Fateh Sultan Məhmətin təhsili

Orta əsrlərdə istər müsəlman, istərsə də Avropa ölkələrində şahlar, sultanlar, imperatorlar və krallar övladlarının təhsilini və tərbiyəsini diqqət mərkəzində saxlayır, onların  mükəmməl təhsil almaları üçün ən yaxşı  müəllimləri seçirdilər. Makedoniyalı  İsgəndəri  xatırlamaq  kifayətdir. O, “Dünyanın sonuna və Böyük  xarici  dənizə” şüarı  altında  müharibələrə başlayarkən, təsadüfən qələbələr qazanmırdı.  Aldığı  təhsil,  yiyələndiyi bilik  və  təcrübə,  gördükləri  tərbiyə  sayəsində  buna nail  olurdu.  Bu  sahədə  yaxşı  müəllim,  tərbiyəçi az  rol  oynamır.  İsgəndərin  müəllimi  qədim  yunan filosofu  Aristotel  idi. İsgəndər  16  yaşına  qədər böyük  filosofdan  dərs  almışdı. Aristotel  İsgəndərə  və  məktəb  yoldaşlarına  əxlaq,  din,  təbabət,  fəlsəfə,  məntiq  və  incəsənət  dərsləri  keçirdi.  Böyük  filosof  İsgəndərdə  Homerin  yaradıcılığına,  ələlxüsüs  “İlliada” əsərinə  dərin  məhəbbət  yaratmışdı. Aristotel hətta  “İliada”nın  izahlı  nüsxəsini  də  ona  hədiyyə etmişdi.  İsgəndərdə  əsərə  maraq  və  ehtiyac  o qədər  güclü  idi  ki,  həmin  nüsxəni  hərbi  yürüşləri zamanı özü ilə  də  aparırdı.

 

Digər  ölkələrdə  olduğu  kimi,  dünyanın  ən böyük  və  ən  qüdrətli  dövləti  olan  Osmanlı  imperatorluğunda  da  Sultanların  övladları,  şahzadələr, xüsusən  vəliəhdlər  mükəmməl  təhsillə  əhatə  olunur,  bu  məqsədlə  dövrün  ən  savadlı  müəllimləri və  alimləri  təlim  və  tərbiyə  işlərinə  cəlb  edilirdilər.

 

Sultan  II  Murad  xan  Şahzadə  Məhmətin yaxşı  təhsil  almasını  və  yetişməsini  istəyirdi. Ona  görə  də  erkən  yaşlarından  onun üçün  savadlı müəllimlər seçib ayırmışdı. Həmin  ərəfədə  müqəddəs  Məkkə  ziyarətindən  gələn  ilk  Osmanlı  şeyxülislamı  Molla  Fənari  Molla  Güranini  də  özü  ilə  Ədirnəyə  gətirmişdi.  Sultan  Murad  xan  şeyxülislam  Molla  Fənarini  qəbul  etdi.  Söhbət  zamanı  oğlu  Məhmət üçün  savadlı  bir  müəllim  axtardığını  bildirdi. Bunu eşidən şeyxülislam dedi:

 

- Mən  sizə  ləyaqətli  və  dünyagörüşlü  bir alimi  və  təcrübəli  müəllimi  məsləhət görərdim.

 

Sultan  həmin  şəxslə  maraqlandı. 

 

Şeyxülislam bildirdi:

- Məsləhət  bildiyim  şəxs  Molla  Güranidir. Misirdə  alimlərdən  təlim  alıb,  təfsir,  hədis  və  fıkıhda  yüksək mərtəbəyə  çatıb.

 

II  Murad  xan  onun  təqdimatından  razı qaldı:

- Çox  gözəl,  çox  pakizə.  Molla  Güranini görmək istərdim.

 

Osmanlı  şeyxülislamı  Molla  Fənari  Sultanla  görüşüb  ayrıldı.  Tez  bir  zamanda  Molla Gürani  Sultanın  hüzurunda  oldu.  II  Murad  xan Molla  Gürani  ilə  söhbətindən  bu  qənaətə  gəldi ki,  şeyxülislamın  namizədi  çox  önəmli,  savadlı və  təcrübəlidir,  Məhmətin  təhsilini  və  tərbiyəsini ona həvalə  edə  bilər.

