Nazir müavini Vətən müharibəsində iştirak edən müəllimlərlə görüşüb

İyunun 25-də təhsil nazirinin müavini Firudin Qurbanov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi iştirakçısı olmuş bir qrup müəllimlə görüşüb. 

 

Görüşdə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Nazir müavini Firudin Qurbanov çıxışında torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunun danılmaz olduğunu vurğulayıb. Firudin Qurbanov Vətən müharibəsində ümumilikdə 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərin şəhidlik zirvəsinə ucaldığını bir daha xatırladıb. 

 

 Firudin Qurbanov bildirib ki, Vətən müharibəsi iştirakçıları, eləcə də müharibədə iştirak etmiş müəllimlər hər zaman dövlətin, həmçinin Təhsil Nazirliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

 

Nazir müavini çıxışının sonunda iştirakçıların hər birinə şərəfli müəllim peşəsinin icrasında uğurlar arzulayıb, Təhsil Nazirliyinin hər zaman onların təklif və müraciətlərini dinləməyə hazır olduğunu qeyd edib. 

 

Daha sonra çıxış edən müəllimlər döyüş xatirələrini danışıb, onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək fikirlərini bölüşüblər. Həmçinin qalib ölkənin müəllimi olaraq çalışmaqdan qürur duyduqlarını dilə gətiriblər.

 

 



25.06.2022 | 17:34