“ASAN Peşə” layihəsinin əhatə dairəsi hər il genişləndirilir

 

 

2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili  “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində avqustun 6-dan 26-dək davam edən sənəd qəbulunun nəticələrindən danışıb.

 

 

- “ASAN Peşə” layihəsinin icrası zamanı bu il  həm keyfiyyət, həm də kəmiyyət dəyişikliyi müşahidə olunub. Ötən illə müqayisədə hansı yeniliklər var?

 

- Artıq 3 ildir “ASAN Peşə” layihəsi davam etdirilir. 2016/2017-ci tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi layihənin əhatə dairəsi hər il genişləndirilir. İlkin olaraq pilot kimi yalnız Bakı və Gəncə şəhərləri üzrə qəbul “ASAN xidmət” mərkəzlərində aparılırdısa, bu il regionlarla yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə də qəbul “ASAN xidmət”də həyata keçirildi. Qeyd edim ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul yalnız "ASAN xidmət" tərəfindən həyata keçirilir. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə isə yalnız dövlət hesabına qəbul müvafiq "ASAN xidmət” mərkəzlərində aparılır. Layihənin əhatə dairəsinin genişlənməsi ilə əlaqədar olaraq vətəndaşlara xidmət göstərən “ASAN xidmət” mərkəzlərinin sayı da bu ildən artıb. Belə ki, iki  “ASAN Kommunal” prosesə cəlb olunub. Əlavə olaraq Quba və Mingəçevirdə də “ASAN xidmət” mərkəzləri vətəndaşlara xidmət göstərir. Beləliklə, layihə bu il 13 “ASAN xidmət” mərkəzində həyata keçirildi. Ötən illərdə olduğu kimi, bu il də “ASAN Xidmət” mərkəzlərinin xidmət göstərmədiyi regionlarda, ucqar rayonlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul olunmaq istəyənlərin elə həmin peşə məktəblərinin özündə elektron qaydada qeydiyyatdan keçmələrinə şərait yaratdıq.

 

Avqustun 27-də qəbulun nəticələri elan edildi. Vətəndaşlara peşə təhsil  müəssisələrinə qəbul olunduqlarına dair SMS göndərildi. Qeyd edim ki, SMS xidməti bu il tətbiq etdiyimiz yeniliklərdəndir. “ASAN Xidmət” mərkəzlərində qeydiyyatdan keçənlərin ərizələrində qeyd etdikləri mobil nömrələrinə SMS vasitəsilə müsabiqə nəticələri barədə məlumat göndərildi. Həmin məlumatda qəbul olunduqları, ətraflı məlumat üçün istifadə edə biləcəkləri linklər və qeydiyyat üçün onlara verilən vaxt əksini tapıb.

 

- Əvvəlki iki ildə peşə təhsili müəssisələrinə qəbul prosesində xüsusi fəallıq müşahidə edildi. Bu il vəziyyət necədir? Peşə təhsili müəssisələrinə maraq artır deyə bilərikmi?

 

- Əlbəttə, ötən illə müqayisədə bu il iştirakçıların sayı artıb. İlkin mərhələdə 11017 nəfər sənəd qəbulu prosesində iştirak edib. Onlardan 9196 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub. Ümumiyyətlə, son illərdə peşə təhsili sahəsində görülən tədbirlər bu sektorun yeni imicinin formalaşdırılmasına, peşə təhsilinin infrastrukturunun və məzmununun yenilənməsinə təkan verib. Mövcud peşə təhsili müəssisələri ilə beynəlxalq tərəfdaşlar arasında qurulan əməkdaşlıqlar da peşə təhsilində keyfiyyətin yüksəldilməsinə müsbət təsir edir. 

 

- Birinci mərhələdə qəbul olunmayan şəxslər, xeyli sayda boş qalan yerlər var.

 

- Bəli, ancaq bu mərhələdə qəbul olunmayanlar ixtisas seçimini düzgün aparmayanlar, kifayət sayda ixtisas seçimini düzgün yazmayanlardır. Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Ancaq onlar bu şansdan istifadə etmirlər. İxtisasların sayını az yazır, həmin ixtisasların keçid balı ilə orta attestat balında uyğunsuzluq yarananda isə kənarda qalırlar.

