Ali təhsilin gələcəyi: yeni çağırışlar, reytinqlər

Məlum olduğu kimi, dünyanı bürümüş koronovirus pandemiyası milli ali təhsil sistemlərini bir sıra qlobal çağırışlarla üz –üzə qoyub. Universitetlər yeni reallıqda uğurlu ola bilmələri üçün  hansı addımları atmalıdır? Universitetlərin qlobal reytinqi və ümumiyyətlə, ali təhsil müəssisələrinin tədqiqatçılıq fəaliyyəti hansı dəyişikliklərdən keçir? 

 

Polşanın Varşava şəhərində akademik reytinq yaradıcılarını, universitet nümayəndələrini və ali təhsil sahəsində ixtisaslaşmış ekspertləri birləşdirən  Beynəlxalq Reytinq üzrə Ekspert Qrupunun (IREG-  “Observatory on Academic Ranking and Excellence) 20-ci yubiley konfransında  bu məsələlər müzakirə olunub. Konfransda dünya ali təhsil sisteminin indiki və gələcək inkişaf  istiqamətləri, reytinqləri nəzərdən keçirilib. COVID-19 pandemiyasının yaratdığı iki illik fasilədən sonra konfrans tam əyani formatda təşkil olunub və dünyanın onlarla ölkəsindən 150-dən çox eksperti bir araya gətirib.
  

Konfransın sonunda İREG beynəlxalq təşkilatının Baş Assambleyasının (Academic Ranking and Excellence) iclasında Tunisin El Manar Universitetinin, Polşanın Rzeszou Texnologiya Universitetinin və mənzil-qərargahı Berlində (Almaniya) olan  “ E-kvadrat”  beynəlxalq tədqiqat və konsaltinq şirkətinin  IREG-in tamhüquqlu üzvlüyü barədə qərar qəbul edilib.

 

Müsahibimiz, beynəlxalq təhsil konfransının iştirakçısı, Almaniyada fəaliyyət göstərən “E-kvadrat”  beynəlxalq tədqiqat və konsaltinq şirkətinin rəhbəri  Eqor Yablokov tədbirin gündəmi və müzakirələrin əsas mövzusu barədə “Azərbaycan müəllimi” qəzetinə fikirlərini bölüşüb.

 

- Beynəlxalq Reytinq üzrə Ekspert Qrupunun konfransları üçün ənənəvi  olaraq, təşkilatçılar bu il də həm universitet reytinqlərini fəal şəkildə tənqid edənlərin, həm də onları dəstəkləyənlərin bir arada olmasını təmin etmək üçün hər cür səy göstərə biliblər. Akademik reytinqlər konfransda dəfələrlə qeyd olunduğu kimi, özünəməxsus dönüş nöqtəsindədir ki, bu da onun tam adında öz əksini tapmışdır: (IREG 2022 Varşava Konfransı - Akademik Reytinqlər Yol Ayrıcında).
 

2000-ci illərin əvvəllərində qlobal universitet reytinqləri yaranmağa başlayanda, dünyada iqtisadiyyatın qloballaşması və onunla sıx bağlı olaraq ali təhsil sektorunun beynəlmiləlləşməsi prosesləri fəal şəkildə gedirdi. “Scopus”  və “Web of Science”  beynəlxalq elmmetrik məlumat bazalarının intensiv inkişafı və geniş nüfuzu sayəsində universitetlərin yaxşı ölçülə bilən tədqiqat fəaliyyəti dünya səviyyəli universitetin (world class universiteti) əsas göstəricilərindən birinə çevrilmişdir. İnkişaf etmiş tədqiqat fəaliyyətinə malik ali təhsil müəssisəsi kimi  dünya səviyyəli bir universitet anlayışı nəticələri iqtisadiyyatın aktiv şəkildə istehlak etdiyi innovasiyaların yaradılmasının əsasını təşkil edir, Avropa və Şimali Amerikadan çox-çox kənarda ən geniş yayılma və tanınma əldə etmişdir. Bu anlayışda o, ilkin olaraq yarandığı  və qlobal universitet sıralamalarının metodologiyasına daxil olan nəzərəçarpacaq cizgilər almışdır.