 

Molla  Güranı  əvvəlcə  Bursa  mədrəsələrindən  birinə  müəllim  təyin  olundu.  Sonradan  şahzadələrin  təhsili  ilə  məşğul  olmaq  üçün  Manisaya  göndərildi.  Həmin  zamanlar  şahzadə  Məhmətin altı  yaşı vardı, Manisa sarayında idi.

 

Molla  Güranı  dərslərini  riyaziyyat,  həndəsə,  təfsir,  hədis,  fiqh,  kəlam  və  tarix  fənləri  üzrə aparırdı. Fəqət  atasının  istəyinin  əksinə  olaraq Məhmətin  oxumağa  həvəsi  yox  idi.  Müəllimini incidirdi.  İtiağıl,  dərrakəli,  zəkalı  olsa  da,  ərköyünlüyündən  qalmır,  məşğələ  otağına  gecikir, dərsin  tez  qurtarmasını  səbirsizliklə  gözləyir,  təlimlər  zamanı  diqqəti  yayınır,  bəzən  dərslərə  hazırlıqsız  gəlirdi.

 

Molla  Güranı  ona  irad  tutanda  Məhmət qayıdıb deyirdi:

- Oxumaq  mənim  nəyimə  lazımdır?  Mən böyüyəndə  Sultan  olacağam.  Sultan  yaxşı  qılınc oynatmağı,  nizə  və  ox  atmağı,  güləşməyi  bacarmalı,  düşmənləri  yerində  oturtmağı  bilməlidir. Hə,  bir  də  ölkəni  idarə  etməlidir.  Mənə  güləşməyi,  ox  atmağı,  qılınc  tutmağı  öyrədin.  Bu dərsləri  mənasız  hesab  edirəm.  Müharibəyə  kitabla  yox,  qılıncla  gedirlər!  Biliklə  yox,  atla yola düşürlər!

 

Molla Güranı:

- Ay  oğul, sən Şahzadəsən!  -  dedi.  -Şahzadə  mükəmməl  təhsil  almalı,  elmlərə  vaqif  olmalıdır.  Dünyanın  gərdişindən  xəbər  tutmalıdır. Ağlımızı  nurlandıran  təhsildir,  elmdir.  Təhsil həyata,  kainata  açıq  gözlə  baxmağımıza  kömək edir.  Sultana  bilik  almaq,  elm  öyrənmək  birinci növbədə  şahzadəyə lazımdır  ki,  ölkəni  ağılla, dərrakə  ilə  idarə  eləsin.

 

Məhmət laqeyd halda ona  baxaraq:

- Sizin  dediklərinizdən  mənim  ağlım  bir şey  kəsmir,  -  dedi.  -Mən  gedirəm  ox  atmağa,  qılınc  oynatmağa.  Həvəsim  olanda  gələrəm,  dərs keçərik.

 

Məhmət qaçaraq  getdi,  Molla Güranı onun ardınca  baxa-baxa  qaldı.  Son  illər  ərzində  o,  bir çox  uşaqlara  dərs  keçmişdi.  Uşaqlar  da,  ata-anaları  da  onun  təlimindən  razı  qalmışdı.  Amma Məhmətlə  heç  cür  bacarmırdı.  Elə  öz  bildiyini edirdi.  Ona  görə  başqa  çarəsi  qalmadı.  Sonra Sultanın  yanında  xəcalətli  qalacaqdı.  Hələ  yəqin ki,  Sultan  üstəlik  şeyxülislam  Molla  Fənariyə  də irad  tutacaq:  “Tərifli  müəllimin  bu  idi?”  deyə soruşacaqdı.

 

Molla Güranı Sultan Murad  xanın Manisaya gəlməsindən xəbər tutub çox pərt halda onun  hüzuruna  getdi.  Sultan  onu  çox  hörmətlə qəbul etdi:

- Yaxın  gəl,  şərafətli  müəllim!  İşlər  necə gedir? Bizim Məhmətin  dərsləri nə  yerdədir?

