“Plagiat akademik mühiti ruhdan salır”

Oğru həkim, oğru hakim, oğru alim, oğru mühəndis, oğru iqtisadçı... Universitetlərin ixtisaslı kadr deyil, ixtisaslı oğru hazırlaması qorxusu artıq bütün dünyanı hərəkətə gətirib. Bunun bir göstəricisi də plagiatla mübarizəsi ilə tanınan “Plagiat.pl” şirkətinin fəaliyyət coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirməsidir. Bu bəlaya dünyanın hansı hissəsi düşməyib ki? Hətta Afrikada belə, Balkanlarda,Türkiyədə fəaliyyət göstərən şirkət tezliklə Çində ofis açacaq.  2002-ci ildən fəaliyyətdə olan “Plagiat.pl” şirkətinin direktoru Əli Təhməzov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində plagiatla mübarizədə Azərbaycan universitetləri ilə əməkdaşlığından danışıb.

 

- Şirkətiniz 15 ildir plagiatla mübarizə aparır. Nəyə nail olmusunuz?

 

- Bəli, şirkətimiz 2002-ci ildə Polşada yaranıb. Varşavada İT texnologiyaları sahəsində ikisi professor olan dörd mütəxəssis tərəfindən təsis edilib. Hal-hazırda 12 ölkədə fəaliyyət göstəririk, 6 ölkədə ofislərimiz var. Təkcə Polşada 200-dən çox universitet bizimlə əməkdaşlıq edir. 15 illik fəaliyyətimiz dövründə təhsildə plagiat ilə mübarizənin əhəmiyyətini sübut edə bilmişik.

 

- Azərbaycanın hansı universitetləri ilə əməkdaşlıq edirsiniz?

 

- Azərbaycanda 2015-ci ildən filial kimi fəaliyyətə başlamışıq. www.strikeplagiarism.com sistemi vasitəsilə müxtəlif mənbələrlə oxşarlıqlar axtarır, həmçinin tələbə işlərini və elmi işləri yoxlayıb qiymətləndirmək məqsədilə antiplagiat prosedurlarının tətbiq edilməsi ilə bağlı konsultasiya xidmətləri göstəririk. Digər mühüm məhsul isə antiplagiat prosesini avtomatlaşdırmağı bacaran ASAP-dır (İşlərin Arxivləşdirilməsinin Akademik Sistemi). Azərbaycan postsovet məkanında əməkdaşlığa başladığımız ilk ölkədir və biz Şərqə məhz sizin ölkədən daxil olmuşuq. Azərbaycanın ali məktəblərinin yarısı ilə əməkdaşlıq edirik. Plagiat ilə mübarizədə bizi Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti və digərləri dəstəklədi. Əlbəttə ki, bütün ölkələrdə olduğu kimi, burada da Təhsil Nazirliyinin dəstəyi olmadan missiyamızı həyata keçirmək mümkün deyil. Nazirliyin rəhbərliyi və bir çox universitet anlayır ki, bir-birimizə dəstək olmadan, bu problemi aradan qaldırmaq mümkün olmayacaq. Plagiat, xərçəng şişi kimi cəmiyyətin şüurunda dərin kök salıb və cəmiyyət onun nə olduğunu, niyə qəbul olunmadığını aydın şəkildə görə bilmir.

 

Elmdə fikir plagiatı: antiplagiat sistemlər onun öhdəsindən gələ bilmir

 

- Elmdə plagiat ilə bağlı vəziyyət necədir?

 