 

Həmin dövrdə ali təhsilin beynəlmiləlləşməsi danılmaz qazanc kimi qiymətləndirilirdi. 21-ci əsrin ilk onilliklərində bir çoxlarına elə gəlirdi ki, dünya səviyyəli universitet anlayışı dünyanın demək olar ki, istənilən ölkəsindəki  universitetlərə tətbiq oluna bilər. İyirmi ildən sonra qlobal və milli universitet reytinqləri öz gücünü göstərdi: bu gün onlar universitetlərin qiymətləndirilməsi üçün təkcə utilitar alət kimi xidmət etmir, həm də universitetlərin və  milli ali təhsil sistemlərinin inkişafındakı tendensiyaları müəyyən edir. Reytinqlər çox vaxt dünyanın bir çox ölkələrində universitetlərin inkişafı ilə bağlı  dövlət səviyyəsində qərarların qəbul edilməsində mühüm amil kimi çıxış edir.

              

Ali təhsilə qlobal təsirlər...
  

- COVID-19 pandemiyası çox şeyi dəyişdi. Bir tərəfdən universitetlərin ənənəvi formatda mövcudluğunun kövrəkliyini açıq şəkildə nümayiş etdirdi və universitetləri təhsil, elmi fəaliyyətin aparılması üzrə onilliklər ərzində yaranmış yanaşmalara yenidən baxmağa məcbur etdi. Digər tərəfdən, qlobal çağırışlara  cavab tapmaq üçün müxtəlif elm sahələrinin qabaqcıl tədqiqat qruplarını tez bir zamanda səfərbər edə biləcək fənlərarası elm, texnologiya və tibb mərkəzləri kimi universitetlərin potensialının əhəmiyyətinə işıq saldı.
 

Eyni zamanda, pandemiya ali təhsilin beynəlmiləlləşməsinin  əvvəllər dayanıqlı  görünən dəyərini şübhə altına aldı: bütün dünyada milyonlarla tələbə  təhsil aldıqları ölkələrdə qalmağa və ya universitetdə təhsilini dayandıraraq evlərinə qayıtmağa məcbur oldu.

Ukraynadakı  hazırkı müharibə və onunla əlaqədar olaraq dünya iqtisadi, sosial, siyasi sisteminin güclənən parçalanması da qlobal ali təhsil sisteminə dramatik təsir göstərir. Hər iki tərəfdən birgə tədqiqat layihələrində iştiraka, texnologiyanın ötürülməsinə, birgə təhsil proqramlarına, tələbələrin və akademik işçilərin səfərlərinə və s. tətbiq olunan məhdudiyyətlər  müasir qlobal ali təhsil sisteminin mozaik xarakterini formalaşdırır.

 

Çin universitetləri reytinqdən niyə imtina edir?

- Qeyd etmək yerinə düşər ki, qlobal sistemin parçalanmasına doğru tendensiya müharibə başlamazdan bir neçə il əvvəl göründü: məsələn, son bir neçə il ərzində çinli  tədqiqatçılar  Qərb ölkələrinin nüfuzlu elmi jurnallarında dərc olunan  nəşrləri mütəq “qızıl standart” hesab etməyiblər.  Bir neçə ildir ki, Çin və Hindistanın bir sıra universitetləri isə onları  universitetlərin qlobal  reytinqinə daxil etməməyi xahiş edirlər (xüsusilə, Britaniya şirkətləri tərəfindən tərtib olunan). Bu şirkətləri  beynəlxalq reytinqlərdəki mövqelərini qərəzli və məntiqsiz olaraq  aşağılamaqda ittiham edirlər.

 

Son illərin qlobal çətinlikləri ilə yanaşı, 4-cü Sənaye İnqilabı nəticəsində yaranan qeyri-bərabərlik, texnoloji, iqtisadi və sosial çətinliklərin artması, demoqrafik problemlər, dünyanın bir çox ölkələrində populizmin və  millətçiliyin güclənməsi də ali təhsil sektorunun inkişafına güclü təsir göstərir.

 

Dünya səviyyəli universitet konsepsiyası

 

Müsahibimiz qeyd edir ki, nəticə etibarilə, dünya səviyyəli universitet konsepsiyası 21-ci əsrin demək olar ki, iki onilliyində olduğu kimi, artıq  birmənalı qəbul edilə bilməz. Bu ona gətirib çıxarır ki, dünyanın müxtəlif ölkələrində ali təhsil sisteminin bir çox idarəçiləri son illərdə universitetlərin fəaliyyətinin qiymətləndirilməsinə daha geniş və tarazlaşdırılmış yanaşmanın zəruriliyindən danışırlar. Bu isə o deməkdir ki, qiymətləndirmə yalnız ali təhsil müəssisəsinin tədqiqat mükəmməlliyinin qiymətləndirilməsi ilə məhdudlaşmamalıdır.