 

Molla  Güranı  belə  təmtəraqlı  qarşılanmadan  sonra  Məhmətdən  şikayətlənməyi  özünə ayıb saydı.  Bilmədi ki, nə  desin, nə  danışsın.

 

Onun  susduğunu  görən  Murad  xan  özü dilləndi:

- Molla  Güranı,  cavab  verməkdə  nə  isə  çətinlik  çəkirsən.  Problem  nədədir?  Məhmət  oxumur?

 

Molla  Güranı  dinmədi.  Sultan  yenə  sözə başladı:

- Əlbəttə,  oxumur.  Yoxsa  nə  problem  ola bilər  ki?  Yəqin  səni  də  incidir.  Bu  uşaqlar  belədirlər.  Ərköyün  olurlar.  Məhmət  də  dəlisovun biridir.

 

Sultan  ani  fikrə  getdi.  Sonra  ayağa  qalxıb əlini  pərt,  halı  pərişan  şəkildə  sakitcə  oturmuş Molla Güranınin çiyninə  qoydu:

- Ürəyinizi sıxmayın, çarəsini  taparıq.

 

Ertəsi  gün  Sultan  özü  dərs  keçilən  otağa daxil  oldu: Molla  Güranı  ayaq  üstə  idi,  Məhmət  əyləşmişdi,  qarşısında  kitab  və  yazı  yazmaq  üçün kağızlar  vardı.  Molla  Güranı  Murad  xanın  gəlişini  gözləmədiyindən  çaşıb  qaldı,  “Xoş  gəldin” edib,  mil  dayandı. 

 

Məhmət  tez  ayağa  qalxdı. Sultan şahzadə Məhmətə  müraciətlə:

- Eşitdiyimə  görə,  oxumaq  istəmirsən? Dərdin nədir?  Şahzadə  də  savadsız  olar?

 

Məhmət başını  aşağı saldı. Murad xan sözünə  davam etdi:

- Bundan  belə  məcbur olub oxuyarsan.

 

Murad  xanın  işarəsi  ilə  içəri  bir  dəyənək gətirdilər. Murad xan Məhmətə:

- Başını  qaldır!  -  dedi.

 

Məhmət  atasına  qulaq  asdı.  Murad  xan üzünü Molla Güraniyə  tutdu:

- Bu  dəyənəyi  gətirmişəm  ki,  Məhmət  sənə qulaq  asmayanda  bununla  onun  aşını-suyunu verəsən. Eşidirsən, Məhmət?

 

Məhmət  başı  ilə  təsdiq  etdi.  Sultanın  işarəsi ilə  dəyənəyi  otağın  küncünə  qoydular.  Sultan  xudahafizləşib  çıxdı.  Məhmət  narazı  nəzərlərlə müəlliminə  baxdı,  amma  heç  bir  söz  demədi.

 

Günlər  keçdi.  Ərköyünlüyündən  atasının xəbər  tutması  və  üstəlik  döyülmək  qorxusu Məhməti  dərslərə  diqqət  göstərməyə  məcbur edirdi.  Əvvəlki  vaxtlara  nisbətən az-çox dərslərinə fikir  verirdi.  Amma  bu, müəllimini  təmin  etmirdi.  O,  Məhmətdən daha çox fəallıq və şüurluluq gözləyirdi. Təbii  ki,  Molla  Güranı heç zaman dəyənəyə əl atmadı. Ağıllı, zəkalı və dərrakəli  Məhməti kötəkləməyə  onun  əli  gəlməzdi.

 

Məhmət də bunu hiss etmişdi.  Bilirdi  ki, atası icazə versə də, müəllimi ona əl qaldırmaz.  Bu  yenə  onu arxayınlaşdırmışdı.

