V Respublika memarlıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qız Qalası Qalereyasında “Gənc memarlar və tələbələr klubu”nun təşkilatçılığı və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə keçirilən gənc memarların və tələbələrin işlərindən ibarət V Respublika memarlıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

 

29 yaşadək gənc memar və tələbələrin iştirak etdiyi müsabiqədə bütün konseptlər, ideya və layihələr - kurs, diplom, fərdi və digər işlər nümayiş olunub.

 

Müsabiqə iştirakçıları qarşısında çıxış edən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, əsas məqsəd gənc memarların həvəsləndirilməsi, gələcək beynəlxalq müsabiqələrdə iştirak üçün yeni ideyaların və istedadların müəyyən edilməsi, eləcə də memarlıqda qeyri-standart konsepsiya axtarışı, memarlığa müasir yanaşma, memarlıq mühitinin formalaşmasında yeni tendensiyaların və müasir memarlıqda yeni perspektiv istiqamətlərin geniş kütləyə və potensial sifarişçiyə layiqli təqdimatı, novator ideyalara investorların diqqətinin cəlb edilməsidir.

   

E.Qasımzadə vurğulayıb ki, ölkəmizin sənət tarixi, o cümlədən memarlıq sənəti gənclərlə bağlıdır. Azərbaycan memarlıq sənəti hələ orta əsrlərdən məşhurdur və bu sənəti yaşatmaq məhz gənclərin öhdəsinə düşür.

 

Memarlar İttifaqının rəhbəri nəzərə çatdırıb ki, müsabiqənin münsiflər heyəti ötən illərdən fərqli olaraq bu il gənclərdən təşkil edilib.

 

Azərbaycan Memarlar İttifaqının gənclər üzrə katibi, münsiflər heyətinin sədri Rüfət Ağazadə müsabiqə ilə bağlı məlumat verib. Qeyd olunub ki, müsabiqəyə ümumilikdə 47 iş təqdim olunub. İyulun 26-da isə müsabiqənin Münsiflər Heyətinin iclası keçirilib. Münsiflər heyətinin qərarı ilə Elmar Qurbanov “Casablanca” layihəsinə görə 1-ci, Əminə Talıblı “Tornado Tower” yüksək mərtəbəli ofis binasının layihəsinə görə 2-ci, Təhminə Əzimzadə “Cərəyan” innovativ biznes mərkəzi layihəsinə görə 3-cü yerə layiq görülüb.

 

Müsabiqədə fərqlənən işlər Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəxri diplomları və müxtəlif mükafatları ilə təltif ediliblər. Bundan başqa, ayrı-ayrı memarlıq şirkətləri və respublikanın aparıcı memarları tərəfindən gənc memarlara həvəsləndirici mükafatlar təqdim olunub.

 



28.07.2018 | 10:31