Universitetdə ötən semestrdə 48 tələbənin təhsil krediti rəsmiləşdirilib

Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayevin Naxçıvan Dövlət Universitetinin  tələbələri ilə görüşü olub.

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev ölkəmizdə aparılan təhsil islahatları, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, TTKF-nin yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.

 

TTKF-nın İdarə Heyətinin sədri Araz Paşayev fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tətbiq edilən güzəştlərdən danışan A.Paşayev diqqətə çatdırıb ki, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur.  Əlavə edib ki, fondun fəaliyyəti ölkə üzrə ödənişli və əyani təhsil alan tələbələrə aid olmaqla, 44 ali təhsil müəssisəsini və 55 orta-ixtisas təhsil müəssisəsini əhatə edir. Ölkə üzrə təxminən təhsil alan 266 min tələbədən 146 min nəfəri ödənişli əsaslarla oxuyur. Çıxışda o da vurğulanıb ki, krediti almaq üçün tələbə girov, zamin, borcalan və s. heç bir öhdəliklə yüklənmir. Diqqətə çatdırılıb ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir və kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.

 

Universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən semestr ərzində ümumilikdə 60-a yaxın tələbə kreditlə bağlı müraciət etsə də,  bunun  25 nəfəri sosial, 23 nəfəri isə standart olmaqla, 48 tələbənin krediti rəsmiləşdirilib. Hal-hazırda davam etməkdə olan semestrdə bu günədək 50-ə yaxın tələbənin müraciəti qeydə alınıb və 8-i sosial, 16-ı isə standart olmaqla, 24 nəfərin müraciəti rəsmiləşdirilib, 23 tələbə  namizəd qismində saxlanılıb, digərləri isə gözləmə mövqeyindədir.

 

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 



13.05.2022 | 11:37