 

Sonradan  onun  təhsili  əslən  azərbaycanlı olan  Məhəmməd  ibn  Şeyx  Həmzəyə  -  Ağ  Şəmsəddin  əfəndiyə  tapşırıldı.  Ağ  Şəmsəddin  tanınmış  din  xadimi  və  alim  idi.  Zahirən  və  daxilən gözəl  şəxs,  dünya  elmlərinə  vaqif  bir  şəxsdi. Bəzi  mənbələrdə  onun  Şam  şəhərində,  digər mənbələrdə  isə,  Şamaxı  şəhərində  doğulduğu bildirilir.  Yetmiş il ömür sürmüşdü. Saqqalı  ağappaq  olduğundan  və  daim  ağ libas  geydiyindən  ona  Ağ  Şəmsəddin,  yaxud  Ağ Şeyx  deyirdilər. 

 

Ağ Şəmsəddin Anadoluda  məşhur  təsəvvüf  alimi  Hacı  Bayram Vəlinin  müridi  olmuşdu. Hacı  Bayram  Vəlidən  təlim  alan  Ağ  Şəmsəddin  tez  bir  zamanda  təsəvvüfün  bütün  sirlərinə  yiyələnmişdi.

 

Hacı  Bayram  Vəlinin  II  Murad  xanla  şəxsi tanışlığı  vardı.  Sultan  ona  böyük  dəyər  verirdi. Bir  gün  II  Murad  xan  hətta  dörd  yaşlı  oğlu  şahzadə  II Məhməti  də  yanına  alıb  onun  ziyarətinə getmişdi.  Hacı  Bayramın  yanında  ağ  paltarda, ağ  baş  geyimində,  dümağ  saqqalda  nurani  bir şəxs  də  vardı.  Hacı  Bayram  Vəli  həmin  adamı Sultana  təqdim  etdi:

- Mənim  ardıcılım  Məhəmməd  ibn  Şeyx Həmzədir. Adına  Ağ  Şəmsəddin deyirlər.

 

Sultan  söhbət  zamanı  Hacı  Bayram Vəliyə:

- Hacı,  Konstantinopolu  (İstanbulu) almaq  mənim çoxdankı  arzumdur!  Amma  hələ  ki,  buna  nail ola  bilməmişəm,  -dedi.  Sonra  əlavə  etdi.  - Konstantinopolu  İslam şəhərinə  çevirmək istəyirəm.

 

Hacı  Bayram  Vəli  dərhal  cavab  vermədi. Bir qədər fikirləşib ehtiyatla:

- Çox  gözəl  arzu  və  istəkdir!  Fəqət  bu  asan başa  gəlməyəcək!  Bu  yolda  çox  qanlar  tökülüb, səmərəsi  olmayıb.  Lakin  Konstantinopolun  bir  zaman  Osmanlı  tərəfindən  alınacağına  mən  də  inanıram!  Fəqət  bunu  nə  sən,  nə  də  mən  görəcəyəm!

 

Sultan  Murad  xanın  kefi  pozuldu.  Hətta bura  gəldiyinə  görə  peşman  oldu.  Fikirləşdi: “Bu  qoca  xərifləyib  deyəsən!  Xeyir-dua  vermək əvəzinə, nəs  gətirir”.

 

Xudahafizləşib  getmək  istəyirdi  ki,  Hacı Bayram  dörd  yaşlı  uşağı  -  Məhməti  və  Ağ  Şəmsəddini  göstərərək sözünə  davam etdi:

- Sultanım,  cəsarət  etdiyimə  görə  üzr  diləyirəm.  Doğru  sözümdür.  Konstantinopolun  fəthini  biz,  yəni  nə  sən,  nə  də  mən  görəcəyəm.  Lakin  Şahzadə  Məhmətlə  mənim  müridim  Ağ Şəmsəddin görəcəklər!

 

Hacı  Bayram Vəlinin  bir  zamanlar  uzaqgörənliklə  dediyi  söz həqiqətə  çevrildi.

 

Sultan  II  Murad  xanın  kefi  duruldu.  Ağ Şəmsəddin  onda  xoş  təəssürat  yaratdığı  üçün  onu II  Məhmətin  müəllimi  vəzifəsinə  məsləhət  bildi. Lakin  Məhmət  nadincliyindən  qalmırdı. Ağ  Şəmsəddini  də  incidirdi.  Onun  hərəkətləri Ağ  Şeyxi  əsəbiləşdirirdi.  Belə  anlarda  hövsələsini güclə  basırdı. Dəyənək  məsələsindən  Ağ  Şəmsəddinin də  xəbəri  vardı.  Arada  küncə  qoyulmuş  dəyənəyi  Məhmətə  göstərərək:

- Bax  səni cəzalandıracağam  ha...