- Bildiyiniz kimi, plagiatın bir neçə növü var. Fikirlərin və mətn fraqmentlərinin plagiatı bunlardan sadəcə ikisidir. Elmdə heç bir antiplagiat sisteminin öhdəsindən gələ bilməyəcəyi bir fikir plagiatı var. Fikrin yeniliyini anlamaq üçün mütəxəssislər cəlb olunmalı və plagiat sisteminə təhlil prosesinin asanlaşdırılmasında kömək edilməlidir. MDB ölkələrində elmin yenidən formalaşdırılması bürokratiyanın və sovetizmin aradan qaldırılmasının nəticəsi olub. Universitetlərə elmi dərəcələr vermək, kimə verəcəyini müəyyən etmək səlahiyyəti verilib. Rusiyada 19 universitetin belə səlahiyyəti var. Onlar başa düşürlər ki, bu cür inkişaf etmək mümkün deyil. Təəssüf ki, Azərbaycanda bu proses dayandırıldı. Azərbaycan hələ də PhD sisteminə keçməyib, halbuki bu, bir sıra problemləri həll edə bilərdi. Biz Ali Attestasiya Komissiyasına iki ildir plagiat ilə mübarizədə kompleks tədbirlərin həyata keçirilməsində, doktorluq dissertasiyalarının saxlanılmasında və universitetin depolarında şəbəkəyə qoşulmasında köməklik göstərməyi təklif edirik. Ali Attestasiya Komissiyasının öz veb-saytında tezis dərc etməsi düzgün olardı. Azərbaycanın Ali Attestasiya Komissiyasının antiplagiat sistemindən istifadə etdiyini öyrənməkdən məmnun olduq. Ancaq bu sistem yenidənyazma ilə məşğul olur. Bəzi müəlliflərin işlərini köçürüb başqalarına sataraq, öz səhifəsində açıq şəkildə göstərir. Ali Attestasiya Komissiyasının rəhbərliyinə böyük hörmətimiz var və ümid edirik ki, bu vəziyyəti diqqətdən kənarda saxlamayacaq. Hesab edirəm ki, Azərbaycan Ali Attestasiya Komissiyası əməkdaşlığın vacibliyini başa düşür və biz onlara dissertasiyalardan ibarət məlumatlar bazası yaratmaq və dissertasiyaların plagiata dair hərtərəfli ekspertizası məsələsində dəstək verməyə hazırıq.

 

- Elmdə plagiatı nə ilə izah edərdiniz?

 

- Elmdə plagiat probleminin kökləri imtiyaz sistemində, qismən də cəmiyyətin zehniyyətindədir. Azərbaycanda, eləcə də Rumıniyada və Bolqarıstanda elm adamı olmaq nüfuzlu və maliyyə cəhətdən gəlirli hesab olunur. Rumıniyada əməkhaqqına müvafiq vəsait əlavə olunur. Elmi dərəcəsi olmadan siyasətdə irəliləmək çətindir. Amma təəssüf ki, alimlərin tələb mexanizmi yoxdur.

 

- Akademik bütövlüyünün yaxşılaşdırılmasının qarşısını nə alır?

 

- Əsasən müvafiq hüquqi çərçivənin olmaması. Ölkədə əqli mülkiyyətin qorunması sahəsində qanunvericilik yaxşıdır. Hətta yüksək ixtisaslı mütəxəssislərin işlədiyi Müəllif Hüquqları üzrə Agentlik fəaliyyət göstərir. Bu qurumun təşkil etdiyi bir müzakirəni xatırlayıram. Açıq müzakirədə universitet rektorları plagiat ilə mübarizədə istifadə olunan təcrübə və texnologiyaları bölüşmüşdülər. Düzü, Avropa Birliyində hansısa Müəllif Hüquqları üzrə Agentliyin bu missiyaya töhfə vermək arzusunda olması faktını xatırlamıram. Azərbaycanda intellektual mülkiyyətin qorunması ilə bağlı qanunvericiliyin mövcudluğuna baxmayaraq, plagiat konsepsiyası bu yaxınlarda “Təhsil haqqında” Qanuna daxil edilib. Rusiya daxil olmaqla, bütün AB ölkələrində “Təhsil haqqında” qanuna düzəlişlər qəbul edilib və həmin düzəlişlərdə minimal tələblərə cavab verən informasiya texnologiyalarından istifadə edərək geniş şəkildə yoxlamalara başlamaq tələb olunur. Keçmiş təhsil naziri Mikayıl Cabbarov plagiatla mübarizə məsələsini bir neçə dəfə qaldırmışdı. Bu istiqamətdə müvafiq qərarlar qəbul edilib və hətta bir rektora ciddi töhmət də verilib. Hesab edirəm ki, Azərbaycanda rektorlardan qəti qərarlar tələb olunur. Digər mühüm amil akademik bütövlüyün Məcəlləsinin olmaması və intizam tədbirlərinin tətbiqi deyil, elmi prosesdə informasiya texnologiyalarının zəif tətbiq olunmasıdır.

