Reytinq sistemində dünyanın 783 aparıcı universiteti 4 istiqamətdə 20 göstərici üzrə qiymətləndirilir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) adı dünyanın müxtəlif ən yaxşı universitetləri ilə bir siyahıya düşüb.

 

“Azərbaycan müəllimi” qəzetinə sözügedən universitetdən verilən məlumata görə, AzMİU-nun adı bu dəfə universitetlərin beynəlxalq reytinq sistemi olan “RUR Ranking”in siyahısına daxil edilib.

AzMİU-nun mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın sözlərinə görə,  onlar bu siyahıya düşən yeganə Azərbaycan universitetidir: “Universitetimiz “RUR Ranking” beynəlxalq reytinq sistemində texniki elmlər üzrə 582-ci yerdə qərarlaşıb. Onu da qeyd edək ki, Azərbaycan universitetləri arasında AzMİU beynəlxalq “RUR ranking” sisteminə daxil olan yeganə deyil”.


Məlumat üçün bildirək ki, “Round University Ranking (RUR Ranking)” sistemi Rusiyanın RUR Agentliyi tərəfindən 2010-cu ildən başlayaraq, hər il nəşr olunur. Reytinq sistemində 2018-ci il üzrə dünyanın 783 aparıcı universiteti 4 istiqamətdə 20 göstərici üzrə qiymətləndirilir: tədris, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə. 


Reytinqin əsas məqsədi ali təhsilə marağı olanları (abituriyentlər, tələbələr, akademik və elmi işçilər) universitetlərə cəlb etməkdir. Dünyanın Harvard, Oksford, Kembric kimi nüfuzlu universitetləri reytinqdə ön sıralarda yer alır.

 



12.09.2018 | 12:37