Beynəlxalq qiymətləndirmə tədqiqatları

Təhsil gələcəyimizin inkişaf faktorudur və təhsilimizin  ümumi mənzərəsinin, inkişaf səviyyəsinin daha yaxşı  öyrənilməsində, təhlil edilməsində beynəlxalq qiymətləndirmə tədqiqatları  mühüm rol oynayır. Belə ki, təhsildə müsbət dəyişikliklərin aparılması üçün əsas göstərici olan “şagirdin təlim nəticələri” haqqında etibarlı məlumatın toplanılması olduqca önəmlidir. Beynəlxalq qiymətləndirmə tədqiqatları vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin edilməsi araşdırılır, müzakirə olunur. Müsahibimiz Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva  ilə dünyada qəbul edilmiş beynəlxalq qiymətləndirmə tədqiqatlarının Azərbaycan təhsilində nə kimi rol oynamasına,əldə olunan nəticələr kontekstində  ölkə təhsilinin ümumi vəziyyətinə və digər məqamlara aydınlıq gətirməyə çalışdıq.

 

Dünyada üç əsas beynəlxalq qiymətləndirmə tədqiqatı

 

- Ülkər xanım, təhsil sahəsində gedən əsaslı dəyişikliklər, tətbiq edilən yeniliklər nəticə etibarı ilə təhsilimizin səviyyəsinin yüksəlməsinə, keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Xüsusilə, son illər ölkəmizin müxtəlif beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı və əldə olunan nəticələr barədə fikirlərinizi öyrənmək istərdik.

- Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri də təhsilin inkişafıdır. Hazırda təhsilimizin dünya təhsil sisteminə uyğunlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Bu gün təhsilimizin səviyyəsinin artırılması, keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra müxtəlifyönlü layihələr reallaşdırılır. Təhsil sahəsində uğurlu beynəlxalq əməkdaşlıqların sayı artır.

 

Müasir təhsil sistemində hər bir ölkənin təhsilinin səviyyəsinin ölçülməsində beynəlxalq qiymətləndirmə tədqiqatları önəmli yer tutur. Belə qiymətləndirmə tədqiqatlarında şagird nailiyyətlərinə kompleks şəkildə yanaşılır, eyni zamanda dünya təcrübəsi öyrənilir. Ümumiyyətlə, beynəlxalq qiymətləndirmə ölkələrin təhsil sistemlərində ümumi olan və ümumi olduğuna görə də müqayisə edilə biləcək göstəriciləri araşdırmaqla, son nəticədə onların beynəlxalq bazarın tələblərinə uyğun olub-olmamasını öyrənir. Ölkəmizdə də qiymətləndirmə tədqiqatlarının keçirilməsi, bu işlərin daha effektiv və səmərəli təşkili Təhsil İnstitutu tərəfindən aparılır və əldə olunan nəticələr tərəfimizdən diqqətlə öyrənilir, təhlil olunur. Bu gün artıq bizim beynəlxalq qiymətləndirmə tədqiqatları sahəsində kifayət qədər təcrübəmiz var.

 

Ümumi təhsil sahəsində dünyada üç əsas beynəlxalq qiymətləndirmə tədqiqatı mövcuddur ki, bunlar da PIRLS, PISA və TIMSS-dir. Əlavə olaraq, ICILS və TALIS tədqiqatları da var ki, bunların hər biri təhsil sistemləri üçün olduqca əhəmiyyətlidir. Ölkəmiz bu tədqiqatların hər birində iştirak edir. Hazırda PISA-nın əsas mərhələsi və TIMSS-in pilot mərhələsi keçirilməkdədir.

 

Ümumi təhsil məktəblərində təhsilin səviyyəsini öyrənən PISA

 

- İlk olaraq ümumi təhsil məktəblərində təhsilin səviyyəsini öyrənən PISA beynəlxaq qiymətləndirmə tədqiqatı haqqında məlumat verməyinizi xahiş edirik.

