Mingəçevir Dövlət Universitetində mina təhlükəsizliyi barədə maarifləndirici tədbir

Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə mina təhlükəsizliyi barədə maarifləndirici tədbir keçirilib. Tədbirdə nazirliklərin məsul əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində əldə edilən tarixi Zəfərdən sonra “Böyük Qayıdış” məqsədilə işğaldan azad olunmuş doğma torpaqlarımızda görülən irimiqyaslı quruculuq və abadlıq işlərindən danışıb. Bununla əlaqədar olaraq, ərazilərdə minatəmizləmə əməliyyatlarının sürətlə həyata keçirildiyini qeyd edən rektor, xüsusilə Qarabağa çox sıx ziyarətlərin başlanıldığı hazırki şəraitdə insanlar arasında partlayıcı sursatlara qarşı maarifləndirmə işlərinin vacibliyindən söhbət açıb və tədbirin əhəmiyyətini vurğulayıb.

 

Müharibədən sonrakı dövrdə baş verən faciəvi hadisələrə diqqət çəkən Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev təhsil müəssisələrində mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin aparılmasının aktuallığı, insanların bu istiqamətdə məlumatlı olmasının əhəmiyyəti və təhlükə vəziyyətində atılmalı olan addımlar barədə danışıb.

 

Sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ələkbər Ələkbərov “Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. Minalanmış ərazilərdə təhlükəsiz hərəkət etmək qaydalarından bəhs edən Ə.Ələkbərov minaların növləri və formaları, onların ola biləcəyi yerlər, minaların gücü və insan sağlamlığına təsiri barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

 



27.05.2022 | 15:17