“Dərviş olmaq o qədər xoşuma gəlmişdi ki...”

Qrup yoldaşları ən istedadlı rəqib kimi daha çox onun adını çəkdilər. Səhnədə güvənilən tərəfdaşdır, dedilər. Müsahibə əsnasında Hilalın çəkingənliyini görüb, dostlarının onun haqqındakı xoş sözlərini xəbərlədim. Zənnimcə, danışmağa cəsarətləndirirdim. Yanılmışdım. Bu sözlərdən sonra daha təvazökar xarakterini üzə çıxarmış oldum.

 

Beləliklə, ADMİU SABAH qrupu Aktyor sənəti 4-cü kurs tələbələri ilə tanışlığımız davam edir. Budəfəki müsahibimiz Hilal Dəmirovdur.

 

- Axı, onlar dediyi qədər deyiləm.

 

- Hilal, sizin oyununuzu mən də görmüşəm. Yaxşısı budur, gəlin söhbətə başlayaq.

 

- (Gülür). Çox sağ olsunlar, nə deyim, bilmirəm.

 

- Deyilənlər bir yana, Hilal. Anında vəziyyətdən çıxmaq bacarığınızı “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşasında görmüşdüm. Dərviş obrazında çıxmışdınız səhnəyə. Müəlliminiz çox narahat idi. Burnunuz zədələnmişdi.  Üstəlik, oyun dinamika, çeviklik tələb edirdi. Amma tamaşa müddətində bunu bir mizanda belə, hiss etdirməmişdiniz. 

 

- Hə, ağrıkəsici vurmuşdular (Gülür). Amma dərviş olmaq o qədər xoşuma gəlmişdi ki, oyuna qapılmışdım. Dəfələrlə atlandım-tullandım, həmin vaxt yalnız oyun haqda düşünürdüm. Tamaşa bitəndən sonra, ayıldım, burnum yadıma düşdü (Gülür).

 

- Özünüzü tanıdın. Hilal Dəmirov kimdir?

 

- 1996-cı ildə Bakıda doğulmuşam. Qaradağ rayonu 294 nömrəli məktəbi bitirmişəm. Uşaqlıqda futbola böyük marağım olub. Hətta AFFA-nın (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) 13-14 yaş qrupları arasında təşkil etdiyi çempionata da qatılmışam. Rəsm çəkmək bacarığım da var. Adətən dövlət bayramları və xüsusi günlərdə rəsmlər çəkmək mənə həvalə olunardı. Bir neçə müsabiqədə də iştirak etmişəm.

 

- Futbol, rəsm və aktyorluq. Üçüncüsü maraqlıdır. Bu istək necə yarandı?

 

- 8-ci sinifdə Coni Deppin filmləri ilə tanış oldum. Çox maraqlı gəlirdi mənə. Evdə aktyor olmaq istəyimi deyəndə atam narazılığını bildirdi. Anam məni çox dəstəklədi. Nəhayət, məktəbi bitirib sənədlərimi hazırlayanda atamı da razı saldıq.

 

- Aktyor sənəti ixtisasının bir üstünlüyü də məhz qabiliyyət imtahanının olmasıdır. Kimsən, nəyə qadirsən, bacarığın göz qabağındadır. Onda da indiki kimi çox həyəcanlı idiniz?

 

- Həyəcanlı görünürəm ki?

 

-  Hətta o qədər hiss olunur ki, özümü qabiliyyət imtahanında oturan münsif kimi hiss edirəm.

 

- (Gülür). Hə, onda indikindən qat-qat çox həyəcanlı idim. Mahnı oxuyum?

 

- Əlbəttə, maraqlı olardı.

 

(Musiqisi Ələkbər Tağıyevə, sözləri Hafiz Baxışa aid olan “Azərbaycan oğluyam” mahnısını oxuyur. Xoş səs tembri var. Hətta tamaşada bir neçə səhnədə ifaları da vardı Hilalın).