- Dünya  təcrübəsində ümumi təhsil məktəblərində təhsilin səviyyəsini öyrənmək üçün aparılan ən məşhur tədqiqatlardan biri PISA-dır (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı). Əsası 2000-ci ildə qoyulan adıçəkilən proqram İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 3 ildən bir təşkil olunur.Tədqiqatda müxtəlif ölkələrin 15 yaşlı şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı bilik və bacarıqlardan həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə bacarığı ölçülür. 80-dən artıq ölkə və iqtisadiyyat PISA tədqiqatında iştirak edir.

 

Azərbaycan ilk dəfə bu proqrama 2006-cı ildə qoşulub. Sonralar isə 2009 və 2018-ci illərdə keçirilən tədqiqatda iştirak edib. Sonuncu tədqiqatın, yəni PISA 2018-in nəticələrinə əsasən şagirdlərimizin riyaziyyat üzrə orta balı 420, oxu üzrə 389 və təbiət elmləri üzrə isə 398 olub.

 

Onu da qeyd edim ki, ölkəmiz 2021-ci ilin birinci yarısında PISA 2022 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsində iştirak edib. Bakı üzrə 63 məktəb, 2800-dən çox şagird,1100-dən çox müəllim, 63 məktəb direktoru qiymətləndirməyə qatılıb. Hazırda bu tədqiqatın əsas mərhələsi180 məktəbin və 8000-ə yaxın şagirdin iştirakı ilə keçirilir. Bu mərhələdə şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı, yaradıcı düşünmə ilə əlaqədar bilik və bacarıqları da qiymətləndirilir.

 

TIMSS tədqiqatında Azərbaycanın riyaziyyat üzrə tarixi nəticəsi

 

- Şagirdlərimizin TIMSS 2019 beynəlxaq qiymətləndirmə tədqiqatındakı nəticələri, necə, qaneedicidirmi?

- Ölkəmizin təhsillə bağlı qatıldığı növbəti beynəlxalq qiymətləndirmə tədqiqatı TIMSS (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramıdır.

 

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən 1995-ci ildən etibarən həyata keçirilən bu beynəlxalq tədqiqat IV və  VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirir.

 

Ümumilikdə, öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 70-ə yaxın ölkə TIMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TIMSS-ə yeni ölkələr qoşulur.Hər 4 ildən bir keçirilən tədqiqatın əsas məramı qlobal kontekstdə sistemin nailiyyət meyllərini araşdırmaq, təhsil siyasəti barədə məlumat toplamaq, yenilənmiş siyasətin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və müvafiq islahatlara təkan verməkdir. Eyni zamanda, şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı, öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə edilməsi də başlıca məqsədlərdəndir.

 

TIMSS riyaziyyat və təbiət elmlərinə aid fənləri qiymətləndirdiyindən təhsilin effektivliyini ölçən dəyərli mənbədir.

 

Ölkəmiz TIMSS tədqiqatına 2011 və 2019-cu illərdə IV sinif şagirdləri ilə qatılıb.

 

TIMSS 2019 barədə bir qədər ətraflı danışmaq istərdim. Bu tədqiqatda 64 ölkə üzrə 580000-dən çox şagird, 310000 valideyn, 52000 müəllim, 19000 məktəb iştirak edib. Azərbaycan üzrə isə bu rəqəmlər belədir: 194 məktəb,  təxminən 5300 şagird, 5300 valideyn və  310 müəllim. Vurğulayım ki, ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub.  

 

Riyaziyyat üzrə tarixi nəticəmizlə bağlı qeyd etmək istərdim ki, Azərbaycan şagirdləri 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycanın TIMSS 2019-dakı riyaziyyat nailiyyəti TIMSS-2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artım deməkdir. Yəni, şagirdlərimiz 463 baldan 515 bala yüksəliblər. Azərbaycan şagirdlərinin göstəriciləri Fransa, İspaniya və Yeni Zelandiyadan olan yaşıdlarından üstündür. Bu nəticə ilə Azərbaycan Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdədir.

 

Bundan başqa, “mükəmməl” və “yüksək” qiymətləndirmə səviyyələrinə çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21% şagirdlərimiz riyaziyyat üzrə “mükəmməl” və “yüksək” qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36% olub.

