İtaliyada STEAM

“Avropa Regionlar Komitəsi”nin (European Committee of the Regions) son hesabatında göstərilir ki, STEAM təhsilinin gücləndirilməsi Avropa İttifaqı ölkələrinin iqtisadiyyatının inkişafına töhfə verə biləcək sahələrdən biridir. Hesabatda 25 tövsiyə yer alır və incəsənətin dəqiq elmi fənlərlə bir sıraya daxil edilməsi xüsusilə İtaliya dövləti üçün bir fürsət kimi qiymətləndirilir. STEAM təhsilinin tətbiqi texnologiyalar və tarixi-mədəni irsin cəlb olunduğu sektorlarda, mədəni irsin təkmilləşdirilməsi və qorunması sahəsində də mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, İtaliya incəsənətinin iki böyük şəxsiyyəti - Leonardo da Vinçi və Mikelancelo təkcə rəssam və heykəltəraş deyil, həm də ixtiraçı, mühəndis və alim olublar. Onların dahiliyi və təcrübəsi göstərir ki, elmlə sənət arasında heç bir sərhəd yoxdur.

 

Tələbələrin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA) son 2018-ci il hesabatına əsasən, Avropa İttifaqında hər 5 şagirddən 1-dən çoxunun riyaziyyat və ya təbiət elmləri, oxu üzrə kifayət qədər biliyi yoxdur. STEAM öyrənmə modulları xüsusən də orta məktəblərdə şagirdlərin maraq və idrak resurslarını inkişaf etdirir, onlara dünyanın mürəkkəbliyini dərk etməyə yollar göstərir, hazırkı dövrün, iqlim dəyişikliyi kimi problemlərin öhdəsindən gəlmək üçün düzgün vasitələrlə təmin edir.

 

Qeyd edək ki, İtaliya şagirdləri PISA (Programme for International Student Assessment) beynəlxalq qiymətləndirmə proqramının nəticələrinə əsasən oxu, riyaziyyat və dəqiq elmlər üzrə 30-cu sıralarda yer alırlar.

 

STEM/STEAM təhsilə keçid

 

İtaliya təhsilini STEAM sahəsinə yönləndirməyə çalışan bir neçə təşəbbüs mövcuddur. Bunlardan biri 2015-ci ildə İtaliya hökuməti tərəfindən qəbul edilmiş “Rəqəmsal məktəb milli planı”dır. Həmin plana əsasən STEAM təhsilin təkmilləşdirilməsi məsələsi ölkə təhsilində əsas istiqamətlərdən birinə çevrilib. Bu təhsil haqqında qanun hazırda İtaliya Təhsil, Universitet və Tədqiqat Nazirliyinin rəhbər sənədidir və məqsədi rəqəmsallaşdırma yolu ilə İtaliya təhsil sisteminə yeniliklər gətirmək, təlim, bacarıq və məşğulluq baxımından təklif etdiyi imkanları vurğulamaqdır. Plan 4 əsas addımdan - alətlər, bacarıqlar, müşayiət, təlimdən ibarətdir və müəyyən sahələrə bölünmüş bir sıra məqsəd və fəaliyyətlərə nail olmaq üçün təşkil edilmişdir. Planda yer almış “Rəqəmsal texnologiyalar, sahibkarlıq və iş” sahəsi bacarıqlar və məşğulluq baxımından rəqəmsal uçurumu təşviq etmək və aradan qaldırmaq, STEAM sahəsində karyeraları inkişaf etdirmək, məktəblə şagirdlər arasında əlaqəni gücləndirmək məqsədi daşıyır.

 

İtaliyada mövcud olan STEAM Laboratoriyası layihəsi “Rəqəmsal məktəb milli planı”nın bir hissəsidir və bütün səviyyələrdə olan şagird və tələbələr üçün STEAM-da rəqabətli yolların sınaqdan keçirilməsinə həsr olunmuş sinif otaqları təqdim edir. Plan çərçivəsində “Biz gözəl mexanizmlər yolu ilə gedirik” layihəsinə əsasən ibtidai sinif uşaqları emalatxanalarla əhatə edilir, burada uşaqlar ətrafdakı reallıqdan məlumat əldə edə bilən obyektləri layihələndirir, yaradır və proqramlaşdırır, onları təhlil etmək üçün hazır məlumat halına gətirirlər.