 

Plagiatla mübarizə: universitetlərin və dövlətlərin ona münasibəti fərqlidir

 

- Plagiat ilə mübarizədə hansı normalar və prosedurlar istifadə olunur? Bununla bağlı nə tövsiyə edə bilərsiniz?

 

- Plagiata dair tələbə işlərinin qiymətləndirilməsi və yoxlanılması prosedurları olduqca sadədir, lakin onlar mütləq maraqların toqquşmasının qarşısını almalıdır. Məsələn, tələbə işini ən azı iki nəfər qiymətləndirməlidir: bir məsləhətçi və bir nəzarətçi. Plagiat üçün işi qiymətləndirən komissiyalar mümkün qədər obyektiv olmalıdırlar. Əlbəttə ki, tələbələrə şans vermək lazımdır, çünki onlar düşünmədən səhvlər edirlər. Ən əsası isə tələbələr və müəllimlər ilə işdir. Müəllif hüquqları və məlumatlarla necə işləmək lazım olduğu onlara izah olunmalıdır. Bir neçə il bundan əvvəl “Long Island” Universitetindən professor Madrai təlimlərin müxtəlif kurs tələbələrinə təsirini araşdırıb. Bu araşdırmanın nəticəsi olaraq, tələbələr təlimin sonunda məlumatın düzgünlüyü, sitatların, plagiat formalarının və intizam tənzimləməsi mövzusunda daha yaxşı nəticələr göstərməyə başlayıblar. Azərbaycanın bəzi ali məktəblərində olduğu kimi, seçilənləri yox, bütün işləri yoxlamaq lazımdır. Biz hər bir tərəfdaş universitetdə ildə ən azı iki dəfə tələbələr və müəllimlər üçün plagiat konsepsiyası, işin qiymətləndirilmə metodologiyası və s. barədə təlimlər keçirik. Fikrimcə, belə bir iş Azərbaycanın bütün universitetləri tərəfindən həyata keçirilməlidir.

 

- AB, Polşa və MDB ölkələrində plagiata qarşı mübarizə necə təşkil olunur?

 

- Dünyada internetin akademik sahəyə daxil olması genişləndikcə, plagiatla mübarizə də şaxələnir. Tələbələr və alimlər qiraət otaqlarına getmir, bütün zəruri məlumatları internetdə axtarırlar. Hər hansı bir mövzuda iş “yazmaq” üçün yaxşı təşkilatçı firmalar var. Belə firmaları “elmi işçilərin dəyirmanı” adlandırırlar. Onlar tələbə sənədlərini, tezisləri hazırlayır və internetdə satırlar. Bu növ istehsalçıların dövriyyəsi hazırda bir neçə milyard dollar qiymətləndirilir. Azərbaycanda da belə “dəyirmanlar” var. Onları bir neçə universitetin yaxınlığında görmək olar. Bəzi universitetlər onlarla mübarizə aparır, istəmirlər ki, adları belə faktlarla hallansın. Əksəriyyət isə plagiat faktının olmadığını iddia edərək buna göz yumur. Hətta elə hallar olur ki, tələbələr və dissertantlar üçün müəllimlər iş yazıb satırlar. Bu cür hallara AB ölkələrində də rast gəlinir. Ancaq həmin ölkələrdə intellektual işin oğurlanmasına görə inzibati cəza nəzərdə tutan qanunlar da qəbul edilib. Nümunə üçün deyim ki, Polşada şirkətimiz məhkəməyə dəvət olunur və bizim antiplagiat sistemimiz vasitəsilə alınan hesabatlara dəlil  kimi istinad olunur. Saxta tələbə işlərinin və elmi işlərin istehsalında iştirak edən hüquqi şəxslər cinayət məsuliyyəti daşıyırlar. MDB ölkələrində “Azad” rus  plagiat sistemi çox məşhurdur və onlar bu yolla müəllifə müəyyən məbləğ qarşılığında iş yazmaq təklif edirlər. Əslində, onlar antiplagiat sistemi deyil, həmin “dəyirmanlardır”, hansılar ki, müəlliflərin yoxlamaq üçün yüklədiyi işi sistemdən oğurlayaraq daha baha qiymətə satırlar. Rusiyada hüquqi vakuum sayəsində bu sistemlərlə mübarizə aparmırlar. Halbuki bu, böyük bir təhlükə deməkdir. “Köçürülmə” iş nə vaxtsa ortaya çıxarsa, həmin insan əhəmiyyətli bir mütəxəssis, yaxud alim olaraq, ömrü boyu “oğru” adını daşıyacaq. AB ölkələrində istehlakçını qoruyan ciddi qanunlar mövcuddur, buna görə şirkətin şəxsi məlumatları şifrələnir, sahibinin icazəsi olmadan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. AB ölkələrində, Rusiyada və Ukraynada mübarizənin əsasında bir fikir dayanır. “Dissernet” (Rusiya), “Dissergeyt” (Ukrayna) kimi ictimai təşkilatlar, həmçinin siyasətçilər, vəzifəli şəxslər, elm adamları tezislərində haqlı olaraq bildirirlər ki, oğru alim və ya siyasətçi ola bilməz. Belə təşkilatlar xalq sağlamlığı üçün çox vacibdir.

