Qarabağda tarix yazan şəhid təhsil işçisi

27 sentyabr  - 10 noyabr 2020-ci il... Azərbaycan tarixinin ən şanlı səhifəsi. Şəhidlik zirvəsinə fəxarətlə ucalanlar Azərbaycanın qəhrəmanlıq dastanına döndülər. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz şücaət və qəhrəmanlıqları ilə özlərinə əbədiyaşarlıq və ölümsüzlük qazandırdılar.

 

44 günlük qanlı savaşda  Rəşadətli Azərbaycan Ordusu mənfur düşmənin üstünə şığıdı bir aslan kimi. Şimşək kimi çaxdı göyün ənginliyində igidlərimizin nifrət dolu baxışı. Sel kimi coşub daşdı sinəsi vətən eşqi ilə döyünən minlərlə igid oğullarımızın  nifrəti, qəzəbi. Dəmir yumruq kimi birləşib illərin hiddətini, intiqamını  əldə silah edib hücum etdilər yağıların üstünə. Ölümün üstünə gülə-gülə, mərdanəliklə, qorxmazcasına atıldılar. Minlərlə  igid bir an belə öz həyatını düşünmədən düşmən üzərinə şığıyıb illərdir işğal altında inim-inim inləyən torpaqlarımızın qisasını aldılar. Hər bir əsgər sinəsini sipər etdi Vətən naminə. Can verdilər, qan tökdülər  şəhid, qazi  oldular, amma düşmənə baş əymədilər, sinələrində yurd sevgisi, gözlərində intiqam, düşüncələrində analarının öyüd-nəsihəti ölümün gözünə dik baxdılar.

 

Hər bir qəhrəman bir salnamə yazdı öz igidliyi, fədakarlığı, qeyri-adi döyüş məharəti, şərəfli ölümü ilə. Onlar öz ölümləri ilə ölümsüzlük qazandılar, Şəhidlik mərtəbəsinə yüksəldilər.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalq sevgisi ilə illərdir sinəmizdə yara bağlayan Qarabağ dərdinə çarə tapıldı. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək ATA vəsiyyətini yerinə yetirdi, tarixi qələbə çaldı və bu zəfərlə  bütün dünyanı heyran etdi.  Minlərlə  igid oğullarımız Qarabağda qəhrəmanlıq  dastanı  yazıb adlarını Şanlı tarix kitabına həkk etdilər.

 

Belə qəhrəmanlardan biri  də qələmini silaha dəyişib döyüşə atılan,  sinif otağını səngərlə əvəz edib düşmənə igidlik dərsi keçən, sinəsini vətən naminə sipər edən, şərəfli ölümü ilə gələcək nəsillərə həyat məktəbi, qəhrəmanlıq salnaməsi yadigar qoyan  31 yaşlı  gənc məktəb direktoru, vətənpərvər müəllim Elvin İmaməliyevdir. “Mən arzu edirəm ki, gələn il Bayraq Günündə  Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalansın!”. Bu fikirlərin müəllifi  düz bir il sonra öz arzusuna çatdı, nəhayət ki...

 

Rəşadətinizlə  Qarabağda  hamımıza 45 dəqiqəlik yox, 44 günlük həyat dərsi verdiniz, Elvin müəllim... Özünüz dönüb qəhrəmanlıq məktəbi oldunuz! Həyat imtahanından üzüağ çıxıb müqəddəs qanınızı   qələm, sinənizi   kağız eləyib Vətən adlı dastan yazdınız. Qanınız qırmızı mürəkkəb olub bayrağımızın al rəngini daha da parlaq etdi, Elvin müəllim. Artıq üçrəngli bayrağımız məhz Elvin müəllim kimi ölümü ilə ölümsüzlük qazananların sayəsində AZAD Qarabağda dalğalanır.

 

Öz həyat hekayəsi ilə bir çox gəncə örnək ola biləcək, peşəsinin sözün həqiqi mənasında vurğunu  olan və qısa müddət ərzində təhsil sahəsində bir sıra uğurlara imza atan,  Qarabağ  müharibəsində qələmi süngüyə, silaha çevirib şəhadətə yüksələn  müəllimlərimizdən biri olan Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1995-2006-cı illərdə orta təhsilini  S.Əliyev adına Qırılı kənd tam orta məktəbində, 2006-2010-cu illərdə  isə Azərbaycan Dillər Universitetində  xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb.

