədris dili Azərbaycan və rus dilindən başqa digər dillərdə olan şagirdlərsə, yalnız riyaziyyatdan imtahan edilir.
Təyin edilmiş qaydalara görə imtahanlar 2 mərhələdə həyata keçirilir. Suallar açıq və qapalı tipli test şəklində tərtib edilir.
Şagird imtahanın birinci mərhələsində təqdim edilən mövzulardan birini seçməklə könüllülük əsasında inşa-esse yazır. İnşa yazının nəticəsi yalnız ümumi orta təhsil haqqında fərqlənmə sənədi tələb edən şagirdlərin qiymətləndirilməsində nəzərə alınır. Yəni, şagirdin fikrini ifadə etmək və bunu yarım saat ərzində yazmaq bacarığı ümumi qiymətləndirməsinə təsir etmir.
Builki buraxılış imtahanlarının daha bir üstünlüyü qiymətləndirmədədir. Qiymətləndirmə artıq 5 ballıq deyil, 100 ballıq şkala ilə aparılır. Bu da qiymətləndirmədə daha böyük imkanlar yaradır.
Aydındır ki, yeni tədris proqramları ilə aparılan tədris prosesi təhsilalanlar üçün yeni keyfiyyət əmsalı formalaşdırıb. Ona görə də həmin keyfiyyət mərhələsindən keçən hazırkı IX sinif şagirdlərinin imkanlarının dəyərləndirilməsi günümüzün ən aktual məsələlərindəndir.
2008-ci ildən tətbiq edilən yeni təhsil proqramları yeni məzmun standartlarına uyğun olaraq 2017-ci il buraxılış imtahanlarında yeni yanaşma tələb edirdi. Məzmun dəyişikliyi məhz həmin standartın tələbidir: artıq yaddaş məktəbindən təfəkkür məktəbinə keçməliyik. Yeni proqramın tətbiqi kifayət qədər mütərəqqi addım idi. Müəllim və şagirdlər tərəfindən nə qədər çətinliklə qəbul edilsə də, əslində, bu, dünyanın tələbidir.
Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik isə Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən həyata keçirilib. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən qayda dəyişikliyi ilə abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə (V ixtisas qrupu istisna olmaqla) eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilib.
Nəzərdə tutulan iki imtahandan biri artıq gerçəkləşdirilib. Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə aprelin 30-da və mayın 7-də qəbul imtahanları keçirib. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 65673 abituriyent sənəd verib. Həmin abituriyentlərin 50623-ü bu, 15050 abituriyent isə əvvəlki illərin məzunları olub. Həm əvvəlki illərin məzunları, həm də builki məzunlar ikinci imtahanda da iştirak edə biləcəklər.
Bütün imtahanlar yekunlaşdıqdan sonra ixtisas seçimi aparılacaq və həmin mərhələyə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılacaq.
Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupuna daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaq. Abituriyent eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etsə də, müsabiqəyə yalnız bir imtahanın nəticələri ilə qatılacaq. Hansı imtahanın nəticəsi ilə iştirak edəcəyinə də abituriyent özü qərar verəcək.

Ali məktəblərdə müsbət tendensiyalar

Yeniliklər sadəcə ümumi təhsil pilləsi və sonrakı pilləyə keçid sayılan qəbul imtahanı qaydalarında deyil, elə ali təhsil pilləsində də kifayət qədərdir.
Burada da hər gün dəyişən tələblərlə ayaqlaşmaq üçün dəyişikliklər zəruridir. Odur ki, ali təhsil pilləsinin standartlarından tutmuş ali məktəblərin idarəetməsinə qədər bütün sahələrdə dəyişiklik nəzərə çarpıb.
2016-cı ildən Azərbaycanda ali təhsil müəssisələrinin sırasına biri də qatılıb. Belə ki, bu tədris ilindən UFAZ - Fransa-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində yaradılan universitet 4 ixtisas üzrə kadr hazırlığı aparır. Tədrisi ingilis dilində aparılan həmin universitetin məzunları ikili diplom alacaqlar. Hazırda universitetdə 120 nəfəri dövlət sifarişli, 23 nəfəri isə ödənişli əsaslarla olmaqla, 143 tələbə təhsil alır.
Təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin gücləndirilməsi məqsədi ilə “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq davam etdirilib. Nəticədə Azərbaycan təhsil müəssisələrinin müəllim və tələbələrinin impakt faktorlu jurnallarda nəşr olunan elmi məqalələrinin sayı 40 faiz artıb.