 

Şahzadə Məhmət  də  öz  növbəsində  nümayişkaranə şəkildə:

- Mən  Sultanın  oğluyam,  cəzalandıra  bilməzsiniz!  -  deyə  cavab verirdi.

 

Bir  gün  məlum  oldu  ki,  dəyənək  yoxa çıxıb.  Ağ  Şəmsəddin əlüstü başa düşdü  ki,  bu, Məhmətin işidir. Başa  düşsə  də, açıb-ağartmadı. Şəxsiyyətinə  sığışdırmadığı üçün  Ağ  Şəmsəddin  Murad  xana  şikayət  edə  bilmirdi.  Son  zamanlar  Məhmət  lap  ağ  eləmişdi.  Dözə  bilməyən Ağ  Şəmsəddin  vəziyyəti  Sultana  anlatdı.  Bunu eşidən  Sultan  haldan  çıxdı,  amma  tez  toxdadı. Nə  isə  düşünüb  fikrini  Ağ  Şəmsəddinə  dedi.  Ağ Şəmsəddin ona qulaq asıb başını  yellədi:

- Sultanım,  məni  əfv  edin.  Bunu  bacarmaram. Yox,  yox, nə  danışırsınız?

 

Sultan təkid etdi:

- Mənim  dediyin  olacaq!  Ağ  Şəmsəddin! Olacaq!

 

Ağ  Şəmsəddin  kor-peşman  sarayı  tərk etdi.  Özündə-sözündə  deyildi.  Çıxılmaz  vəziyyətdə  qalmışdı. Ertəsi  gün  müəllimi  ilə  şagird  arasında yenə  söz-söhbət  oldu.  Ağ  Şəmsəddin  acıqlı  halda  dedi:

- Məhmət,  artıq  səbrim  tükənib.  Cəza  alacaqsan!

 

Şahzadə Məhmət  qorxu-hürkü  bilmədən  onunla dilləşirdi:

- Sultan  oğlunu  heç  kim  cəzalandıra  bilməz!

 

Bu  zaman  qapı  açıldı.  Sultan  II  Murad  xan daxil  oldu.  Ağ  Şəmsəddin  üzünü  Sultana  tutaraq:

- Dərs  gedir.  Bu  şəkildə  sinfə  girmək  yaramaz!  Xahiş  edirəm,  çölə  çıxasınız!  Nə  zaman icazə  versəm, onda  gələrsiniz!

 

Sultan  ayaq  saxladı.  Əlini  sinəsinə  qoyaraq üzrxahlıq  etdi:

- Bağışlayın,  müəllim.  Üzr  istəyirəm,  -  deyib otaqdan  çıxdı.

 

Gözləri  qarşısında  baş  verən  hadisədən Şahzadə  Məhmətin  matı-mutu  qurudu.  Donmuş və  hərəkətsiz  vəziyyətdə  xeyli  qaldı.  Müəllim Məhmətin  özünə  arxa  bildiyi  şəxsi  -  qüdrətli Osmanlı  dövlətinin  Sultanını  otaqdan  çıxarmış, onu içəri buraxmamışdı.

 

Bu zaman qapı döyüldü.  Ağ  Şəmsəddin:

- Buyurun,  -  dedi.

 

Murad  xan  müəllimin  icazəsindən  sonra otağa  daxil  oldu.

 

Murad  xanla  Ağ  Şəmsəddinin  planı  öz  təsirini  göstərdi.  Həmin  gündən  etibarən  Şahzadə II Məhmət  bir  daha  ərköyünlük  və  müəlliminə qarşı  itaətsizlik  etmədi,  dərslərinə  səylə  hazırlaşmağa,  yaxşı  oxumağa,  nümunəvi  davranmağa başladı.

