Elm və təhsilin inkişafında yeni mərhələ

Ötən həftə elm və təhsil ictimaiyyəti üçün əlamətdar bir hadisə ilə yadda qaldı. Belə ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalandı. Fərman  elm və təhsilin vəhdət olaraq  inkişafında, xüsusilə hər iki sahənin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsində mühüm rol oynayacaq. Sənəddə   elm və təhsil sahəsində  idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə mühüm struktur dəyişiklikləri də  yer alıb. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yaradılması da  məhz elm və təhsilin inteqrasiyası baxımından atılmış islahatyönümlü çox mühüm bir addımdır.

 

Elə həmsöhbətimiz olan  ölkəmizin   elm və təhsil  ictimaiyyətinin nümayəndələri, eləcə də  xaricdə yaşayan və nüfuzlu universitetdə çalışan həmyerli alimimiz də bu Fərmanın elm və təhsilin qarşılıqlı surətdə əlaqələndirilməsi, inkişaf etdirilməsi işinə töhfələr verəcəyinə əmindirlər. 

 

Elm və təhsilin inteqrasiyası zamanın tələbidir

 

Müasir ali təhsil sisteminin günün tələbləri səviyyəsində qurulması və islahatı məqsədilə dünyanın aparıcı ölkələrində müxtəlif trayektoriyalar mövcuddur. “XXI əsrin problemlərinin həlli üçün istənilən cəmiyyətdə yenilənmiş ali təhsil zəruridir. Elə ali təhsil ki, onsuz heç bir millətin və dövlətin nə mədəni, nə sosial, nə də texniki inkişafı mümkündür”. 1998-ci ildə Parisdə keçirilən Ali təhsil üzrə ümumdünya konfransında səslənmiş bu fikir hazırda da öz aktuallığını saxlayır. Ali məktəbdə proseslərin hərəkətverici qüvvəsi onun yeniləşmə zəruriliyi, maddi-texniki bazası və dünya təhsil sisteminə daxilolma cəhdidir. Müasir ali təhsilin uğurları daim dəyişən şəraitə çevik uyğunlaşma qabiliyyəti ilə müəyyənləşdirilir. Dövlətə və cəmiyyətə əmək bazarının tələblərinə uyğun olaraq öz fəaliyyətinin məzmununu çevik dəyişməyə qabiliyyətli mütəxəssislər lazımdır. Belə kadrların hazırlanması isə yüksək səviyyəli ali təhsil müəssisələrində mümkündür. Yeni şəraitdə köhnə təcrübə yalnız xeyirsiz yox, hətta zərərli ola bilər.

 

Təhsilin və intellektual resursların ölkə həyatında müstəsna rolu, insan potensialının formalaşması, onun gələcəyi dövlətin rəqabətqabiliyyətliyinin başlıca şərtlərindəndir. Belə ki, ölkələr təkcə xidmət sahələri və istehsal etdiyi məhsullarla deyil, həmçinin ictimai dəyərləri və təhsil sistemləri (xüsusilə ali təhsil sistemləri) ilə də rəqabət aparırlar. Müasir dünyada rəqabətə davam gətirmək üçün dövlətlər ərazisinə, təbii sərvətlərinə yox, intellektual potensiallarına güvənirlər. Dünya miqyasındakı dəyişikliklərin sürətlə getdiyi hazırkı dövrdə hər bir ölkənin, cəmiyyətin yüksək təhsilli, innovasion təfəkkürlü mütəxəssislərə çox böyük ehtiyacı var. Müasir dünya informasiya resurslarının sürətlə artması, biliklər sisteminin yüksəlməsi, hadisələrin tez-tez əvəzlənməsi ilə xarakterizə olunur.

 

Ölkəmizdə müstəqillik illərində ali təhsilin fasiləsiz təkmilləşmə və müasirləşmə vəziyyətinə çatması üçün xeyli işlər görülmüşdür.Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 2003-cü ildə Cenevrədə “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti”ndə “Biz qara qızıl kapitalını insan potensialına çevirəcəyik” bəyanatı ilə ölkəmizdə intellektual potensialın inkişafının yeni mərhələsi başlandı və hazırda uğurla inkişaf edir. Elmə söykənən iqtisadiyyatın formalaşmasında da intellektual potensialın mühüm rolu danılmaz həqiqətdir. Cəmiyyətin davamlı inkişafında, intellektual potensialın formalaşmasında, maddi sərvətlərin intellektual kapitala çevrilməsində təhsil, xüsusilə ali təhsil müstəsna əhəmiyyət kəsb edir.