Peşə təhsilinin önəmi artır

Hər zaman ali təhsilin kölgəsində qalan peşə təhsilinə də münasibət dəyişib. Başa çatan dərs ilinin ən mühüm yeniliklərindən biri - Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması peşə təhsilinin əhəmiyyətini artıracaq. Qurum ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılıb.
Bu il ilk dəfə olaraq “ASAN Peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu həyata keçirilib. İlk peşə-ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsi, inkişafı və təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı bir sıra beynəlxalq əlaqələr qurulub, layihələr icra olunub. Bundan başqa, 9 saylı Bakı Peşə Liseyinin bazasında İT STEP Academy yaradılıb.

Layihələr özünü doğruldur

Bu dərs ilində də ali və orta təhsil müəssisələrində maraqlı layihələr həyata keçirilib. Onların arasında əvvəlki illərdə başlayıb 2016-2017-ci tədris ilində genişləndirilənlər də var, məhz bu ildən start götürən və elə bir neçə ay içində təhsil ictimaiyyətinin rəğbətini qazananlar da.

Cəmiyyət sağlam insan, vətəndaş qazanacaq

2016-cı ildə də davam edən “Sağlam Təhsil-Sağlam Millət” layihəsi sağlam nəsil yetişdirilməsi baxımından çox əhəmiyyətlidir. Layihə məktəblərdə sağlamlıq mərkəzlərinin açılması, imkansız ailələrin uşaqlarının həmin mərkəzlərdə vaxtaşırı müayinədən keçirilməsi, sinif kurikulumları planlaşdırılarkən sağlam həyat tərzini təbliğ edən mövzulara geniş yer verilməsi, siniflərin tərtibat və təchizatında dəyişiklik etməklə yanaşı, oturacaqlı masaların hündür masalarla əvəz edilməsini nəzərdə tutub. Bundan başqa, təlim yükünün minimuma endirilməsi, uşaqların psixoloji təzyiqlərdən qorunması da vacib sayılan məsələlərdəndir.
Məlumat üçün qeyd edək ki, sağlam təhsil texnologiyalarının iki modeli işlənib. Sadələşdirilmiş birinci modeldə həm tibbi-gigiyenik, psixoloji tövsiyə və təlimatlara, həm də üç mərhələli, həkkolma, əl işi, nitq quruculuğu əlaqələndirmə tipli inteqrativ təlim texnologiyasına əsaslanan təlim, ikinci əsas modeldə isə həm tibbi-gigiyenik, psixoloji tövsiyə, həm də birləşdirmə tipli təlim təşkli edilir.
Layihəyə 2016-cı ildə cəlb olunan şagirdlərin sayı artırılıb. Belə ki, 2014-cü ildə 15 sinif üzrə 276, 2015-ci ildə 67 sinif üzrə 1472 və ötən il 116 sinif üzrə 2548 şagird iştirak edib.
Mütəxəssislər hesab edir ki, məktəblərdə sağlam təhsil siniflərinin açılması mövcud vəziyyəti yaxşı mənada dəyişəcək. Nəticədə təkcə ailələr və şagirdlər deyil, bütövlükdə cəmiyyət sağlam insan, vətəndaş qazanacaq.

Sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə tədris

“Məktəblinin dostu” layihəsi bu ildən start götürsə də, bir neçə ayın içində kifayət qədər böyük nüfuz qazanıb. Hazırda layihə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 30 ümumi təhsil müəssisəsində pilot olaraq həyata keçirilir. Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı layihənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasıdır.

