ADPU-da tələbə və şagirdlər üçün master-klass: “Gələcəyin müəllimi”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Gələcəyin müəllimi” mövzusunda interaktiv tədbir keçirilib.

 

Universitetin  yuxarı kurs tələbələri və ADPU-nun baza məktəbi olan 7 nömrəli tam orta məktəbin X-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən rektor, professor Cəfər Cəfərov tədbir iştirakçılarını əlamətdar bayram münasibəti ilə təbrik edib.

 

“Yaşadığımız əsrdə elm, təhsil və texnologiyalar misli görünməmiş sürətlə inkişaf edir. Belə şəraitdə Pedaqoji Universitet, ümumilikdə ölkə olaraq yüksəkixtisaslı, müasir dünyagörüşlü, milli dəyərlərə sadiq müəllim kadrlarının hazırlanmasını təmin etmək əsas məqsədimizdir. Bu məqsədə çatmaq üçün 3 strateji inkişaf xəttini diqqətinizə çatdırmaq istərdim: təhsilalanlara Vətən, dövlət və tarix sevgisinin aşılanması; təhsilalanların öz ölkəsinin tərəqqisinə xidmət etməsi; təhsilalanlara rəqəmsal biliklər və xarici dil bacarıqlarının verilməsi”-deyə rektor bildirib. 

 

Tələbə və şagirdlər üçün master-klass formatında təşkil olunan tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Müəllimlərin işə qəbulu”, ADPU məzunu, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev “Peşəkar həyatın başlanğıcı”, ADPU-nun müəllimi, psixoloq Gülər Məmmədova “Fərqindəlik və motivasiya” və ADPU-nun məzunu, ictimai fəal, İsmayıllı rayonunda fəaliyyət göstərən gənc müəllim Ülvi Şamilov isə “Sosial-ictimai aktivliyin müəllimlikdə rolu” mövzularında təqdimatla çıxış edib, öz peşəkar təcrübələrini bölüşüblər.

 



05.10.2022 | 19:57