 

ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin“Amerika Birləşmiş Ştatlarının universitetləri ona görə qüdrətli deyillər ki, onlar Amerika Birləşmiş Ştatları kimi güclü dövlətin universitetləridirlər. Amerika Birləşmiş Ştatları ona görə güclü dövlətdir ki, onun qüdrətli universitetləri var” fikrinin şərhinə hesab edirəm ki, ehtiyac yoxdur.

 

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı inanırıq ki, ölkəmizdə ali məktəblərin brend universitetlərə çevrilməsinə, “Tədqiqat universiteti” statusu qazanmasına, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmlənməsinə, intellektual potensialın yüksəlməsinə və nəhayət, müstəqil Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə öz müsbət təsirini göstərəcəkdir.

 

 

 

Asəf ZAMANOV,

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

 

 

Elm və təhsilin səmərəli fəaliyyəti

 

Dövlət başçısı İlham Əliyevin  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı vaxtında qəbul edilmiş qərardır. Ona günümüzün mühüm hadisəsi kimi yanaşmalıyıq. Çünki, burada cəmiyyətimizin əsas atributlarından biri kimi həm elmin, həm də təhsilin inteqrasiya imkanları nəzərə alınmaqla  onların inkişafı və idarə olunması məsələləri əhatə edilir.

 

Fərmandan irəli gələn elm və təhsilin inteqrasiyası dünyada qəbul edilmiş Davamlı İnkişaf  Məqsədlərinə (DİM) doğru addımladığımız  bir zamanda XXI əsrin  təhsil düşüncələrini reallığa çevirmək, kreativ insanları formalaşdırmaq  baxımından da zəruridir.

 

Fikrimizcə, elm və təhsil sahələrinin belə məzmunda inteqrasiyası  cəmiyyətimizdə aşağıdakı məsələlərin həllinə təkan verəcəkdir:

1. Vahid mərkəzdən idarə olunma elm və təhsilin  səmərəli fəaliyyətinə imkan yaradacaqdır.

2. İnteqrativ elm və təhsil sahəsinin yaradılması universitetlərin tədqiqat bazasına  çevrilməsini sürətləndirəcək, onların yeni elmi infrastrukturunun yaradılmasına təsir göstərəcəkdir.

3. Aparılmış fundamental və empirik tədqiqatların nəticələrinin universitetlərdə tətbiqi imkanları genişlənəcək, insan kapitalının formalaşdırılması baxımından əhəmiyyəti artacaqdır.

4. Təhsil sahələrinin tələbinə uyğun olaraq tədqiqatların  tematik cəhətdən çeşidliliyi  artacaq və onların mobilliyinə imkan yaranacaqdır.

5. Tədqiqatların sifariş prinsipinə əsasən aparılması imkanları genişlənəcək və bu, onların  rentabelliyinin yüksəlməsinə təsir edəcəkdir.

6. Elm və Ali təhsil, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə agentliklərin yaradılması həmin sahələrin keyfiyyət təminatını və effektiv idarə olunması imkanlarını genişləndirəcəkdir.

 

 

 

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim

 

 

 

Fərman universitetlərdə elmi məktəblərin formalaşmasına təkan verəcək

 

Ölkə Prezidenti tərəfindən imzalanmış  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”  Fərmanı ölkəmizdə təhsil islahatlarının yeni məzmun xətti olub, elm və təhsilimizin  inkişafı üçün yeni üfiqlər açır.

 

Düşünürəm ki, Fərman universitetlərdə elmi məktəblərin formalaşmasına təkan verəcək. Sənəddə adları qeyd olunan elmi müəssisələrin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ölkəmizdə fəaliyyət göstərən universitetlərin elmi potensialının artmasına imkan yaradacaqdır. Məlum olduğu kimi, elm və təhsil qarşılıqlı əlaqədə olub, bir-birinin inkişafını şərtləndirir.