İnklüziv təhsilin əhatəliliyi

2016-cı ildə xüsusi təhsil sistemində interaktiv proseslər həyata keçirilib, xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialının inkişafı sahəsində inklüziv təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. Belə ki, əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunması məqsədi ilə pilot məktəblərin sayı artırılıb. Hazırda I və II siniflər üzrə 24 uşaq pilot məktəblərdə inklüziv təhsilə cəlb edilib. May-sentyabr aylarında ümumilikdə 87 uşaq qiymətləndirilərək 15-i ümumtəhsil, 56-sı xüsusi təhsil məktəblərinə, 16-sı isə inklüziv məktəblərə cəlb olunub.
2016-2017-ci tədris ilində müəllimlərin xüsusi təhsil sahəsində təcrübəsi olmadığından yalnız yüngül intellektual, psixi pozuntusu, fiziki, yaxud sensor məhdudiyyəti olan 16 nəfər sağlamlıq imkanları məhdud uşaq hədəf məktəblərə cəlb olunub.
Növbəti tədris ilində tədricən orta və ağır məhdudiyyətləri olan uşaqların inklüziv təhsilə cəlb olunmasına dair layihələr tətbiq ediləcək. Hazırda hər hədəf məktəbdə 2 inklüziv sinif təşkil edilərək 2 sağlamlıq imkanları məhdud uşaq və 18 tipik uşaq olmaqla 20 nəfərdən ibarət komplektləşdirilib. Bu ilin mart ayında rayonlar üzrə məktəblərin qiymətləndirilməsi həyata keçirilib və Sabunçu rayonu üzrə 252 nömrəli məktəb-lisey və Nərimanov rayonu üzrə 202 nömrəli məktəb-lisey tələb olunan meyarlara uyğun gəldiyindən yeni hədəf məktəblər olaraq seçilib.

Ali təhsil almaqda bərabər imkanlar yaradır

Ali təhsil pilləsində təhsilin və təhsilalanın vəziyyətinin yaxşılaşdırılmasına, bərabər təhsil imkanları və keyfiyyətli təhsilin təmin edilməsinə xidmət edən maraqlı ideyalar reallaşdırılmaqdadır. Məsələn, 2016-2017-ci tədris ilində Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Maarifçi” Tələbə Kredit Fondu qarşılaşdığı bəzi maneələrə baxmayaraq, təhsil ictimaiyyətinin diqqətini çəkə bilib. Əsas məqsədi aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanlar yaratmaqdır. 14 universitetdən 100-dən çox tələbənin yararlandığı kredit təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olanlara verilir.

SABAH qrupları

Artıq 3 tədris ilidir ki, fəaliyyət göstərən SABAH qrupları 2016-2017-ci tədris ilinə ilk 722 məzunu üçün düzənlədiyi məzun günü tədbiri ilə yekun vurub.
Əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olan SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir.
SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinə şərait yaratmaq məqsədilə təşkil olunan fəaliyyətlər çərçivəsində SABAHın Könüllüsü layihəsi həyata keçirilib.

Vətəndaş müraciətləri

Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar, tətbiq etdiyi yeniliklər ilk növbədə qurumun Telefon Məlumat Mərkəzi və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin sayında özünü göstərir. Məsələn, təhsil məsələləri ilə bağlı 2017-ci ildə müraciətlərin statistikasına baxsaq görərik ki, ilin ilk iki ayında - yanvar və fevralda müraciətlərdə ciddi azalma var. Mart ayında isə Bakı şəhərinin ümumtəhsil məktəblərində 1-ci sinfə qəbulda yeni qaydaların tətbiqi ilə əlaqədar müraciətlərin sayı birdən-birə 3 dəfə artıb.
Kadr məsələləri ilə bağlı bu il ərzində müraciət edənlərin sayının artması əksər rayonlarda keçirilən diaqnostik qiymətləndirmə ilə izah olunub.
Ali təhsil pilləsində isə davamlı olaraq qeydə alınan müraciətlər, demək olar ki, nostrifikasiya ilə bağlıdır. Ali təhsil sənədlərinin qarşılıqlı tanınması, xüsusən, xarici ali təhsil müəssisələrinin diplomlarının ölkəmizdə tanınması ilə bağlı müraciətlər bütün ilboyu daxil olub.

İslahatlar davam edəcək

Beləliklə, yeniliklərin köhnəldiyi bir tədris ili də başa çatdı. Növbəti tədris ilində də islahatlar kursu davam etdiriləcək. “Təhsil islahatları intensiv şəkildə davam etməlidir” fikrini səsləndirməklə təhsil naziri Mikayıl Cabbarov da bunu təsdiqləyib.
Odur ki, hörmətli təhsil ictimaiyyəti, yay tətilinin istirahət imkanlarından səmərəli yararlanın, təhsil sistemində hər bir yeniliyin hərəkətverici qüvvəsi sizlərsiniz.

 


Ruhiyyə DAŞSALAHLI



17.06.2017 | 14:45