Frankofoniya Universitet Agentliyinin regional direktoru ADPU-da olub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohamed Ketata və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nu universitetin rektoru, professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor, professor  Asəf Zamanov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Xarici Dillər Mərkəzinin fransız dili müəllimləri- Səidə Dadaşova, Aytən Cəfərova, Aygün Qocayeva, Nigar Mirzəyeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nurəngiz Mahmudova təmsil ediblər.

 

Rektor C.Cəfərov ADPU-nun tarixi, fakültələri, filialları, universitetin fəaliyyət istiqamətləri və həyata keçirdiyi ikili diplom proqramı haqqında qısa məlumat verib. O, universitetdə xarici dillərin, o cümlədən fransız dilinin tədrisi sahəsində aparılan islahatlardan və bu sahədə ali məktəbin üzləşdiyi çağırışlardan bəhs edib.

 

Görüşün təşkilinə görə təşəkkürünü bildirən V.Əskərov ADPU-nun müəllim və tələbələrini UFAZ-da Bakı Frankofoniya Məşğulluq Mərkəzinin açılışına dəvət edib. 

 

Sonda Mohamed Ketata ADPU-nu ziyarət etməkdən məmnunluğunu bildirib,  öz növbəsində Frankofoniya Universitet Agentliyinin missiyası, fəaliyyəti və universitetlərlə əməkdaşlığı barədə məlumat verib.

 

Görüşdə ADPU-nun Frankofoniya Universitet Agentliyinə üzv olacağı barədə razılıq əldə olunub.

 

 



24.06.2022 | 18:32