562 şagirdin buraxılış imtahanındakı nəticəsində dəyişiklik edilib

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya komissiyasının məlumatı açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu tarixlərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya komissiyasına 4208 şagird ərizə ilə müraciət edib. Ərizələrdə ümumilikdə 16862 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Bu imtahanlarda şagirdlərin ümumilikdə 1091736 tapşırıq üzrə yazı işi yoxlanılıb.

 

Daxil olan müraciətlər araşdırılıb və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 1238 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 2970 (onlardan 130-a yaxın şagird dəfələrlə edilən zənglərə cavab verməyib) nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apellyasiyaya müraciət edənlərdən 562 şagirdin (bütün imtahan verənlərin 1,22%-i) cəmi 616 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah olunub. 68 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

 

Şagirdlərin nəzərinə çatdırılır ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.



31.05.2022 | 09:46