 

Bütün dövrlərdə ali məktəblərdə fəaliyyət göstərən müəllimlər yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı,elmi fəaliyyətlə də məşğul olublar. Ali məktəb müəllimlərinə verilən elmi dərəcələr bilavasitə onların elmi fəaliyyətlərində əldə etdikləri nəticələrə əsasən müəyyən edilir. Elmi müəssisələrin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə keçməsi universitet müəllimlərinin həmin müəssisələrin elmi bazasından istifadə etmək imkanını artırır. Bu ali təhsil müəssisələrində təhsilin səviyyəsinin artmasına da şərait yaradacaqdır. Belə ki, bu cür qarşılıqlı əməkdaşlıq təhsilin müxtəlif pillələrində elmi müəssisələrin potensialından istifadə etməklə hazırlanan kadrların həm elmi fəaliyyət bacarıqlarının formalaşmasına, həm də əldə etdikləri biliklərin elmi qanunauyğunluqlarını daha dərindən mənimsəməsinə imkan yaradacaq.

 

Bu, həmçinin  təhsilin magistratura və doktorantura pillələrində kadr hazırlığı keyfiyyətinin artırılmasına da  əhəmiyyətli təsir göstərəcəkdir. Belə ki, magistratura və doktorantura pillələrində təhsil alan kadrlar tədqiqat apararkən müxtəlif çətinliklərlə üzləşirdilər. Elmi müəssisələrin laboratoriyalarında tədqiqat aparmaq imkanı onların tədqiqatlarının səviyyəsinin artmasına imkan verəcək. Bununla yanaşı, magistr və doktorantların elmi müəssisələrdə mövcud olan elmi mühitdə formalaşması gənclərimizin gələcəkdə daha yüksək səviyyəli alim kimi formalaşmasına şərait yarada bilər.

 

 

Hikmət ƏLİZADƏ,

Bakı  Dövlət  Universitetinn professoru 

 

 

Elm və təhsilin inkişafı vəhdətdə

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı elm və təhsilin inteqrasiyasına və vəhdətdə inkişafına hədəflənib.

 

Elm və təhsilin vəhdətinin yaradılması, vahid mərkəzdən idarəolunması çox vacibdir. Elmi tədqiqatların və təhsil tədqiqatlarının mərkəzləşdirilmiş qaydada aparılmasının böyük üstünlükləri vardır. Respublikamızda elmin inkişafı həm də təhsilin ehtiyaclarına uyğunlaşdırılmalıdır. Elm və təhsil vahid sosial institut kimi birgə inkişaf etdirilməli, biri digərinin inkişafına təkan verməlidir.

 

Dövlətin əsas prioritetlərindən biri bilik iqtisadiyyatın informatlaşdırılmasıdır ki, bu da  təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasını tələb edir. Təsadüfi deyil ki,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı təşviq olunur. Bunun üçün də universitetlərin güclü maddi-texniki bazası və infrastrukturu olmalıdır. Nazirliyin tabeliyinə verilən tədqiqat institutları ilə müvafiq universitetlərimizin inteqrasiyası nəticəsində tədqiqat universitetlərinin yaradılmasına nail ola bilərik.

 

Elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin  Elm və Təhsil Nazirliyinə həvalə edilməsi elmin müasir tələblərə uyğun inkişaf strategiyasının və təşkilati strukturunun formalaşdırılmasını tələb edir. Elm və Ali  Təhsil üzrə Dövlət Agentliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılmısı bu məqsədin reallaşdırılmasına, elm və təhsilin idarəedilməsinin optimallaşdırılmasına xidmət edir.

 

Ümidvaram ki, ölkə Prezidenti tərəfindən imzalanmş Fərman  Azərbaycanda elm və təhsilin inteqrasiyasına,  tərəqqisinə, intellektual potensialın artırılmasına və insan kapitalının inkişafına güclü təkan verəcəkdir.

