Milli müəllim kadrları hazırlayan təhsil ocağı

(Əvvəli qəzetin 7 yanvar tarixli sayında)

 

“İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin - İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Müəllimlər  seminariyasının ilk əsasnaməsinə görə, bu tip təhsil müəssisəsinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. 1875-ci ildə qəbul edilən “Müəllimlər seminariyaları haqqında təlimat”da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. 1879-cu ildə Daşkənddə Türküstan Müəllimlər Seminariyası, qazax xalqı üçün Orskda Müəllimlər Seminariyası açıldı. Rusiya Dövlət Şurası 20 oktyabr 1880-ci ildə “Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” qərar qəbul etdi. İrəvan Seminariyasına dövlət xəzinəsindən  28.350 rubl. vəsaitin ayrılması nəzərdə tutuldu. İrəvan Müəllimlər Seminariyası 8 noyabr 1881-ci ildə 9 müəllim, 42 şagirdlə İrəvan Xalq Təsərrüfatı İnstitutunun indiki binasında  fəaliyyətə başladı. Seminariyanın ilk direktoru görkəmli maarifçi Yakob Stepanoviç Suşevski olmuşdur. Seminariyada ilahiyyat fənlərini P.Q.Qambarov (pravoslav), keşiş Q.Q.Amanasyanç (erməni-qriqoryan) və Axund Məmməd Bağır Qazızadə (islam) tədris edirdi. Axund Məmmədbağır Qazızadə həm də tatar (Azərbaycan) dili müəllimi vəzifəsində çalışırdı.

 

İrəvan Müəllimlər Seminariyasının təşkili

 

1883-cü ildə seminariyada A.A.Karamosko, İ.A.Tamamşev, S.A.Nazaryan, A.O.Raymeman, Bazılyeviç, E.K.Bayor müəllim kimi çalışırdı. 1884-cü ildə P.Q.Qəmbərov keşiş A.Sokolovla əvəz olunmuş, yuxarı siniflər açıldığından yeni müəllimlər  - İ.M.Klopov (rus dili və tarix), A.İ.Lyaudanski (riyaziyyat), V.Dıviçkiy (təbiət elmləri və coğrafiya), N.A.Suvorov (ibtidai məktəbin müdiri), S.N.Kaspadze, A.B.Zeldliç, V.V.Zayçov və b. pedaqoji fəaliyyətə çəlb edilmişdir.

 

Seminariyada təhsil müddəti 3 il idi, nəzdində hazırlıq sinfi, nümunəvi ibtidai məktəb fəaliyyət göstərirdi. Seminariya tələbələri pedaqoji təcrübəni həmin məktəbdə keçirdilər. Seminariyanın nəzdində pansionat (yataqxana) fəaliyyət göstərirdi. Seminariyada azərbaycanlılarla bərabər, erməni, gürcü, rus və digər xalqların  uşaqları təhsil alırdı. Seminariyanın əsasnaməsi Qori Müəllimlər Seminariyasının əsasnaməsi ilə eynilik təşkil edirdi. Seminariya  fəaliyyətə cəmi 2 qrupla (böyük hazırlıq qrupu və birinci sinif)  başlamışdı. Sonrakı  dərs ilində ikinci sinif, 1883-cü ildə üçüncü sinif təşkil olunmuşdu. Digər seminariyalar kimi, İrəvan Müəllimlər Seminariyası da 4 sinifdən ibarət idi. Hər il hazırlıq qrupuna və birinci sinfə  şagird qəbulu elan edilirdi. Şagirdlərin II və III siniflərə birbaşa qəbuluna icazə verilmirdi. Birinci sinfə qəbul olunanlar ilahiyyat, rus dili, hesab, həndəsə, coğrafiya, tarix və biologiya fənlərindən imtahan verməli olurdular. 1883-1884-cü tədris ilində hazırlıq qrupunda həftəlik dərs saatlarının miqdarı 36, I sinifdə 38, II sinifdə 39, IV sinifdə isə 40 saat olmuşdur. Sonrakı illərdə şagirdlərin və müəllimlərin sayı artmışdır. 1882-ci ilin dekabr ayına olan məlumata görə, burada  54 şagird oxuyurdu.

