“Qordi düyünü”

Mayın 21-də Sumqayıt şəhər Poeziya evində gənc yazıçı Gülnaz Nağızadənin “Qordi düyünü” dedektiv romanının təqdimat mərasimi keçirilib. Tədbirin aparıcısı, Poeziya evinin direktoru İbrahim İlyaslı təqdimata gələn qonaqları salamlayıb və təqdimat mərasiminin əhəmiyyətini qeyd edib. Dövlət başçısı İlham Əliyevin ədəbiyyata, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edən Poeziya evinin direktoru bu siyasətin gəncliyin inkişafı üçün daha geniş imkanlar açdığını bildirib. Sumqayıt şəhər Poeziya evinin neçə-neçə ədəbi tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran İbrahim İlyaslı belə bir ədəbiyyat məbədinin tikilməsinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib.

 

Təqdimatın aparıcısı İbrahim İlyaslı gənc yazıçını tədbir iştirakçılarına yaxından təqdim edərək qeyd edib ki, Gülnaz Nasir qızı Nağızadə 2003-cü ildə Masallı rayonunun Yeyənkənd kəndində dünyaya gəlib. 2009-2014-cü illərdə Masallı şəhərindəki “Dəfinə” liseyində təhsil alıb. Gülnaz Nağızadə 2020-ci ildə Nəsrəddin Tusi adına Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib və elə həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. “Qordi düyünü” dedektiv romanı hazırda ikinci kurs tələbəsi olan gənc yazarın sayca üçüncü kitabıdır. Gülnaz Nağızadənin ilk “Xoşbəxtlik qapını döyür” povesti 2017-ci ildə, “Femidanın gözləri” kitabı isə 2018-ci ildə nəşr edilib.

 

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli gənc yazıçını təbrik edib, gələcəkdə peşəkar hüquqşünas və yazıçı kimi yetişməsini arzulayıb, gənclərin dövlət səviyyəsində dəstəklənməsinin əhəmiyyətindən danışıb.

 

Milli Məclisin deputatı Musa Qasımlı bu təqdimatın onu qürurlandırdığını dilə gətirərək Gülnaz Nağızadəni bütün dağ kəndlərində böyüyən qızlara nümunə adlandırıb. Millət vəkili yazara kitablarını sosial şəbəkələrdə təbliğ etməyi tövsiyə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Dünya Türk Gənc Yazarları İctimai Birliyinin sədri Əkbər Qoşalı gənc bir qızın kitabının təqdimatından vətəndaş məmnuniyyəti hiss etdiyini bildirib, Azərbaycanda qızların təhsilinə göstərilən diqqətdən bəhs edib. Ə.Qoşalı Gülnaz Nağızadəyə Türk Dünyası Gənc Yazarları Birliyinə üzvlük kartı təqdim edib.

 

“Qordi düyünü” kitabının redaktoru, filologiya elmləri doktoru, “Azərbaycan” jurnalının baş redaktor müavini, tanınmış tənqidçi Vaqif Yusifli artıq 3-cü dəfə Gulnaz Nağızadənin kitablarına həsr olunan tədbirdə iştirak etdiyini qeyd edib və gənc yazara yeni-yeni uğurlar arzulayıb. “Ədəbiyyat dildən, üslubdan başlayır” fikrini vurğulayan V.Yusifli G.Nağızadənin kitablarında Azərbaycan dilinin saflığına hörmət, üslub bənzərsizliyinə əməl olunduğunu önə çəkib. Gənc yazıçının iki əvvəlki kitabında mənəvi saflıqdan bəhs edildiyini, bu kitabın isə detektiv janrında yazıldığını bildirən redaktor ön söz müəllifinin Arif Fərzəliyev olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.Vaqif Yusifli Gülnaz Nağızadəyə bu üç kitabın onun yaradıcılığında birinci mərhələ kimi qəbul edilməsini arzulayıb, gələcək əsərlərində real hadisələri qələmə almağı tövsiyə edib.

 

Gülnaz Nağızadəni təbrik edənlər arasında millət vəkili, Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri Anar İsgəndərov, Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü, Sumqayıt şəhər Təhsil Şöbəsinin sabiq müdiri Ofelya Babayeva, Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Gülbahar Haqverdiyeva, tanınmış şair, publisist, polis polkovniki Fəxrəddin Teyyub, Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, eləcə də gənc yazarın ən böyük dəstəkçisi olan atası Nasir Nağızadə və digər ziyalılar çıxış edərək xoş arzularını dilə gətiriblər.

 

“Qordi düyünü” kitabının arxasında qeyd olunan treyler (hələ yayımlanmamış filmin, təqdim edilən kitabın ən maraqlı anlarından ibarət video) təqdimat iştirakçılarına nümayiş etdirilib, treylerdə iştirak edən aktyorlar gənc yazıçının uğurlarında iştirakdan məmnun olduqlarını deyiblər.

 

Gülnaz Nağızadə yaradıcılığına göstərilən böyük dəstək haqqında danışaraq valideynlərinə, millət vəkili Qənirə Paşayevaya, İbrahim İlyaslı başda olmaqla Poeziya evi heyətinə, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyliyə, kitablarının redaktorları Vaqif Yusifliyə və Arif Fərzəliyevə, əsərlərinin işıq üzü görməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib, Dünya Türk Gənc Yazarları Birliyi tərəfindən kartla təltif edildiyinə görə fərəhləndiyini qeyd edib.

 

Təqdimatın sonunda tədbir iştirakçıları gənc yazıçı ilə xatirə şəkli çəkdirib, iştirakçılara Gülnaz Nağızadənin imzası ilə kitablar hədiyyə olunub.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



27.05.2022 | 14:45