 

Şahzadə Məhmətin  təfəkkürünün  və  dünyagörüşünün  formalaşmasında  və  müsəlman  inam  və  əqidəsinin  möhkəmlənməsində  İslam  təhsilinin  böyük rolu oldu. Şahzadə Məhmət  sonralar  öz  təcrübəsində  elmlərin təcrübəyə  tətbiqinin  islam  epistemologiyasınin təsirindən  bəhrələndi.  Bu  sahədə,  təbii  ki,  Molla Güraniyə  borclu idi.

 

Molla Gurani və Ağ  Şəmsəddinin  təlimi  və  təsiri  şahzadə Məhmətin həyatının  lap  erkən  illərindən  güclü  təsir  buraxmışdı.  Bu  təsir,  xüsusən  onun  islamdan  irəli  gələn  -  Konstantinopolu  tutmaqla  Bizans  imperiyasına  son  qoymaq  kimi  önəmli  vəzifəsinin  yerinə  yetirilməsi  ilə  nəticələndi. 

 

Günlərin birində Molla Gürani gecənin bir aləmi yuxudan ayılıb baxır ki, Şahzadə Məhmətin otağının işığı sönməyib. Onu maraq götürür. Şahzadəni çalışan görür. Müəllimini görən şahzadə ayağa qalxır. Molla Gürani soruşur:

- Şahzadəm, niyə oyaqsan? 

- Düşüncələrə qapılmışam. 

- Səni narahat edən nə?  Hansı dərslə bağlı problemin var?  

 

Şahzadə əvvəlcə cavab vermək istəmir.  Bunu görən Molla Gürani irəli yeriyib stolun üstündəki kağızları gözdən keçirir. Onların sadəcə kağız parçaları olmadığını görən müəllimi heyrət götürür.  Onlar Konstantinopolun gələcək fəth planları imiş, sən demə, şahzadə gecələr uzun müddət yatmır, fəth planları hazırlayırmış.

 

Şahzadə hələ ki,  gizli saxladığı sirrin açıldığını görüb Molla Güraniyə: 

 

- Ricam var. Hələlik bu, sirr olaraq qalsın! Bu məsələ uzun illər maraq dairəmdə olub. Konstantinopol səhabələr zamanından üzü bəri dönə-dönə mühasirəyə alınıb, fəqət fəth olunmayıb. Nə qədər qanlar tökülüb.  Ulu babaş İldırım Bəyazid də, atam Sultan II Murad da bu işin öhdəsindən gələ bilməmişlər. Özümə rahatlıq-dinclik tapa bilmirəm, daim fikirləşirəm: “Konstantinopolu  hansı yolla fəth etmək mümkün olar?”

 

Molla Gurani yetirməsinin düşüncələrini və planlarını bəyəndi və yüksək qiymətləndirdi, öz qənaətlərində israrlı olmasından, gələcəkdə uğurlar qazanmasından ötrü ona bəzi məsləhətlər verdi:

 

- Şahzadəm! Bu, çox böyük zəfər olar. Bu zəfəri qazanmaq üçün sənə uğurlar diləyirəm! Sən varissən. Osmanlı dövlətinin gələcək sultanısan! Mən həmişə istəmişəm ki, sən güclü, qüdrətli, uzaqgörən, adil və müdrik hökmdar olasan. Konstantinopol şəhərinin fəthini neçə əsr bundan qabaq həzrəti Məhəmməd peyğəmbər buyurmuş və demişdir:  “Konstantinopol mütləq fəth olunacaq! Onu fəth edən sərkərdə - nə böyük sərkərdə,  onu fəth edən əsgər nə böyük əsgərdir!”.

 

Mən inanıram ki, peyğəmbərimizin buyruğunu sən yerinə yetirə biləcəksən!

 

Şahzadə Molla Güraninin sözlərindən ruhlandı və illər ötdükcə həmin xeyir-duadan mənəvi güc və qüvvət aldı. 

