Ölkəmizdə yaşanan milli həmrəylik strateji resurs kimi qorunmalıdır

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir neçə gündür cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Həqiqəti görənlər də var, hadisələrin təhlilində qərəzli ritorika ilə çıxış edənlər də. İkincilərin üslubunda hər zaman gərəksiz qınaq, yersiz tənqid var, çünki hakimiyyət iddiaları Azərbaycanın qazandığı son hərbi-siyasi uğurları qiymətləndirməkdə obyektiv olmalarına imkan vermir.      

 

Faktiki olaraq Azərbaycan Qarabağ münaqişəsinin həllini təkbaşına bacarmış, öz siyasi və hərbi gücünü bütün dünyaya sübut etmiş, sülh istiqamətində davamlı səylər göstərən, əməkdaşlığın formalaşmasında səmimiyyətlə çıxış edən bir ölkədir. Sərhəddə baş verənlər bu Qələbəni “həzm” edə bilməyənlərin, regionu yenidən qarışdırmaq istəyənlərin təxribatından başqa bir şey deyil.      

 

Söhbət konkret şəkildə rəsmi İrəvanın revanşist niyyətlərindən, sülh prosesinə maneə yaradan düşmənçilik siyasətindən gedir ki, Azərbaycanın geniş ictimaiyyəti Ermənistanın bu çirkin mövqeyinə qarşıdır və sərhəddə baş verənlərdə günahı birmənalı şəkildə Ermənistan tərəfində görür.   

 

Ortada bir gerçək var: Azərbaycan sülh müqaviləsinin imzalanmasına bütün gücü ilə çalışarkən, Avropa İttifaqı ilə bu yöndə səmimi anlaşmasına sadiq qalarkən, Ermənistan ikiüzlü, xain davranaraq, müxtəlif siyasi danışıqlarda, beynəlxalq platformalarda verdiyi vədində, ortaya qoyduğu mövqeyində sabit qala bilmir,  sülh müqaviləsinin imzalanmasına əngəl törədən əməllərə əl atır. Sərhəddə baş verən təxribat bunun isbatıdır. Bu, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərini pozmaq deməkdir, həm də belə revanşist siyasət yürütməklə Ermənistan bütövlükdə region üçün hələ də təhdid olaraq qalmaqda davam edir.

 

Aydın görünən budur: regionda inkişafı, sağlam dialoq mühitini istəməyənlər var. Bunlar isə həm Ermənistanın daxilindəki radikal qüvvələrdir, həm də xaricdən Ermənistana təsir göstərən siyasi çevrələrdir. Regionda gərginliyin yaradılmasında Ermənistandan bir alət kimi istifadə edilir. Bu, dünən də belə idi, bu gün də belədir! Ermənistan başqa bir dövlətin “forpost”u olmaq statusundan qurtula bilmir, buna görə də siyasi qərarlarını müstəqil şəkildə vermək imkanına sahib deyil. Bu gerçək dəyişmədikcə Ermənistan özünə etibarlı tərəfdaş, etibarlı qonşu imici yarada bilməyəcək.  Nəticədə sıravi erməni xalqı əsrlər boyu davam etmiş bu siyasətdən hələ çox əziyyət çəkəcək, Ermənistan bir dövlət kimi müasir beynəlxalq münasibətlər sistemindən hələ uzun illər kənarda qalacaq. Halbuki sülh imkanları indi daha əlçatandır; sülh ali və ümumbəşəri dəyərdir; sülh regionun inkişafı, xalqların etibarlı sabitlikdə dinc yanaşı yaşaması deməkdir; sülh əməkdaşlıq, sağlam münasibətlər deməkdir. Bu baxımdan Ermənistanın siyasi qüvvələri, ictimaiyyəti yaranmış bu fürsəti ağıllı şəkildə dəyərləndirmək cəsarətini özündə tapmalıdır. Üstəlik, beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət rəsmi İrəvanı sülhə çağırmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri ədalət prizmasından təhlil olunmalı, beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Bunlar varmı? Yoxdur! Təəssüf doğuran odur ki, dünya hələ də terrorçu dövləti qorumağa çalışır, onun halına yanan davranış nümayiş etdirir. Halbuki seçim etməyin zamanıdır:  Beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan, yoxsa, beynəlxalq hüququn normalarından çıxış edən, sülh üçün bütün addımları atan, əməkdaşlığa hazır olan Azərbaycan?  

 

Təəssüf, dünya qərarsızdır, daha doğrusu nümayiş etdirdiyi mövqeyində ədalətə və obyektivliyə qətiyyən söykənmir. Əks təqdirdə rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınmalıdır. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini gündəmə gətirir. Xəritələrin verilməməsi faktiki olaraq Ermənistanın hərbi hücumlarını asanlaşdırır, Azərbaycan üçün isə əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı, rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Amma ortada heç bir məsuliyyət yoxdur.

 

Niyə?

 

Çünki erməni siyasətində hiyləgərlik var. 13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb.

 

Məlumdur ki, Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. 13 sentyabr tarixində baş vermiş təxribat tək Azərbaycanın yox, ümumiyyətlə, bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq məqsədini daşıyır.

 

Ən pis versiya ondan ibarətdir ki, 13 sentyabr tarixində yaşanmış hərbi insident, təxribatların təkrarlanması yeni müharibənin alovlanması ehtimalını artırır. Regionda sülhün bərqərar olunması cəhdlərinə təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir.

 

Bütün pis ehtimalları təhlil edərkən, Azərbaycanın hərbi gücünü qorumaq, onu daha da inkişaf etdirmək siyasətinə haqq qazandırmamaq olmur. Sözsüz ki, güc amili öz aktuallığını qoruyub saxlamalıdır. Düşmən düşmənçiliyində qaldığı üçün; Əməkdaşlığa əl uzatmadığı üçün; Başqalarının əlində siyasi alətə yenidən çevrildiyi üçün!

 

13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır. Yəni, beynəlxalq hüququn norma və prinsipləri işləmirsə, Azərbaycan öz hərbi gücünü sərhədlərinin müdafiəsi, əhalisinin qorunması naminə daha da artırmağı prioritet kimi qəbul edir.  Bundan başqa, düşmən hər fürsətdə baş qaldırıb, hücuma keçmək, müharibənin davamına çalışmaq istəyirsə, Azərbaycan xalqı sahib olduğu möhkəm birliyi, milli ruhu ilə bu hücumun qarşısında yenidən möhkəm səddə çevriləcək. Çünki Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Bu mənada ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır.

 

V.ALLAHVERDİYEVA

 



19.09.2022 | 11:20