 

Nümunə məktəbi

 

Seminariyanın nəzdindəki nümunə  məktəbində 1882-1883-cü tədris ilində 61 şagird təhsil alırdı ki, onlardan da 13-ü azərbaycanlı idi. 1889-1900-cu illərdə şagirdlərin sayı 82 nəfərə çatmışdı. Nümunə məktəbinin müdiri ayrı-ayrı vaxtlarda V.A.Muxin, A.Suvorov, ilk azərbaycanlı müəllimi isə Məşədi Bağır Qazızadə olmuşdur.  Aşağı hazırlıq sinfində azərbaycanlı uşaqları həftədə 5 saat rus dili, 5 saat riyaziyyat, 4 saat ilahiyyat, 2 saat tarix, 2 saat coğrafiya, 2 saat fizika, 2 saat təbiətşünaslıq, 2 saat nəğmə, 2 saat hüsnxət, 2 saat rəsm, 2 saat rəsmxət (həftədə cəmi 30 saat) öyrənirdilər. Azərbaycanlı uşaqlar rus dilini,  rus adət-ənənəsini, tarixini və coğrafiyasını öyrəndikdən sonra xristian uşaqları ilə birlikdə oxuya bilərdilər. Aşağı hazırlıq sinfinə rus dilini  bilməyən  uşaqlar qəbul olunurdu. Azərbaycanlı şagirdlərin aşağı hazırlıq siniflərinə daxil olması və seminariyada 5 il oxuması məcburi deyildi. Siniflər komplektləşdirilərkən şagirdlərin hazırlıq səviyyələri nəzərə alınırdı. Rus dilində danışmağı bacaran, müəyyən hazırlıq səviyyəsi olan şagirdlər yuxarı hazırlıq siniflərinə, yaxud birinci sinfə qəbul edilirdi. Seminaristlər  2-ci sinifdə 4, 3-cü sinifdə 8 saat ibtidai məktəbdə təcrübədə olurdular.

 

Mətbuat səhifələrində Ordubad məktəbinin seminariyanın təcrübə məktəbi olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Belə ki,1854-cü ildə açılan Ordubad məktəbi 1897-ci ildə 2 sinifli şəhər məktəbinə çevrilmişdi. İrəvan şəhərində qəza məktəbi, ibtidai məktəb və yaxınlıqda Uluxanlı  məktəbi olduğu halda, tələbələrin İrəvan şəhərindən xeyli uzaqlıqda yerləşən Ordubad məktəbinə  təcrübəyə  aparılması real görünmür. Yanlışlığa əsas səbəb “Qafqaz kalendarın”da Ordubad məktəbindən bəhs edildikdən sonra İrəvan seminariyasının nəzdindəki ibtidai məktəb haqqında yazılmasıdır. İlk baxışda elə görünür ki, söhbət Ordubad məktəbindən gedir. Əslində isə seminariyanın nəzdindəki ibtidai məktəbdən, onun müəllimi N.A.Suvorov, ilahiyyat müəllimləri M.K.Kapiton, Q.Amanasyanç və Məmməd Bağır Qazızadə haqqında məlumat verilir. Həmin dövrdə Ordubad məktəbində  ilahiyyat müəllimi Mirzə Yəhya Səməndərov olmuşdur.