 

Başqa bir məsələ. Məlum olduğu kimi, həm ali, həm peşə təhsilində dövlət yalnız bir dəfə pulsuz təhsil almaq imkanı verir. Ancaq qəbul prosesində təkrar pulsuz təhsil almaq istəyənlər olur. Bu cür faktlarla ötənilki qəbul prosesində də qarşılaşmışdıq. Sistem avtomatik olaraq onları kənarlaşdırır və ya ödənişli ixtisaslara qəbul edir. Odur ki, bir dəfə pulsuz təhsil alan şəxslər ikinci dəfə dövlət sifarişli yerlər seçməməlidirlər.

 

- Peşə təhsili sahəsində inkişafın nəticəsi olaraq hər il yeni peşə məktəbləri fəaliyyətə başlayır. Bu da qəbul planındakı ixtisasların sayına təsirsiz ötüşmür. Bu il hazırlığı nəzərdə tutulan yeni ixtisaslar varmı?

 

- Qəbul planında 168 ixtisas üzrə kadr hazırlığı planlaşdırılır ki, bunlardan 33-ü tam yeni ixtisaslardır . Yəni, “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda adı olsa da, indiyədək hazırlığı təşkil edilməyən 24 ixtisas və müxtəlif sahəvi dövlət proqramlarının icrası istiqamətində “Təsnifat”a əlavə edilən 9 ixtisas üzrə məhz bu ildən kadr hazırlığı aparılacaq. Balıq yetişdirilməsi üzrə mütəxəssis, elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis, dağ-mədən işləri üzrə mütəxəssis, məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis, mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis, üzümçülük və şərab ustası, gəmi elektriki, mühafizəçi ixtisasları yeni ixtisaslardandır. Qeyd edim ki, cari ildə ölkə başçısının iştirakı ilə açılışı olan Mingəçevir “ASAN Həyat” kompleksinə daxil olan “ASAN Peşə” Təhsil Mərkəzi də bu tədris ilindən 5 ixtisas üzrə kadr hazırlığına başlayır.

 

- Peşə təhsili üzrə “məşhur ixtisaslar” hansılardır?

 

- Ən çox sənəd verilən ixtisaslardan ibarət siyahıda aşpaz, dərzi, elektrik qaz qaynaqçısı, İT mütəxəssisi və veb-dizayner, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, regionlarda geniş profilli traktorçu-maşinist, təmirçi-çilingərdir. Kompüter operatoru, aşpaz, əməliyyatçı mühasib, bərbər ixtisasları üzrə hətta ödənişli əsaslarla da təhsil almaq istəyənlərin sayı kifayət qədər çoxdur. Təsəvvür edin ki, aşpaz, veb dizayner və turizm agenti ixtisaslarına bu il orta attestat balı 4 baldan yuxarı olanlar müraciət edirlər.

 

- Ümumiyyətlə, yüksək attestat balı tələb olunan ixtisaslar çoxdur?

 

- Ən çox Turizm və sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz və turizm agenti, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində avtomobil üzrə elektrik, veb-dizayner ixtisaslarına müraciət çoxdur. Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin veb-dizayner ixtisası, Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin elektrovoz maşinisti köməkçisi ixtisası da ən çox seçilənlərdəndir. Müraciət edənlərin attestat balı 4-dən yuxarıdır.

 

- Heç müraciət olunmayan, seçilməyən ixtisaslar varmı?

 

- Ən az sənəd verilən ixtisaslar var. Kimyəvi təmizləmə aparatına xidmət edən usta, musiqi alətlərinin ustası, ət yarımfabrikatları hazırlayan, suvarma maşınları və nasos qurğuları maşinisti, nəzarət-ölçü və avtomatika cihazlarının çilingəri, inşaat materialları istehsalında texnoloji avadanlıqların ustası, plastik qapı və pəncərə quraşdırıcısı, toxucu (pambıq, yun, ipək, kətan istehsalatı), ağac üzərində naxış rəssamı, quru inşaat və suvaq işləri ustası.

 

- Ali təhsil almış, sonradan ixtisasını dəyişmək məqsədi ilə peşə təhsili almaq istəyənlərə necə, rast gəldiniz?

 

- Əmək bazarının tələbinə uyğun olaraq ixtisasını dəyişmək istəyənlərlə daha çox sənəd qəbulu prosesində qarşılaşırıq. Bildiyiniz kimi, peşə təhsili müəssisələrinə qəbul zamanı attestat tələb olunur. Ali və ya orta ixtisas təhsilli şəxslərin isə attestatı əvvəl təhsil aldığı təhsil müəssisəsində qaldığından təhsil haqqında hansı sənədi təqdim edə biləcəyi ilə bağlı bizə müraciət edirlər. Bu müraciətlərdən bilirik ki, peşə təhsili almaq istəyən ali təhsillilərin sayı kifayət qədər çoxdur.