 

Leonardo STEAM Laboratoriyası orta məktəb şagirdlərini STEAM təhsilə yönləndirən yoldur. Burada uşaqlar dahi alimin yaradıcılığı ilə yaxından tanış olur, robot texnikası və kodlaşdırma elementlərini öyrəndikdən sonra görülən işləri sənədləşdirən Leonardo maşını qururlar və fərdiləşdirirlər. “Fotoqrafiya Elmi” ilə şagirdlər foto texnikalardan istifadə edərək Kainatın yaranmasını öyrənməyə çalışır, yekunda fotomüsabiqə keçirilir və ən yaxşı fotoşəkillərdən ibarət sərgi təşkil olunur.

 

“STEM 4 Future” (STEM 4 Gələcək) yeni nəsillərin STEM fənləri üzrə bilik və marağını təşviq etmək üçün yaradılmış layihədir. “Boeing” universitet əlaqələri təşkillatı  və Piza Sant'Anna Qabaqcıl Araşdırmalar Məktəbi tərəfindən dəstəklənən, “ScuolAttiva Onlus” təşkilatı tərəfindən hazırlanmış bu layihə klassik və elmi liseyləri əhatə edərək qabaqcıl tədqiqat və orta təhsilin yeni tədris formalarını sınaqdan keçirmək məqsədilə universitetlər, şirkətlər və məktəblər arasında uğurlu əlaqəni təmsil edir.

 

Bu günə qədər “STEAMonEdu” layihəsinin tərəfdaşı “Stati Generali dell'Innovazione” İtaliya orta məktəbləri tərəfindən hazırlanmış müxtəlif ən yaxşı təcrübələri toplayıb. Bunlar arasında uğurluları “Capozzi-Galilei” “COVID zamanı oyunlaşdırma ilə -19 kilid”, “Məktəbə qayıt: ekoloji təhsilə yeni yanaşma”, “Bazarda bir gün” və “Daxili maddə”; Montalto Uffugo (Cosenza) IC “Taverna” ilə “Keçmişdən bir mesaj”, “Yalan xəbər deyil yaxşı xəbər”, “Olimpiada probleminin həlli...Problem yoxdur!”, “Marzo delle STEAM” və Foiso Fois di Cagliari Hostel və Officine DigitalArch layihəsi çərçivəsində ən yaxşı STEAM təcrübələrini qeyd etmək olar.

 

İtaliya dövləti 2020-ci ildə “STEAM 2020” çağırışı çərçivəsində 4-19 yaş arası gənc qızlar və oğlanlar üçün kurslar yaratmaq məqsədilə 2 milyon avro sərmayə ayırıb.

 

STEAM məktəbəqədər təhsil müəssisələrində

 

Məktəbəqədər yaş insanın inkişafında həssas dövrdür və elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyata marağın əsasını qoymaq üçün ən uyğun vaxtdır. İtaliya uşaq bağçalarında STEAM dərsləri model qurma, simulyasiya vəziyyətlərini əhatə edir və 4 prinsipdən ibarətdir: yaradıcılıq, əməkdaşlıq, tənqidi düşüncə və ünsiyyət. Uşaqların böyüdülməsi və təhsili ailənin prioritet vəzifəsi olduğu üçün valideynlər də innovativ STEAM yanaşması ilə tanış edilir və onlar layihə fəaliyyətlərinə fəal iştirakçı kimi cəlb olunurlar. İtaliyanın məktəbəqədər təhsil müəssisələrində Erasmus+ proqramına əsasən STEAM dərsləri tədris edilir. Bu proqram üzrə STEAM tədrisi İtaliyadan başqa Bolqarıstan, İspaniya, Polşa, Rumıniya, Şimali Makedoniya kimi digər Avropa ölkələrində də tətbiq olunur.

 

İtaliyanın məktəbəqədər təhsil müəssisələri oyun əsaslıdır, uşaqlar ünsiyyət və şifahi mübadilənin təşviq edildiyi şəraitdə öyrənirlər. Uşağın hərtərəfli inkişafını təmin etmək məqsədilə sosial bacarıqlara və emosional inkişafa diqqət yetirilir. Müəllimlər və tərbiyəçilər körpələrə öz öyrənmələrinin baş qəhrəmanı olmaları, xəyal və planlar qurmaları, təcrübədən kəşf etmələri üçün şərait yaradırlar. Bağçalarda körpələrə dil və riyaziyyatın əsasları öyrədilir, onlarda düşündüklərini rahat və sərbəst şəkildə izah etmək bacarığı inkişaf etdirilir. Yeni texnologiyaların tətbiqi, incəsənətin müxtəlif növlərindən istifadə edərək körpələrin yeni kəşflərə həvəsləndirilməsi, şəxsi qurğuların, layihələrin hazırlanması, proqramlaşdırılmasına xüsusi diqqət yetirilir. Eyni zamanda uşaqlar italyan adət-ənənələri haqqında öyrənirlər və bunun üçün müəllimlər onlara hekayələr oxuyur, insanların İtaliyada və digər ölkələrdə necə yaşadıqlarını izah edirlər.