 

Seminariyanın azərbaycanlı müəllimləri

 

İrəvan Müəllimlər Seminariyasında  dərs deyən ilk azərbaycanlı müəllim dövrünün görkəmli alimi, maarifçi-pedaqoq Axund Məmmədbağır Qazızadə olmuşdur. O, seminariya açılan gündən 1897-ci ilə qədər burada ilahiyyat və Azərbaycan dilindən dərs demiş, 1897-ci ildən 1917-ci ilədək isə yalnız  ilahiyyat fənnini tədris etmişdir. 1892-ci ildən başlayaraq seminariyada Azərbaycan dili dərslərini Mirzə Rəhim Xəlilov tədris etmişdir. M.R.Xəlilov özü 1881-ci ildə həmin seminariyanı bitirmiş və bu vəzifəyə müəllimi Axund Məmmədbağır Qazızadənin təqdimatı əsasında götürülmüşdü. Seminariyada Azərbaycan məktəbləri üçün müəllimlər hazırlanmasında Axund Məmmədbağır Qazızadənin böyük xidmətləri olmuşdur. O, bütün bilik və bacarığını müəllim kadrları hazırlığına sərf etmişdir. Dövrün qabaqcıl maarifçisi olduğu üçün ona axund ləqəbi verilmiş, gümüş medalla (1882) təltif edilmişdir. Ayrı-ayrı vaxtlarda Axund Məmmədbağır Kazımzadə, Mirzə Məmmədvəli Qəmərli, Rəşid bəy Şahtaxtinski, Məmmədbağır Qazızadə, Həmid bəy Şahtaxtinski, Cəfər bəy Cəfərbəyov, Məmməd Axundov, Axund Məmmədbağır Tağızadə, Mirzə Cabbar Məhəmmədzadə seminariyada şəriət və ya Azərbaycan dili fənnini tədris etmişlər.

 

Digər seminariyalarda olduğu kimi, İrəvan Müəllimlər Seminariyasında da təhsil pullu idi. Şagirdlərin müəyyən hissəsi dövlət vəsaiti hesabına oxuyurdu. Qəbul olunanlar birinci dərs ilində 210, sonrakı illərdə isə 180 manat təhsil haqqı ödəyirdilər. 1907-ci ilin məlumatına əsasən burada təhsil alan 70 şagirddən yalnız 20 nəfəri öz hesabına oxuyurdu.“Qafqaz kalendarı”nın 1913-cü il sayında verilən məlumata görə, seminariyada  təhsil alan 128 tələbədən 46-sı rus, 37-si erməni, 30-u azərbaycanlı, 6-sı gürcü, 9-u digər millətin nümayəndələri  olmuşdur.

 

Azərbaycanlı məzunları

 

İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il məktəbi 5 nəfər azərbaycanlı bitirmişdi. Seminariyanın 10-cu buraxılışı 1893, 20-ci buraxılışı 1903, otuzuncu buraxılışı 1913-cü illərdə olmuşdur. XIX əsrin sonlarında Cənubi Qafqazda işləyən kənd məktəbləri müəllimləri və müdirlərinin xeyli hissəsi müxtəlif illərdə həmin seminariyada ekstern yolu ilə imtahan verərək müəllimlik hüququ qazanmışdılar. Seminariyanın pedaqoji şurasının qərarına əsasən 1895-ci ildə Cəlil Mirzəyev, Tağı bəy Səfiyev, Məmməd bəy Qazıyev, 1902-ci ildə isə İbadulla bəy Muğanlinski, Cabbar Məmmədov, Şamdan Mahmudbəyov və başqalarına kənd müəllimi adı verilmişdir. Bu nəcib işin də təşəbbüsçüsü və təşkilatçısı qocaman maarif xadimi Axund Məmmədbağır Qazızadə olmuşdur. Məzunların  təyinat üzrə  kənd məktəblərində işləməsi məcburi idi. Seminariyanın 1910-cu il məzunu Mehdi Kazımova verilən sənəddən aydın olur ki, o, təyinat üzrə 6 il işləməyə borcludur, əks halda xəzinəyə 520  rubl ödəməlidir.