 

Bununla yanaşı, elmi tədqiqatların intensivliyindən asılı olmayaraq, istənilən universitet üçün aydın şəkildə əsas olan təhsil fəaliyyəti tədqiqat fəaliyyəti ilə müqayisədə daha mürəkkəbdir, xüsusilə söhbət beynəlxalq müqayisələrdən getdikdə vahid meyarlar üzrə ölçülə bilər. Bu isə  milli və qlobal səviyyədə akademik reytinq tərtibatçıları qarşısında prinsipial olaraq yeni vəzifələr qoyur: təhsilin keyfiyyətini, təhsildə innovasiyaları necə qiymətləndirmək, bu və ya digər universitetdə təhsilin nəticələrini necə dəyərləndirmək olar? Və əlbəttə ki, burada ali təhsil müəssisələrinin fəaliyyətinə dair keyfiyyətli, etibarlı məlumatların əldə edilməsi məsələləri ön plana çıxır.

 

Cəmiyyətin və dövlətin universitetlərlə bağlı sorğularının artması ilə yanaşı, ali məktəblərin təhsil və tədqiqat fəaliyyətinin deyil, həm də cəmiyyətin, iqtisadiyyatın inkişafına göstərdikləri təsirin daha geniş qiymətləndirilməsinə də maraq artır. Burada universitetlərin  BMT-nin Dayanıqlı İnkişaf  Məqsədlərinə  (UN Sustainable Development Goals, UN SDG)  nail olmaq üçün verdiyi töhfələri qiymətləndirən reytinqlərə maraq artır.

 

Universitetlər yeni reallıqlar şəraitində fəaliyyətlərini necə qurmalıdırlar ki, uğur qazansınlar?
 

- Mən universitetlərə qarşı meyarları, tələbləri belə sıralayardım:

 

  • 1.Geosiyasi dəyişiklikləri, iqtisadiyyatın, texnologiyanın vəziyyəti və inkişaf vektorunu adekvat, obyektiv qiymətləndirmək.
  • 2. Ən yaxşı tədqiqatçı, ən yaxşı pedaqoq, ən yaxşı tələbə kimi istedadlara etimad göstərmək.
  • 3. Universitetlərdə istedadlara yeni bilik yaratmaq, yeni texnologiyalar hazırlamaq, yeni mühəndislik həlləri təklif etmək üçün şərait yaratmaq.
  • 4. Rəqabət qabiliyyətli təhsil proqramlarının yaradılması, yeni tədqiqat layihələrinin başlanması üçün ən yaxşı tərəfdaşların axtarışında fəal olmaq.
  • 5. Köməyə və dəstəyə ehtiyacı olanlara mütləq kömək etmək!

 

Sonda  müsahibimiz  qeyd etdi ki, biz həmkarlarımızla birlikdə  bundan sonra da reytinq, universitetlərin rəqabət qabiliyyəti, ali təhsil və elmdə beynəlxalq əməkdaşlıq, ali təhsilin rəqəmsal transformasiyası məsələləri üzrə aktual materialların hazırlanması və oxuculara çatdırılması sahəsində “Azərbaycan müəllimi”  ilə əməkdaşlığı davam etdirməkdən məmnun olacağıq.

 

Qeyd edək ki, İREG–in konfransında əsas spikerlər qismində Avropa Universitetləri Assosiasiyasının (European University Association)  prezidenti  Michael Murphy,  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Higher Education Evidence Development”  layihəsinin rəhbəri Gillian Golden, “Times Higher Education” (THE) nəşrinin şef-redaktoru Phil Baty, “Shanghai Ranking Consultancy”-nin  (Çin) icraçı direktoru və həmtəsisçisi Ying Cheng, Oksford Universitetinin professoru, Higher Education (CGHE) nəşrinin  Qlobal Ali Təhsil Mərkəzinin direktoru Simon Marginson və digər ekspertlər iştirak və çıxış ediblər.

 

Oruc MUSTAFAYEV

 



25.07.2022 | 11:17