Bakı Ali Neft Məktəbi ilə Kapital Bank əməkdaşlıq memorandumu imzalayıb

Bakı Ali Neft Məktəbi (BANM) ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Mərasimdə BANM-in rektoru Elmar Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və hər iki qurumdan nümayəndələr iştirak ediblər. Yeni memorandum çərçivəsində BANM və Kapital Bank arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq fəaliyyətləri nəzərdə tutulub.

 

Belə ki, tələbələr üçün təqaüd proqramlarının təsis edilməsi, müxtəlif konfransların təşkili, “Karyera günləri”nin keçirilməsi, məzunların işlə təmin olunması kimi səmərəli fəaliyyətlərin həyata keçirilməsi gözlənilir. Memorandumdan faydalanan tərəf yalnız tələbələr olmayacaq. Eyni zamanda, Kapital Bank-ın əməkdaşları da müxtəlif təlimlərdə və təhsil proqramlarında iştirak imkanı əldə edəcəklər.

 

Bu memorandum ilə Kapital Bank-la faydalı əməkdaşlığın təməlinin qoyulduğunu vurğulayan rektor E.Qasımov bildirib ki, ölkənin birinci bankı ilə əməkdaşlıq tələbələr üçün böyük imkanlar və fürsətlər yaradır: “İmzaladığımız əməkdaşlıq memorandumu Ali Məktəbimizin Biznesin idarə edilməsi, Kompüter mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarının tələbələri üçün böyük iş imkanları deməkdir. Tələbəmiz Hüseyn Qəmbərov artıq Kapital Bank-da işləyir və 4 tələbəmiz təcrübə keçir. Gələn il bu sayların artacağına inanırıq. Ümid edirik ki, Kapital Bank-la olan əməkdaşlığımız hər iki tərəf və cəmiyyətimiz üçün faydalı olacaq”.  

 

Təhsil ocaqları ilə əməkdaşlığa hər zaman önəm verdiklərini vurğulayan  Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bunun sayəsində çox sayda mütəxəssislər yetişdirdiklərini qeyd edib: “Kapital Bank-la tərəfdaşlığa maraq göstərdiyiniz üçün təşəkkür edirəm. Bu cür layihələr sayəsində bankımızda çox sayda tələbə işləyir və təcrübə keçir. Bakı Ali Neft Məktəbi yüksək keyfiyyətli təhsil verən ali məktəbdir. Keyfiyyətli təhsil isə keyfiyyətli mütəxəssislər deməkdir. Maliyyə bazarında ən çox mütəxəssis yetişdirən bank olaraq BANM-lə əməkdaşlığın bu sahəyə böyük töhfələr verəcəyinə inanırıq”.

 

Sonda Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevə “Fəxri qonaq” diplomu təqdim edilib.

 



24.06.2022 | 16:17