 

Əhməd bəy Qaziyev, Əli Əşrəf Qaziyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Fərəməz Mahmudbəyov, Yusif bəy Qaziyev (Qazızadə), Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, Saleh Məşədi Teymur oğlu Güllücinski, Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Allahverdi oğlu Qədimov, Mir Haşım bəy Vəzirov, Əli Sultanov, Fərrux Ağakişibəyov, Əli Cəlilzadə, Mirzə Bağır Əliyev, Şıxəli bəy Firudinbəyov, Cəfərbəy Cəfərbəyov, İbrahim Şahtaxtlı, Vahid Musabəyov, Rəşid bəy İsmayılov, Həbib bəy Səlimov, İsmayıl bəy Şəfibəyov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Haşım bəy Nərimanbəyov, Şamil Mahmudbəyov, Həmid bəy Şahtaxtinski,  İbadulla bəy Muğanlinski və b. ayrı-ayrı vaxtlarda seminariyanın məzunları olmuşdur. Türkiyənin görkəmli rəssamlarından olan İbrahim Səfi də həmin seminariyanın məzunu olmuşdur.

 

Seminariyaya ayrı-ayrı vaxtlarda Yakob Stepanoviç Suşevski, İvan Andreyeviç Pasyuteviç, Mixail Alekseyeviç Miropiyev, Valentin Vasilyeviç Dubromin rəhbərlik etmişdir.

 

Təhsilin məzmunu

 

Seminaristlər  üç il müddətində  Azərbaycan dili ilə bərabər, ilahiyyat, rus dili, riyaziyyat, tarix, coğrafiya, fizika, təbiətşünaslıq, pedaqogika, nəğmə, hüsnxət, rəsmxət, rəsm, gimnastika fənlərini öyrənirdilər. Seminaristlər hazırlıq qrupunda həftədə 30, 1-ci sinifdə 31, II sinifdə 33, III sinifdə 28 saat  dərs keçirdilər. Seminariyada şagirdlər könüllü  olaraq xarratlıq, tərəvəzçilik,  cildçilik,  ipəkçilik  üzrə də dərslər keçirdilər. Tədris planı eyni olduğundan müəllimlər seminariyalarının hamısında eyni fənlər tədris edilirdi, seçim yalnız  əlavə peşə fənləri ilə bağlı  olurdu.

 

Seminariyada həmin dövrdə İrəvan gimnaziyasında müəllim işləyən görkəmli Azərbaycan maarifçisi F.B.Köçərlinin  yazdığı  “Azərbaycan dili proqramı”ndan istifadə olunurdu. Həm seminariyanın nəzdindəki nümunə məktəbində, həm də gimnaziyada ilk vaxtlar müəllimlərin özlərinin hazırladığı materiallardan və  M.Elxanovun “Vətən dili” dərsliyinin əlyazmasından istifadə edilirdi. Həmin dərsliyə Qori Müəllimlər Seminariyasının popeçiteli A.O.Çernyayevski, Sankt-Peterburq Universitetinin Şərq fakültəsinin dosenti V.Simirnov müsbət rəy versə də, təəssüf ki, həmin dərslik nəşr edilməmişdir. Amma Mirzə Elxanovun “Vətən dili” dərsliyi izsiz qalmadı. Məhz həmin dərsliyin  təsiri ilə A.O.Çernyayevskinin və M.H.Rüşdiyyənin “Vətən dili” dərslikləri meydana gəldi. Sonralar həm Qori, həm də İrəvan müəllimlər  seminariyalarında A.O.Çernyayevskinin “Vətən dili” dərsliyindən istifadə olunurdu.