 

- Belə müraciətlərə nə cavab verilir?

 

- Təhsil aldıqları orta məktəbdən arayış gətirirlər. Müraciət edənlərin sərbəst seçimi əsasında peşə təhsili müəssisələri, həmin müəssisələrdə hazırlıq aparılan ixtisaslar müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir. Məktəbdən təqdim edilən arayışla qəbul zamanı əsas götürdüyümüz fənlər üzrə, yəni Ana dili-tədris dili, Ədəbiyyat, Riyaziyyat, Azərbaycan tarixi, Coğrafiya, İnformatika, Fizika və Xarici dil üzrə qiymətlər əsasında orta bal müəyyənləşdirilir.

 

- Qeydiyyat zamanı güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd tələb olunur. Bu kateqoriyaya kimlər aiddir?  “Peşə təhsili haqqında” Qanunun pulsuz təhsil almaq imkanı verdiyi şəxslər də onlardandırmı? Ümumiyyətlə, yeni qanun kimlərə pulsuz təhsil almaq imkanı verir?

 

- Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərdən söhbət gedir. “Peşə təhsili haqqında” Qanuna əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onlar təhsil haqqından azad olunurlar. Onlar kimlərdir? Valideynlərini itirənlər, valideyn himayəsindən məhrum olanlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin birmənalı olaraq təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Bu məqamda bir məsələni də qeyd edim. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması əsas hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, qanunda yaşlılar, xüsusi qayğıya ehtiyacı olan gənclər və digər həssas əhali qruplarının təhsilə cəlb olunmaları üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması, onların ixtisaslarına uyğun işlə təmin olunmasına köməklik göstərilməsi nəzərdə tutulub. Bunun nəticəsidir ki, ölkəmizdə ilk dəfə olaraq 2017-2018-ci tədris ilində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində sağlamlıq imkanları məhdud gənclər üçün “Soyuducu qurğuların maşinisti” ixtisası üzrə qrup açılıb və 9 nəfər inklüziv təhsil alıb.

 

- Xarici dildə təhsil almaq imkanı yaradılıbmı? Peşə təhsili müəssisələrində bu kateqoriyadan olan vətəndaşlar üçün hansı seçim imkanları var?

 

- Ötən il yalnız bir təhsil mərkəzində rus bölməsi fəaliyyət göstərirdi. 2018-2019-cu tədris ilindən başlayaraq 3 mərkəzdə - Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ixtisaslı kadr hazırlığı rus bölmələrində də aparılacaq. Bu, qəbul planında əksini tapan yeniliklərdəndir.

 

- Hazırda qeydiyyat prosesi davam edir. 27-dən start götürən bu proses 31-dək  davam edəcək. Bəs, bundan sonra?

 

- Qeydiyyat başa çatdıqdan sonra növbəti həftə boş qalan yerlər üzrə yenidən ixtisas seçiminə start verəcəyik. Bu mərhələ də 1 həftə ərzində davam edəcək. Bu prosesdə istənilən şəxs iştirak edə bilər. Vətəndaşlar bəzən elə hesab edirlər ki, növbəti mərhələ ilk mərhələdə iştirak edib keçməyənlər üçündür. Əslində, belə deyil. Elan olunacaq növbəti mərhələdə həm ilk mərhələdə iştirak edib keçə bilməyənlər, həm də ilk dəfə iştirak edəcək şəxslər qatıla biləcəklər. Birinci mərhələdə iştirak edə bilməyənlər tərəddüd etmədən növbəti ixtisas seçimi mərhələsinə qatıla bilərlər. Çünki növbəti mərhələyə çıxarılan yerlərin sayı kifayət qədər olacaq.

 

- Layihənin uğurla davam etməsini onun məqsədinə çatdığının göstəricisi saya bilərikmi?

 

- Layihənin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbul prosesində vətəndaşların rahatlığını və obyektivliyi təmin etməkdir. Hesab edirəm ki, biz buna nail oluruq.

 

Ruhiyyə DAŞSALAHLI



31.08.2018 | 10:39