 

Məktəbəqədər təhsil müəssisələrinin məqsədi bütün uşaqların dünya vətəndaşı, demokratik cəmiyyətin bir üzvü olmasına kömək etməkdir. Bundan irəli gələrək körpələrə kiçik yaşlarından dünyanın bildiyimizdən daha geniş olduğunu dərk etmələri üçün zehni alətlər verilir, ekskursiyalar təşkil olunur, təcrübəyə əsaslanan biliklər aşılanır.

 

STEAM məktəblərdə

 

Hazırda İtaliyanın həm dövlət, həm özəl orta təhsil müəssisələrində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində STEAM təhsili tədris edilir. Bu layihəyə 2020-ci ilin sentyabrından start verilib və Avropa ölkələrində STEAM metodologiyasının daha da yaxşılaşdırılması və inkişafı, orta məktəblərdə STEAM fənlərinin tədrisini təşviq etmək üçün yeni innovativ yanaşmaların tətbiqi məqsədini daşıyır. Proqram çərçivəsində şagirdlər ən son texnologiyalarla və iqlim dəyişikliyi problemlərini öyrənməyə imkan verən cihazlarla təmin olunur, onlardan istifadə qaydası öyrədilir. Həmçinin yaxın gələcəkdə şagirdlər ilk dəfə olaraq peyk məlumatlarından məktəbdə istifadə etmək imkanı əldə edəcəklər. Məlumatlar Kopernik Avropa Yerin Müşahidə Proqramı tərəfindən təmin ediləcək və STEAM əsaslı məhsulların birgə yaradılması prosesində şagirdlərə kömək etmək məqsədilə onlardan istifadə ediləcək, nəticədə şagirdlərin iştirakı ilə birgə yaradılmış iqlim dəyişikliyi mövzusunda açıq mənbəli STEAM məhsulları dəsti hasil olunacaq.

 

İtaliyada ən uğurlu STEAM tədris edən təhsil müəssisəsi STEAM Beynəlxalq Liseyidir (Liceo STEAM International).Təhsil kursu kimi fəaliyyətə başlayan liseyin hazırkı missiyası hiper-mürəkkəb dünyada fəal və özünü uğurlu hiss edəcək mükəmməl insanları formalaşdıra bilən məktəb olmaqdan ibarətdir. STEAM Beynəlxalq Liseyində ibtidai sinifdən başlayaraq İtaliyada innovativ təcrübə hesab edilən “aktiv və praktiki tədris” mənimsənilməklə şagirdlərə geniş bacarıqlar öyrədilir. Bunu etmək üçün klassik “xətti” didaktik model daha da təkmilləşdirilərək müəllimi sinifdə frontal dərsə cəlb edən öyrənmə və təcrübənin kəsişdiyi yeni tədris üsulu formalaşdırılıb. Buna görə də müxtəlif sahələrdə iş təhlili və qabaqcıl tətbiqlər üzrə intensiv kurslara, konkret sahələrə aid məhsulların yaradılmasına yönəlmiş ildə üç layihənin həyata keçirilməsinə geniş yer ayrılmışdır. Bunlar maşınqayırma/mühəndislik, rəqəmsal, bio-mühəndislik/davamlı xidmətlər layihələridir. Bu orta təhsil müəssisəsində layihə və resurslara, tədqiqatlara əsaslanan tədris həyata keçirilir, proqramlaşdırma, kodlaşdırma, hakathon, virtual oyunlaşdırma, robot texnikası, süni intellekt, virtual reallıq kimi sahələrin öyrədilməsinə xüsusi diqqət yetirilir. Liseydə qızların imkanlarının artırılmasını təmin etmək, onları erkən yaşlarından texniki-elmi fənlərə həvəsləndirmək, bütün çətinlikləri öhdəsinə götürərək gələcəyin əmək bazarında rəqabət apara bilmələri üçün mühüm işlər görülür. STEAM Beynəlxalq Liseyinin məqsədi şagirdlərdə 21-ci əsr bacarıqlarının inkişafını təşviq etmək, tənqidi düşüncədən əməkdaşlığa, ünsiyyət bacarıqlarından yaradıcılığa və fərqli düşüncəyə sahib gələcək nəsil yetişdirməkdən ibarətdir.