 

Plagiat korrupsiya ilə bağlı deyil

 

- Plagiat faktına qarşı ölkələrin üstünlük verdiyi intizam tənbehi tədbirləri hansılardır?

 

- Bir qayda olaraq, AB ölkələrində tələbələr universitetlərdən xaric edilir. Elmi işdə plagiatın olduğu halda intellektual əməyin oğurlanmasına görə inzibati cəzadan da istifadə edilə bilər. Bütün bunlar, həm hüquqi bazalarla, həm də universitetlərin daxili prosedurları, eləcə də iqtisadi komponentlərlə bağlıdır. Bütün MDB ölkələrində oxşar vəziyyət yaşanır. Gürcüstanda korrupsiya az olduğu üçün hesab edirlər ki, universitetlərdə plagiat halları azdır və unudurlar ki, plagiat korrupsiya ilə bağlı deyil. Buna görə Gürcüstanda yalnız bu yaxınlarda “Pandora qutusu”nu açmaq qərarına gəldilər. Polşa və Rumıniya həm də antiplagiat sistemləri üçün minimum standartlar hazırlamağa qərar verdilər və məcburi yoxlamalar tələbindən sonra bir çox universitetin imitasiya ilə məşğul olduğu ortaya çıxdı. Qeyd edim ki, minimum standartlara yerli dildə bir interfeysin olması, yerli dilin tanınması, fərdi məlumatların qorunması, antiplagiat xidmətləri göstərən şirkət tərəfindən universitet üçün məlumatlar bazasının yaradılması və s. daxildir.

- Azərbaycanın ali məktəblərində hansı mənfi amillərə rast gəldiniz?

 