 

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun  İbtidai təhsil fakültəsinin  dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

 

 

 

İnkişafa hədəflənmiş mühüm siyasi qərar

 

Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı  elm və təhsilin inteqrasiyasının təmin olunmasına hədəflənmiş mühüm siyasi qərar olaraq elm və təhsil ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

 

Fərman ölkəmizdə elmin və təhsilin vahid mərkəzdən idarə edilməsi ilə  bərabər, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində yeni mərhələnin başlanmasına, səmərəliliyin artmasına gətirib çıxaracaqdır.  Bu mühüm sənəd son illərdə ölkəmizdə həyata keçirilən islahatların qeyd olunan sahələrdə daha sürətli və effektli şəkildə aparılmasını, bir-biri ilə sıx surətdə bağlı olan iki vacib sahənin paralel şəkildə, dünyada elm, təhsil və texnologiyalar sahəsində qabaqcıl təcrübədən yararlanaraq inkişafını şərtləndirəcək. Fərmanı  ölkə Prezidentinin dövlətimizin həyatında elm və təhsilin rolunun, universitetlərimizin rəqabət qabiliyyətliliyinin artırılması, yeni nəsil elmi kadrların hazırlığı, elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində reallaşdırdığı məqsədyönlü və ardıcıl siyasətin davamı olaraq qiymətləndirirəm. Əminəm ki, xalqımızın intellektual potensialı dünya səviyyəli nəhəng alimləri yetişdirmək qüdrətinə malikdir. Sadəcə münbit şəraiti, ədalətli rəqabət mühitini yaratmaqla biz dediyimiz hədəflərə çata biləcəyik. Dövlət rəhbərinin imzaladığı Fərman məhz bu məqsədə xidmət edir. Xüsusilə  fundamental tədqiqatlarla məşğul olan elmi-tədqiqat müəssisələrinin yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi, nazirlikdə elm və ali təhsili koordinasiya edəcək agentliyin yaradılması ölkəmizdə elmi innovasiyaların birbaşa iqtisadiyyata ötürülməsi və biznesə çevrilməsinin çevik, zəruri mexanizmlərini də yaratmağa zəmin yaradacaq.

 

Düşünürəm Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş elmi müəssisələr üçün də yeni imkanlar yaranacaqdır. İnanıram ki, bu Fərman elm və təhsilimizin inkişafında ciddi dönüş yaradacaq. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycan universitetlərinin dünya universitetləri arasında top 800-də yer alması hədəfinin də reallaşması istiqamətində yeni imkanlar yaranır. Elmi fəaliyyətin ali təhsil müəssisələrində yerinə yetirilməsi ilə biz dünya reytinqində təmsil olunmaq üçün müəyyən edilən tələbləri də qarşılamış oluruq. Bu gün qalib xalqın bayrağının bütün sahələrdə, eləcə də elm, təhsil sahəsində də ucalarda dalğalanması haqqı vardır.

 

 

 

İlqar ORUCOV,

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru

 

 

 

Elmi tədqiqatların inkişafı naminə

 

Ölkə başçısı tərəfindən  elmi tədqiqatların inkisafi məqsədilə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi barədə belə bir Fərmanın imzalanması çox  sevindirici haldır.

 

Düşünürəm ki, burada əsas məqsəd tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, inteqrasiyası, eləcə də yeni maliyyələşdirmənin keyfiyyətlə sıx əlaqələndirilməsi olmalıdır. Tədris və tədqiqatlar çox zaman eyni resurslardan, imkanlardan və kadrlardan istifadə etdikləri üçün bir-birini tamamlayır və onların inteqrasiyası vacibdir. Çox vaxt bizim burada tədris etdiyimiz kursların məzmunu şəxsi tədqiqat maraqlarımız haqqında faktiki və konseptual biliklərin izahına əsaslanır.

 

Təhsil Nazirliyinin fəaliyyət istiqamətləri arasında “Elmi tədqiqat və innovasiyaların inkişafının təmin olunması” hər zaman öz əksini tapmışdı, amma təəssüflər olsun ki, bir neçə universitet xaric, Azərbaycanda elmi tədqiqatlar əsas prioritet istiqamət kimi tələb olunmurdu.

 

Hazırda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Elm və Təhsil Nazirliyi yanında iki Agentlik yaradılır:

- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

- Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

 

Fikrimcə, birinci Agentliyin fəaliyyəti əsasən TN-nin  indiyə qədər apardığı işin davam etdirilməsi olacaq. İkinci Agentliyin əsasnamə layihəsinin nə şəkildə hazırlanması isə çox vacibdir. Məncə, burada müzakirələrə ehtiyac var.  Fürsətdən istifadə edib bəzi mülahizələrimi söyləmək istərdim.