 

STEAM ali təhsildə

 

İtaliya Avropanın ən çox əhalisi olan beşinci ölkəsidir və 34 beynəlxalq reytinqə malik universiteti ilə tanınmaqdadır. İtaliyanın dünyada məşhur ən yaxşı universitetlərindən Milan Politexnik, Bolonya, Roma Sapienza, Padua, Vita-Salute San Raffaele universitetlərini, Pizada yerləşən Sant'Anna Qabaqcıl Araşdırmalar Məktəbini, Piza Normal Ali Məktəbini və s. göstərmək olar. Bu ali təhsil müəssisələrində müxtəlif  STEM ixtisasları tələbələrin ixtiyarındadır. Təhsil sahələri riyaziyyat, fizika, kimya, biologiya, kodlaşdırma, iqtisadiyyat, robot texnikası, animasiya, kompüter elmləri, süni intellekt, informasiya texnologiyaları, yer və ətraf mühit, mühəndislik elmləri, aerokosmik sənaye, mexanika, maşınqayırma, həyat elmləri, statistika, biotibbi elmlər, əczaçılıq və s. ixtisasları əhatə edir.

 

Tələbələr arasında STEM proqramlarının nisbətən aşağı cəlbediciliyinə əsaslanaraq, ali məktəblər STEAM konsepsiyasını təklif etməyə başlayıblar. STEAM əsaslı kurikulum təkcə elmi konsepsiyalara yönəldilmir, həm də tələbələrin tənqidi düşüncəsini, dialoq mübadiləsini və anlaşmasını stimullaşdırmaq üçün elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətdən istifadə edərək öyrənmə yanaşması ilə xarakterizə olunur. Hazırda həm STEM, həm də STEAM təhsili Avropa İttifaqı üçün təhsil və təlim sahəsində strateji prioritet məsələdir.

 

İtaliya ali məktəbləri həmişə ənənəvi tədris metodlarına üstünlük veriblər. Müasir sinif texnologiyalarından istifadə ilə bağlı müəllimlərin səriştə və inamının müqayisəli tədqiqi İtaliyanın tədris metodları ilə bağlı bir sıra faktları müəyyən edir. İtaliyada STEM universitet proqramlarını bitirmiş IT ixtisaslı işçiləri ilə IT işçi qüvvəsi arasında böyük uçurum var. Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə əsasən İtaliya 2020-ci ildə 28 Avropa Üzv Dövləti arasında 25-ci yerdə qərarlaşıb.

 

Bundan irəli gələrək “İnnovasiya” son zamanlar İtaliya siyasətçiləri və idarəçiləri tərəfindən ən çox istifadə edilən sözlərdən birinə çevrilib, sanki pandemiya ölkəni və onun ən yaradıcı təbəqəsini yenidən işə salmaq üçün bu prosesi zəruri edib. Ölkənin təhsil, universitet və tədqiqat naziri Qaetano Manfredi bu yaxınlarda verdiyi müsahibədə qeyd edib: “Təhsil və tədqiqat yenidən başlanması mümkün olan iki sahədir. Qadınların hələ də az təmsil olunduğu STEM ixtisaslarında dəqiq elm fənləri üzrə daha çox məzuna ehtiyac duyulur. Hazırda ölkəmiz və onun inkişafı üçün bu, böyük bir problemdir və bizim investisiya, islahatlar planımızın mərkəzinə qoyduğumuz əsas məsələdir”.

 

İtaliyada gender fərqi mövzusu xüsusilə kritikdir. Kişi və qadın məşğulluq nisbətləri arasındakı fərq kişilər üçün 67,1%, qadınlar üçün isə 49,2% təşkil edir ki, nəticədə İtaliya Avropada sonuncu yerdə qərarlaşır. ATƏT-dən bildirilir ki, İtaliyada 2030-cu ilə qədər qadınların məşğulluğu kişilərin məşğulluğuna çatarsa, ölkənin ümumi daxili məhsulu ildə bir faiz arta bilər. Beləliklə, İtaliyada qarşıda duran ən vacib məsələlərdən biri gənclərin, xüsusilə qadınların işini və bacarıqlarını texnoloji sahələrə, dəqiq desək iqtisadiyyatın keçdiyi STEM/STEAM sahələrinə uyğunlaşdırmaqdan ibarətdir.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



19.08.2022 | 11:20