 

Elvin İmaməliyev 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlayır. Rəfiqə müəllimin və Elsevər atanın  ailəsində əsl vətənpərvər övlad  kimi təlim-tərbiyə  alan gənc pedaqoq mükəmməl təhsili, bir neçə dil bilməsi, natiqlik qabiliyyəti, humanistliyi, yardımsevərliyi, yüksək mənəvi keyfiyyətləri, yenilikçiliyi  ilə  Ağstafa təhsil mühitində daim  seçilir, sevilirdi. Rayonun ictimai işlərində fəallıq göstərən Elvin İmaməliyev 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edərək yüksək bal toplayıb  Ağstafa  şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilir. Rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı. Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi. “Torpaq, uğrunda ölən varsa, vətəndir” - deyimini həyat amalına çevirmişdi. Vətənpərvər müəllim idi. Müəllimlik və direktorluq  fəaliyyəti dövründə  bu istiqamətdə xeyli önəmli işlər görüb müəllim-şagird  kollektivinin  dərin sevgi və hörmətini qazanmışdı.

 

O, 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Olduqca vətənpərvər bir gənc olan Elvin  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı  Qüvvələri  tərəfindən  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edərək qəhrəmanlıq göstərir. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olur. 13 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Ağstafa rayonunun Qırılı kəndində dəfn edilir.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, eləcə də Şuşa şəhərinin  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölkə başçısı  İlham Əliyevin müvafiq  sərəncamlarına əsasən  Elvin İmaməliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları  ilə təltif edilmişdir.

 

İgid qəhrəmanımız ailəli idi. Şəhid xanımı olmaq  şərəfini qürurla daşıyan  həyat yoldaşı Əsmər İmaməliyeva Elvin müəllimin  əziz xatirəsini daima əziz tutaraq şəhidimizin  iki oğul  əmanətini, yadigarını göz bəbəyi kimi qoruyub əzizləyir, yüksək vətənpərvərlik hissi ilə onların təlim-tərbiyəsi ilə məşğul olur. Əsmər xanımın ailəsində daha bir  şəhid qəhrəman var. Dayısı Fəxri Nağıyev  1-ci Qarabağ müharibəsində iştirak edib və 1992 -ci ildə  Qələmçə yüksəkliyi uğrunda  döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əsmər İmaməliyeva əsl Azərbaycan qadını, anası kimi hər iki şəhidin xatirəsini əziz tutaraq  onların igidliklərini  bir həyat dərsi kimi qətrə-qətrə aşılayır övladları Tunar və Təyyara.

 

Poladlar, İlqarlar, Xudayarlar, Cəbrayıllar, Elvinlər, Mübarizlər və adlarını qeyd etmədiyimiz yüzlərlə, minlərlə  igidlərimizin  sayəsində  Qarabağın qara bəxti ağ donunu geyindi əyninə. Hər birinizi ehtiramla yad edirik, ey vətən aşiqləri, ruhunuzun qarşısında sonsuz minnətdarlıq hissi ilə baş əyirik. Azərbaycan adlı məmləkət  var olduqca, xalqımız yaşadıqca siz də yaşayacaqsınız, ey vətənin sinəsini öz tökülən qanları ilə  gülüstana çevirən şəhidlərimiz, siz unudulmayacaqsınız. Siz üçrəngli bayrağımızda, səslənən himnimizdə, döyünən qəlbimiz, düşünən beynimizdə, keçmişimizdə, gələcəyimizdə, bütün  varlığımızdasınız. Böyüməkdə olan gənc nəslə həyat məktəbi, qəhrəmanlıq nümunəsi, igidlik örnəyisiniz, ey ölməz şəhidlərimiz! Siz vətənin özüsünüz, qəlblərin gözüsünüz, vətən  bir dildirsə, siz vətənin sözüsünüz! Qarabağ Azərbaycandır!

 

Günel MƏMMƏDOVA, 

Bakıdakı 1 nömrəli İdman liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

 



11.11.2022 | 11:32