SDU-nun 60 illiyi münasibətilə Biləsuvarda görüş keçirilib

Bu il Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illik yubileyi qeyd edilir. Yubiley münasibətilə universitetin bir qrup müəllimi Biləsuvar rayonuna səfər edərək Biləsuvar rayon icra hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri,  Şirvan - Salyan Regional Təhsil idarəsinin əməkdaşları və SDU-nun məzunları  ilə görüşüblər.

 

Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə baş tutan görüşdə Şirvan-Salyan Regional Təhsil idarəsinin əməkdaşları, Biləsuvar ziyalıları, SDU-nun müxtəlif illərdə məzunu olmuş rayonun təhsil işçiləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, o cümlədən SDU-nun əməkdaşları- Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, Karyera mərkəzinin müdiri  Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə iştirak ediblər.

 

Şirvan-Salyan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən danışıb, ölkəmizin hər yerindən olduğu kimi, Biləsuvardan da hər il məktəbi bitirən gənclərin qəbul imtahanlarında məhz bu təhsil ocağını seçməsini sevindirici hal kimi vurğulayıb.

 

Sonra dosent Nemət İbayev SDU-nun ötən 60 ildə keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, təməli 1962-ci ildə qoyulmuş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atır.

 

Karyera mərkəzinin müdiri, dosent Əmirxan İsayev və baş müəllim, yazıçı-publisist Əli Rzazadə də çıxış edərək bildiriblər ki, universitet fəaliyyət göstərdiyi bütün dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş Sovetlər Birliyinin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib.

 

Tədbirdə Biləsuvar ziyalıları, SDU-nun məzunu olmuş rayonun təhsil işçiləri bu universitetdə təhsil aldıqları illərlə bağlı xoş xatirələrini  bölüşüblər.

 

Sonra SDU-nun fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.

 

Görüş çərçivəsində SDU-nun nümayəndə heyətini Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov qəbul edib, 60 illik yubiley münasibəti ilə kollektivi təbrik edib. SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan rayon rəhbəri Biləsuvarda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən də söhbət açıb.

 

Qeyd edək ki, SDU-nun yubileyi ilə əlaqədar şimal və qərb bölgələrində də görüşlər təşkil olunacaq.

 



23.06.2022 | 14:15