Bakı Dövlət Universitetində ICESCO-nun Biotibbi materiallar kafedrası yaradılır

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

 

Görüş zamanı ICESCO və BDU arasında əlaqələrin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Rektor Elçin Babayev qonağa  Azərbaycanın ən böyük və qədim universiteti olan BDU haqqında məlumat verib. Qeyd edib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elmi qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.

 

E.Babayev vurğulayıb ki, universitet ICESCO ilə əlaqələrə xüsusi önəm verir, ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığı uğurla davam etdirir. Rektor müxtəlif səviyyələrdə əlaqələrin intensivliyinə istinad edərək, BDU-nun 2022-ci ildə İslam Dünyası Universitetləri Federasiyasına (FUIW) üzv qəbul olunduğunu və ICESCO tərəfindən ali təhsil müəssisələri üçün Açıq Təhsilin İnkişafı layihəsi çərçivəsində tədqiqatçı-alimlər üçün təşkil olunacaq treninqlərdə, həmçinin dünyanın ən nüfuzlu ali təhsil ocaqları, elmi-tədqiqat müəssisələri ilə aparılacaq təcrübə mübadiləsində fəal iştirak edəcəyini bildirib.

 

E.Babayev BDU-da Azərbaycanda ICESCO-nun ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrasının yaradılmasına dair razılığın elmin bu vacib sahəsi üzrə beynəlxalq əməkdaşlığın inkişafına xidmət edəcəyini deyib: “Biotibb - tibb elminin bioloji və fizioloji prinsiplərini klinik praktikaya tətbiq edən bir tədqiqat sahəsi kimi elmdə aparıcı mövqe tutur. Bu, BDU-nun təbiət elmləri sahəsində müəyyənləşdirdiyi 5 əsas prioritet elmi istiqamətlərdən biridir. BDU-da yeni yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (Excellence Center) nəzdində Biomühəndislik, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyaları da fəaliyyət göstərir”.

 

ICESCO-nun baş direktoru Salim Bin Məhəmməd əl-Malik elmin prioritet istiqamətləri üzrə beynəlxalq əməkdaşlığın önəmini qeyd edib. Vurğulayıb ki, Biotibbi materiallar kafedrasının yaradılması təkcə Azərbaycanda deyil, islam dünyası ölkələrində biotibb elmi istiqamətinin inkişafına da əlavə təkan verəcək. Kafedra biotibbi materiallar üzrə tədqiqat işlərinin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına da yardım göstərəcək.

 

Sonda BDU nəzdində ICESCO-nun Biotibbi materiallar kafedrasının yaradılmasına dair müqavilə imzalanıb.

 



19.05.2022 | 11:05