 

Sultan  II Məhmət   uşaqlıq və gənclik illərindən din, ədəbiyyat, fiqh, fəlsəfə, həndəsə, coğrafiya, təfsir, tarix, kəlam, riyaziyyat  kimi elmlərə dərindən yiyələnmişdi. Ruhani təhsilini və tərbiyəsini  əslən azərbaycanlı olan Ağ Şəmsəddindən   almışdı.  II Məhmətin Ağ Şəmsəddinə böyük hörmət və məhəbbəti vardı. Ağ Şəmsəddinə  müəllim, alim, onun yaxın məsləhətçisi  olmaqla yanaşı, həm də həkim idi. Ağ Şəmsəddin onu ruhən və mənəvi-psixoloji baxımdan Konstantinopolun gələcək fəthinə hazırlayırdı. 453-cü ildə Konstantinopol (İstanbul) fəth olunanda Sultan II Məhmət - fateh adını aldı. Ağ Şəmsəddin isə, onun tərəfindən Konstantinopolun mənəvi fatehi adına layiq görüldü.

 

Fateh Sultan Məhmət Avropa tarixinə və yunan filosoflarının həyatına dair zəngin məlumatlara yiyələnmiş, mükəmməl təlimlər almışdı. Həmin    təlimlər şahzadənin mədəni səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır. 

 

Heyrətdoğuracaq yaddaşı vardı,  böyük maraq sahibi idi. Yüksək qabiliyyətlərinə görə zəmanəsinin ən savadlı şəxslərindən biri kimi tanınırdı.  Hərbi işə marağı xüsusilə böyük idi. Misli görünməmiş hərbi sərkərdə və komandan kimi tanınırdı.

 

Şahzadə II Məhmət  orta  əsrin  məşhur  alimlərindən olan Molla  Ayazdan da  dərs almışdı. Şahzadə yunan, ərəb, fars, fransız, italyan, İndoneziya, latın,  serb dillərində sərbəst danışırdı.   Bu, ona  görə  lazım  idi  ki,  gələcəkdə  xanədanın  başına  keçəndə  idarə  edəcəyi  məmləkətlərdən  və  əcnəbi  ölkələrdən  gələn  elçilərə  və  dövlət  xadimlərinə  öz  dillərində  müraciət  edə,  onları başa  düşə  bilsin. Tarix  və  coğrafiya  fənləri  vasitəsilə  Osmanlı  sultanlarının  və  dünya  cahangirlərinin  həyatı  və  döyüş  təcrübələri  ilə  tanış  olmaq  imkanı qazandı  və  lazım  olan  təcrübəni  topladı.  Onların uğurlarının  və  yol  verdikləri  səhvlərinin  səbəblərini  öyrəndi,  təhlil  süzgəcindən  keçirdi.  Nəticədə  məqsədyönlü,  planlı  və  sistemli  hərəkətetmə  fikrinin vacibliyinə  əmin oldu.

 

Dini  təhsili  sayəsində  özünün  həyat  tərzini, qanun  və  nizamını  tənzimləyə  bildi.  Texniki  biliklərə  əsasən  gələcəkdə  müharibələri  səmərəli aparmaq,  çevik  və  sürətli  hərəkət  etmək,  az  itkiyə yol  vermək  üçün  texnikalar,  taktika  və  strategiyalar  müəyyənləşdirə  bildi.  Hətta  istirahət  edərkən  belə  texniki  işlərlə  məşğul  olmağa  başladı. II Məhmət  əcnəbi  şəxslərdən  çox  şey  öyrəndi. Manisa  sarayında  italyan  humanist  Anconal  Giriaco  və  başqa  italyanlar  ona  dərs  demişdilər. Onlar  qədim  yunan  filosoflarının  həyatı  ilə şahzadəni  tanış  edir,  onun  filosofların  həyatlarına  dair kitabları oxumasına nail  olurdular.

 

Elmə, təhsilə, elm nümayəndələrinə böyük dəyər verirdi. Gələcəkdə filosofları öz ətrafına topladı. Onları dinləyir, fikirlərini öyrənir, öz qənaətlərini bildirirdi. Stoiklərin (e.ə. IV əsrin axırlarında Ellin mədəniyyəti fonunda kosmopolit və fərdiyyətçilik ideyaları və riyazi biliklər əsasında texnikanın inkişafı ilə bağlı yaranmış fəlsəfi təlimin nümayəndələrinə Stoiklər deyirdilər),Platon və Aristotelin təlimləri ilə yaxından tanış olurdu, prinsiplərini müzakirə edərdi.