- Azərbaycanda, universitetlər xaric etmir, əksinə, işlərini düzəltmək üçün ikinci, hətta üçüncü şans verir. Tələbələrini cəzalandırmayan universitetlər çoxdur. Həmin təhsil müəssisələrində antiplagiat sistemi vasitəsilə işi “orijinal” səviyyəyə çatana qədər, qeyri-məhdud sayda sistemdən keçirməyə imkan yaradırlar. Daha əvvəl də qeyd etdiyim kimi, tələbələr şüurlu şəkildə "plagiat" etmir. Ancaq dissertasiyaların müdafiə olunmasını absurd vəziyyətə gətirmək də olmaz. Bəzi universitetlər antiplagiat xidmətlərini əldə etməyinə baxmayaraq, ondan istifadə etmir. Bəzən hansısa bəlli olmayan səbəbdən qərar verilir ki, magistr işlərinin hamısı yox, hansısa bir hissəsi yoxlanılsın və yaxud magistr işləri yoxlanılsın, amma bakalavr diplom işləri yox. Bəzi universitetlər “pulsuz” sistemlərdən istifadə edir. Hətta bu yaxınlarda bir akademiyada elmi işlər üzrə prorektor vurğuladı ki, onlar antiplagiat səviyyəsinə enən universitetlərdən deyillər. Daha bir fakt deyim: universitetlərdən birində belə bir xidmət yaranıb. Xüsusi şəxs müəyyən ödəniş qarşılığında işləri plagiatdan “təmizləyir” və sonra Ali Attestasiya Komissiyasına müdafiəyə göndərilir. Bu addımı atanlar həm də plagiata verdiyi pulu çıxartmaq istəyənlər, antiplagiat sistemi vasitəsilə qazanmaq niyyətində olanlardır. Təsəvvür edirsiniz? Biz "boz" sxemlərdə iştirak etməmək üçün əlimizdən gələni edəcəyik.

 

Universitetlərin reytinqi aşağıdır, səbəblərdən biri plagiatdır

 

- Plagiat və akademik səhvetmə təhsilin keyfiyyətinə necə təsir göstərir?

 

- Plagiat xərçəng şişi kimi, təmiz olan akademik mühiti ruhdan salır. Diplom və ya magistr işini yaza bilməyən tələbə diplom ala bilməz. Elmi işini oğurlayan insan bizi müalicə edə bilməz. Hakim necə hökm edə bilər, əgər o, işini oğurlayıbsa? Elm necə inkişaf edə bilər, əgər alimlər internetdən elmi iş oğurlayırsa? Universitetlərin reytinqi bir neçə səbəbdən aşağıdır, onlardan biri də məhz plagiatdır. MDB ölkələrindən olan tələbələrin ABŞ, Almaniya, Kanada universitetlərindən məhz belə faktlarla əlaqədar xaric edildikləri barədə məlumatlar var.  Onlardan soruşanda ki, niyə plagiatla məşğul oldunuz, cavab verirlər ki, bizdə bu adi haldır. Ölkəyə yaradıcı mütəxəssislər lazımdır. Onları plagiatla əldə edə bilmərik.

 

- Azərbaycan bazarında əməkdaşlığı genişləndirməyi planlaşdırırsınızmı?

 

- Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutuna Azərbaycanın ali məktəblərində akademik dürüstlük məsələsi ilə bağlı sosioloji tədqiqat aparmağı təklif etdik. Oxşar tədqiqatlar bizim dəstəyimizlə Polşada, Rumıniyada keçirilib, həmçinin Ukraynada da hazırlayırıq. Tədqiqat ad çəkmədən cəmiyyətin akademik dürüstlüyün  hansı tendensiyalarıyla qarşılaşdığını göstərir və sonda Azərbaycanda akademik dürüstlüyü yeni bir pilləyə qaldırmaq üçün nə etmək lazım olduğunu müəyyən edir. Bu yaxınlarda Təhsil Nazirliyinə Menecmentdə Korporativ idarəetmənin tətbiqi ilə bağlı konfrans keçirməyi təklif etdik. Belə bir konfrans 2017-ci ilin mayında Polşanın Ali Təhsil və Elm Nazirliyi, Rektorlar Birliyi və bizim şirkətin iştirakı ilə Varşavada keçirilib. Bizim fəaliyyətimizin genişləndirilməsi birbaşa akademik cəmiyyətin plagiat ilə mübarizəyə nə qədər hazır olduğuna bağlıdır. Daha çox kömək edə bilmək üçün əlimizdən gələni etməyə hazırıq. Bu yaxınlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanıma sistemimizin məktəblərdə yayılması təklifi ilə müraciət etdik və ümid edirik ki, o, bizə bu sahədə kömək edəcək. Təhsil Nazirliyinə, universitetlərin rektorlarına və digərlərinə bizə inanaraq işimizdə dəstək olduqları üçün minnətdarlığımı bildirirəm.

 

Ruhiyyə DAŞSALAHLI

 


02.03.2018 | 11:00