 

Qarşıda bizi 2023-cü ildə keçiriləcək növbəti TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatı gözləyir. Hazırda bu tədqiqatın ölkə üzrə pilot mərhələsi keçirilməkdədir. Sevindirici haldır ki, bu dəfəki tədqiqata ölkəmiz IV və VIII sinif şagirdləri ilə qatılır.

 

Onu da əlavə edim ki, dünya təcrübəsində xüsusi önəm kəsb edən digər bir tədqiqat  ICILS beynəlxalq qiymətləndirmə tədqiqatıdır. May ayından etibarən ölkəmizdə  ICILS 2023-ün pilot mərhələsi keçiriləcəkdir.

 

Tədqiqatların Azərbaycan təhsilindəki rolu

 

- Ülkər xanım, şübhəsiz ki,  beynəlxalq qiymətləndirmə tədqiqatları təhsil sisteminin ümumi vəziyyəti haqqında məlumat verməklə bərabər, dünya standartları ilə müqayisədə çatışmazlıqları da aşkar etməyə imkan yaradır. Təhsil İnstitutu əldə olunan nəticələrlə bağlı nə kimi işlər görür? Ümumiyyətlə, beynəlxalq qiymətləndirmə tədqiqatlarının Azərbaycan təhsilindəki rolunu necə qiymətləndirirsiniz?

- Beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak istənilən təhsil sistemi və ya iqtisadiyyat üçün faydalıdır. Elmə və müasir tədqiqat metodlarına söykənən bu qiymətləndirmələr həmçinin təhsil sistemlərinə özlərini dünya standartları ilə müqayisə etmə imkanı yaradır. Beynəlxalq qiymətləndirmə tədqiqatları Azərbaycan təhsil siyasəti üçün bir alətdir.

 

Təhsil İnstitutu olaraq, biz bu tədqiqatların nəticələrini məzmun islahatı, dərsliklərin hazırlanması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsi və digər istiqamətlərdə nəzərə alırıq. Spesifik olaraq, bu nəticələr əsasında atılmış bəzi addımları diqqətə çatdırmaq istərdim.

 

Ümumi təhsilin məzmununda dəyişikliklər var. Buna əsas Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarıdır. Bu qərarla, ümumi orta təhsil səviyyəsində yeni fənn - təbiət fənni tədris olunacaq.

 

Təbiət fənninin məzmununun və dərslik komplektlərinin hazırlanması məqsədilə Təhsil Nazirliyi, Təhsil İnstitutu Sinqapurun “Alston” təhsil şirkəti ilə əməkdaşlıq edir. Bu şirkət yerli mütəxəssislərə fizika, kimya, biologiya və coğrafiya fənlərinin kurikulumlarının təkmilləşdirilməsi istiqamətində də dəstək göstərir. Eyni zamanda, beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələri tədris planının tərtibatında nəzərə alınır. Məsələn, təbiət fənlərinin tədrisinə ayrılan həftəlik dərs saatlarının miqdarına baxılır. Əlavə olaraq, hazırda riyaziyyat fənn kurikulumunun və dərslik komplektlərinin hazırlanması məqsədilə Sinqapurun Marşal Kavendiş İnstitutu ilə əməkdaşlıq edilir.

 

Ümumi təhsildə tətbiq olunan cari qiymətləndirmə siyasətinin yenilənməsi və təkmilləşdirilməsi, eləcə də müxtəlif sinif səviyyələrində mərkəzləşdirilmiş qiymətləndirmələrin keçirilməsi müzakirə olunur və bu zaman beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri nəzərə alınır.

 

Sonda qeyd edim ki, sadalanmış istiqamətlərdə təhsil ictimaiyyətinin məlumatlandırılmasını təmin etmək üçün Təhsil İnstitutu olaraq müxtəlif səpkili vebinar, seminar, müzakirə, “dəyirmi masa”, konfrans və digər tədbirlər təşkil edirik.

 

Samirə KƏRİMOVA

 



29.04.2022 | 12:24