1.  Düşünürəm ki, indi universitetlər üç növə bölünə bilər: yaradılması planlaşdırılan tədqiqat universitetləri/institutları, tədqiqat və tədris universitetləri və az sayda tədris universitetləri. Hər bir universitet öz güclü tərəflərinin, məqsədlərinin  və hədəflərinin təhlili əsasında strateji elmi-tədqiqat planlarını hazırlamalıdır. Elm və Təhsil Nazirliyinə birləşdirilən tədqiqat institutlarlnın mövcud potensialı universitetlərin nəzdində tədqiqat mərkəzləri və institutlarının yaradılmasına  sərf oluna bilər. Məsələn, çalışdığlm Vaterloo Universitetində hazırda 30-dan çox tədqiqat mərkəzi və  institutları uğurla fəaliyyət göstərir.

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi beynəlxalq miqyasda rəqabət aparmaq üçün elmin hansı sahələrində üstünlüyə malik olduğunu müəyyən etməlidir və dünyaya real təsir göstərmək qabiliyyətində olan sahələrə investisiya qoymalıdır. Bu, təkcə Nazirliyin məsuliyyəti deyil, elm adamları öz fəaliyyətlərini yaxşılaşdırmalı və töhfələr verməlidirlər. Bu, böyük məbləğdə vəsait xərcləmədən hər iki tərəfə böyük fayda gətirə bilən ikitərəfli bir prospekt ola bilər.

3. Bütün elm adamları, universitetlər, siyasətçilər gedilən istiqamətə, həyata keçirmək istədiyimiz məqsədlərə dair aydın təsəvvürə malik olmalıdır. Kimin idarə etməsindən asılı olmayaraq, gələcəyə geniş baxış vacibdir.

4. Universitetlərin  beynəlmiləlləşdirilməsi, fənlərarası tədqiqatlar və tədqiqatçıların mobilliyini təkmilləşdirmək vacibdir. Görkəmli xarici tədqiqatçıların həvəsləndirilməsi üçün yeni təqaüd sisteminin yaradılması, Azərbaycan alimlərinin vətənlərinə qaytarılması layihəsinə də Nazirlik tərəfindən baxılması, elmi və tədqiqat karyeralarını davam etdirmək məqsədi ilə xaricdə yaşayan azərbaycanlı alimlərin reinteqrasiyasının maliyyələşdirilməsini məqsədəuyğun sayırıq.

5. Elm sahəsində  inkisaf etmiş ölkələrlə Elm və Təhsil Nazirliyi arasında elmi, texnoloji və sənaye tədqiqatları sahəsində əməkdaşlığı dəstəkləmək və birgə “Tədqiqat və İnnovasiya Fondları” yaratmaq.  Sənaye və texnologiya innovasiyaları sahəsində əməkdaşlıq ölkələr arasında iqtisadi və biznes əməkdaşlığını da təşviq edəcək.

6. Elmin inkisafı bu gün bir çox yeni problemlərlə üzləşir. Bunlara demoqrafik tənəzzül, onlayn öyrənməyə ehtiyac, yeni sahələr və texnologiyalar, tədqiqatlar üçün vəsait, xarici tələbələr və araşdırmaçılar üçün universitetlərin rəqabəti və s. daxildir. Dünya Universitet Reytinqləri üçün tələb olunan elmi məqalələrin sayı Nazirliyin təşəbbüsü ilə tədqiqatçıların universitetlərə mənsubiyyət (affiliation) prosesi vasitəsilə  artırıla bilər.

 

Beləliklə, biz indi daha çox iş görməli, yeni layihələr üçün Elm və Təhsil Nazirliyində mövcud olan resursları genişləndirməyə çalışmalıyıq.

 

 

 

İlham AXUNDOV,

Kanadanın Vaterloo Universitetinin professoru

 

 

Səhifəni hazırladılar: Samirə KƏRİMOVA, Oruc MUSTAFAYEV

 



05.08.2022 | 09:28