 

- Təsəvvür edin, siyahıda ilk yerdə mənim adım yazılmışdı. Otağa keçmişəm, tanınmış simaları görüb özümü itirdim. Əməkdar artist Vidadi Həsənov və Xalq artisti Azər Zeynalov da münsiflərin arasında idi. Şeir söylədim, monoloq göstərdim, sonda bu mahnını da oxuyub çıxdım. Beləcə, imtahandan keçdim.

 

Elə bilirdik ki, aktyor olmaq asandır. Sözdür, oyundur, vəssalam. Təbii ki, ilk günlərdən məşqlər, ciddi tədris prosesi ağır gəlirdi. Birinci kursda hamının tələbi, kaprizi çox olurdu. Sənəti dərindən dərk etmirdik. Əsas rollar üstündə mübahisəmiz yaranırdı. Günlərlə küsülü qalırdıq uşaqlarla. Tədricən işin mahiyyətinə vardıq, məşqlərə daha məsuliyyətli yanaşdıq.

 

- İlk  rol bölgüsündə payınıza düşən hansı obraz idi?

 

- Dərviş Məstəli Şah. Elə bu yaxınlarda növbəti dəfə Beynəlxalq Muğam Mərkəzində göstərdik.

 

- Müəllim bu rolu sizə tapşıranda narazı qalmamışdınız?

 

- Xeyr. Sizə bir söz deyim. Ola bilər, elə qrup yoldaşlarım da bəzən düşünər ki, onlara ürəyincə rol verilməyib. Amma Nofəl müəllim kimə nə rol veribsə, sonradan uşaqlar oyunları ilə bunun doğru qərar olduğunu sübut ediblər. Əlbəttə, peşəkar baxışı, proqnozu həmişə özünü doğruldur. Şəxsən mən oynadığım rolları sevərək, özümə yaraşdığını bilərək ürəkdən oynamışam.“Romeo və Cülyetta”dakı Merkuçio da ən çox sevdiyim rolumdur.

 

- Ümumiyyətlə, aktyorun hər oynadığı obraz onu daha da böyüdür, dərinləşdirir deyirlər. Bəs, sizə necə təsir etdi? Tək peşəkarlıq baxımından demirəm, həm də xarakter olaraq.

 

- Həqiqətən dediyiniz kimidir. Xüsusən, Merkuçio obrazını oynayanda onunla nə qədər oxşarlıq kəşf etdim özümdə. Hər hərəkətdə, hər söhbətində tanış detal tapdıqca bu obraza daha çox bağlandım. Ona görə də düşünürəm ki, Merkuçio obrazını daha uğurlu təqdim etmişəm.

 

- Məncə dərvişə haqsızlıq edirsiniz.

 

- (Gülür). Əgər siz deyən kimi, ikisi də çox yaxşıdırsa, nə xoş mənə.

 

- Bayaq demişdim, qrup yoldaşlarınızın çoxu istedadlı tərəfdaş kimi sizin adınızı çəkmişdilər. Eyni sualı sizə verirəm. Münasibətlərinizdə incliklik yaranarsa, cavablandırmayın.

 

- Yox, niyə ki. Yaxşılıqlarının əvəzini qaytarım (Gülür). Elə “Ezop” tamaşasında birgə baş rolu paylaşdığım Sevgin Rzayevanın adını çəkə bilərəm. Corc, Orxan, Könül də həmçinin.

 

- Özünü qiymətləndirsən necə?

 

- Əlbəttə, istedadımın fərqindəyəm. Hətta özümü Hollivuda layiq bilirəm. Amma indiki şərait, mühit sarıdan, gələcəyimə inamım yoxdur. Böyük səhnələrdə olacağımı düşünmürəm. Azərbaycanda elə bir şans yaransa, Akademik Milli Dram Teatrı, yaxud Gənc Tamaşaçılar Teatrında işləmək istəyərdim.

 

- Deyirlər, bir işə başlamaqla, artıq o işin yarısı görülmüş hesab edilir. Yəni, tək istəməklə olmur.

 

 

- Hə, əlbəttə. Məqsədim bəllidir. Çalışacağam elə Hollivud arzum gerçəkləşsin. Niyə də yox. Özümü ordakı aktyorların çoxundan güclü hiss edirəm.

 

Gülnarə İLHAM

 



02.03.2018 | 16:30