 

Məkrli erməni siyasəti və ya İrəvan Müəllimlər Seminariyasının acı taleyi

 

İrəvan Müəllimlər Seminariyası şəhərdə yalnız təhsil ocağı deyil, elm və mədəniyyət mərkəzinə çevrilmişdi. Seminariyada azərbaycanlılarla yanaşı, demoktarik fikirli rus, ukrain və erməni müəllimləri fəaliyyət göstərirdi. 1881-ci ildən 1914-cü ilədək İrəvan Müəllimlər Seminariyasını 63 nəfər azərbaycanlı bitirmişdir. İrəvan Müəllimlər Seminariyasının direktoru V.V.Dobrominin 1918-ci ildə yazdığı hesabatdan aydın olur ki, 1915-1916-cı tədris ilində seminariyanı 19, 1916-1917-ci tədris ilində 22, sonuncu - 1917-1918-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir. Ümumiyyətlə, üç il ərzində seminariyanı 316 nəfər bitirmişdi ki, onlardan 64 nəfərini azərbaycanlılar, 2 nəfərini isə türklər təşkil etmişdi.

 

1915-ci ildə İrəvan Müəllimlər Seminariyası Armavirə köçürüldü və  1918-ci ilə kimi orada  fəaliyyət göstərdi. Həmin dövrdə seminariyaya B.B.Dobromin rəhbərlik edirdi. Seminariyada 3 ilahiyyat müəllimi, 9 fənn müəllimi və 1 həkim çalışırdı. Azərbaycan dili fənnini  Mirzə Cabbar Məmmədov,  şəriət fənnini isə Axund Məmmədbağır Qazızadə tədris edirdi. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə  səbəbindən seminariya fəaliyyətini dayandırdı, müəllimlərin və  tələbələrin bir qismi amansızcasına qətlə yetirildi, sağ qalanlar isə doğma yurdlarını tərk edərək Türkiyə və Azərbaycana  pənah apardılar. Çar Rusiyasının bilavasitə dəstəyi ilə qədim Azərbaycan torpağında yaradılan  İrəvan quberniyasının əsasında  RSFSR-in köməyi ilə ilk erməni dövləti (Ararat) yaradıldı. Bu torpağın qədim sakinləri - azərbaycanlılar isə  öz vətənlərində azsaylı xalqlardan birinə çevrildilər. Ermənistan K(b)P MK-nın nəzdində fəaliyyət göstərən Azsaylı xalqlar şöbəsinin müdiri Bala Əfəndiyevin, Xalq Maarif Komissarlığının  "Azlıqda qalan millətlər" bürosunun rəhbəri Mehdi Kazımovun, "Zəngi" qəzetinin məsul redaktoru Mustafa Hüseynovun və digər milli ziyalıların  milli iradəsi və təkidli tələbləri  sayəsində 1924-cü ilin oktyabr ayının 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı. Bir il sonra  İrəvan Türk Pedaqoji Texnikumuna böyük dövlət xadimi  Nəriman Nərimanovun adı verildi. Məqsəd azərbaycanlıların təhsil aldığı məktəbləri ibtidai sinif müəllimi ilə təmin etmək idi. Lakin İrəvan Müəllimlər Seminariyasının ənənələrini yaşatmaqla bölgədə əbədi-mədəni və təhsil  mühitinin formalaşmasında və inkişafında mühüm rol oynayan Türk Pedaqoji Texnikumu ilk vaxtlardan böyük çətinliklərlə üz-üzə qaldı. 1949-cu ildə isə azərbaycanlıların  indiki Ermənistan ərazisindən  kütləvi deportasiyası ilə əlaqədar olaraq  Xanlar rayonuna köçürüldü... Beləliklə də, azərbaycanlıların indiki Ermənistan ərazisindən - Qərbi Azərbaycandan kütləvi deportasiyasına zəmin hazırlandı və 1988-ci ilin qarlı-şaxtalı noyabr-dekabr aylarında həyata keçirildi.

 

***

 

Millət yaratdığı şərəfli  tarixi ilə özünü ifadə edir. İndi yadlara, yağılara qalan qədim İrəvan  şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan müəllimlər seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik tariximizin, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir.

 

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzaladığına görə Prezident İlham Əliyevə təşəkkürümü və minnətdarlığımı bildirməklə, əminliklə qeyd edirəm ki, bu sərəncam təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan  verəcəkdir.

 

Fərrux RÜSTƏMOV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

 



20.01.2022 | 12:22