 

Coğrafiya da Sultan II Məhmət xanın maraq dairəsində idi. Bizim eranın 2-ci minilliyinin təxminən 87, yaxud 100-ci  ilində Misirin Hermi şəhərində doğulmuş  Klavdius Ptolemey dünyada astronomiyanın, optika və coğrafiyanın inkişafında  mühüm rol oynamışdı. Sultan II Məhmət xan  Ptolemeyin elminə bələd idi. Yerin kürə şəklində olması qənaətinə gələn Ptolemey Yer kürəsinin xəritəsini hazırlamaqda idi. Beləliklə, Yer kürəsini müstəviyə proyeksiya  etməyə müvəffəq olmuşdu.

 

Coğrafiyanı, Klavdius Ptolemeyi öyrənmək Sultan II Məhmət xana nə üçün lazım idi? O, fəth etmək fikrində olduğu ölkələrin coğrafiyasına yaxından bələd olmaq istəyirdi. Xəritələr hazırlatdırdı. Nəticədə Aralıq dənizinin, Egey və Adriatik adaları barədə hərtərəfli məlumata yiyələnməkdə,  adıçəkilən dənizin və adaların boşluqlarından və dərinliklərindən xəbərdar oldu.

 

Sultan II Məhmət xan Konstantinopolu (İstanbulu)  fəth etdikdən sonra təhsil və elm sahəsində islahatlar həyata keçirdi. Müasir İstanbul Universitetinin əsası məhz o zaman qoyulub. Onun inşa etdirdiyi  təhsil müəssisələrinə Yer üzünün bütün bölgələrindən, ölkələrindən alimlər gətirilirdi. Konstantinopol (İstanbul) təhsil, elm, mədəniyyət və incəsənət mərkəzi rolunu oynamaqda idi. 

 

Sultan II Məhmət xanın  hakimiyyəti illərini təhsil və elmi sıçrayışlar dövrü kimi səciyyələndirmək mümkündür. Fateh bir yandan Konstantinopolun (İstanbulun) yenidənqurulmasına və iqtisadiyyatına, başqa bir tərəfdən,   təhsil və elmin inkişafına xüsusi diqqət yetirirdi. 

 

Sultanlığı dövründə II Məhmət xanın sarayında zəngin kitabxanası vardı. O,  Ayasofya barədə yazılmış bütün kitabları oxumuş, Bizans imperiyasına aid kitablardan ibarət kolleksiya toplamışdı. Saray kitabxanasında Makedoniyalı  İskəndərin tərcümeyi-halı olan Anabazisin nüsxəsi, Homerin “İlliadası” saxlanılırdı.

 

Fateh  Sultan Məhmət  Osmanlı imperiyasının savadlı, təhsilli, geniş dünyagörüşə malik, imperiyaya sadiq gənclərə böyük ehtiyac olduğunu yaxşı anlayırdı. Odur ki, bir-birinin ardınca qrammatika, məntiq, filologiya, fiqh, islam ehkamları və s. tədris edən təhsil müəssisələri (mədrəsələr) inşa etdirirdi.

 

Hazırda  Topqapı  Sarayının  arxivində  II Məhmətin  şahzadəlik  illərindən  qalma  qaralama dəftərləri  saxlanır.  Həmin  dəftərlərdə  latın  və ərəb  hərfləri,    Roma  büstlərini  xatırladan  insan rəsmləri və Osmanlı  fiqurları əks olunub.

 

Biz bu məqalədə böyük tarixi şəxsiyyət, Osmanlı imperiyasının ən qüdrətli hökmdarlarından biri olan, Türk dünyasının fəxri və iftixarı Fateh Sultan Məhmətin təhsil illərini və təhsilə göstərdiyi qayğını əks etdirməyə çalışdıq. Fikirləşirəm ki, haqqında danışdıqlarımız pedaqoji ictimaiyyət və pedaqoqlar, o cümlədən gənc tədqiqatçılar üçün faydalı olacaqdır.

 

Akif ABBASOV,

Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

 



10.06.2022 | 12:20