Bizim sevimli MÜƏLLİM

Həyatda müxtəlif peşələr və peşə  sahibləri var, ancaq onların heç biri müəllim peşəsi qədər müqəddəs, müəllim peşəsi qədər şərəfli deyil.  Müəllim yeganə peşə sahibidir ki, təkcə  dərin biliyi, əqli, zəkası ilə seçilmir. O, ilk növbədə öz şəxsi nümunəsində uşaq, yeniyetmə və gənclərə  sağlam düşüncə, mənəvi ruh verir  və  paralel olaraq pedaqogika elminin verdiyi imkanlardan maksimum bəhrələnərək   bilik və bacarığını  onlara təmkinlə ötürür. Bax, elə buna görə də müəllim  hamıdan çox  hörmət və ehtiram sahibi olur və haqlı olaraq  böyük  düha sahibləri, söz xiridarları  müəllim ömrünü şama bənzədirlər, yanan, yandıqca əriyən və əridikcə ətrafına nur saçan  ilahi  bir şam ömrünə... Yetirmələrinin dilindən eşitdiklərimi təqdim edəcəyim müəllim də bu şərəfli  adı qürurla daşıyır. Bu şəxs orta və ali musiqi məktəblərində  milli  varlığımızın  dərin fəlsəfəsi ifadə olunan  xalq mahnılarımızın və  canımız, qanımız qədər bizə doğma olan  muğamlarımızın  sirlərini öz yetirmələrinə həvəslə mənimsədən ustad xanəndə Aytən Məhərrəmovadır.

 

TANITIM.

 

Aytən Məhərrəmova 1987-ci ildə Bakı şəhərində anadan olub. Təhsilini öncə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, daha sonra  Asəf  Zeynallı adına Musiqi Kollecində alaraq  Azərbaycan Milli Konservatoriyasının  bakalavr, eləcə də magistr pilləsini  bitirib. Hazırda doktorantura pilləsində təhsilini davam etdirən  istedadlı gənc 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illik yubileyinə həsr olunan  I Televiziya Muğam Müsabiqəsinin laureatı, 2011-ci ildə  keçirilən II Respublika Muğam Müsabiqəsinin və 2015-ci ildə  IV Beynəlxalq Muğam müsabiqəsinin qalibi olub. 2007-ci ildən  Aytən  Məhərrəmova pedaqoji  fəaliyyətə başlayıb. Hazırda Respublika İncəsənət Gimnaziyasında və Sumqayıt Musiqi Kollecində muğam ifaçılığı ixtisasını tədris edir. Muğamımızı Amerika, Almaniya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa,Tacikistan, İran, Rusiya və digər ölkələrdə keçirilən festivallarda layiqincə təmsil edib. O,  həm də Akademik Opera və Balet Teatrının solistidir. Z.Hacıbəylinin “Aşıq Qərib” operasında “Şahsənəm”, M.Maqomayevin “Şah İsmayıl”  operasında  “Ərəbzəngi”, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında “Leylinin anası”  və sair obrazları  canlandırıb. İstedadlı muğam ifaçısı Sumqayıt Muğam Mərkəzinin direktoru vəzifəsini də icra edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə muğamımızın mahir bilicisi olan Aytən Məhərrəmova  “Tərəqqi”  medalı ilə təltif edilib. Peşəsinə olan hədsiz məhəbbətini  və çalışqanlığını  sevimli tələbələrinə də  mənimsədə bilib. Buna görə də yetirmələrinin  demək olar ki, hamısı beynəlxalq  müsabiqə qalibləri və laureatlarıdır.

 

“Uğurlarımda müəllimimin xidməti böyükdür”

 

Yusif Sadıqov 2011-ci ildə Bakıda anadan olub.  8 yaşından  xanəndəlik ixtisası ilə məşğul olub.  Ustadım  istedadlı  xanəndə, mahir  sənətkar Aytən Məhərrəmovadan dərs  alıram, - deyir.  Onunla  ilk tanışlığımız Beynəlxalq Muğam Mərkəzində olub. Muğamın  sirlərini  bizə  həvəslə  öyrədən müəllimimizin köməkliyi ilə   dərslərimizi  də onun  tələblərinə cavab verəcək tərzdə  hazırlayırıq. Ötən bu illər ərzində  çoxlu  müsabiqələrin, istedad yarışmalarının  qalibi olmuşam. Bunların içərisində mənim üçün ən yaddaqalanı Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Könlüm keçir Qarabağdan” müsabiqəsi olub. Bu  müsabiqədə III  yerə layiq görülərək Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla mükafatlandırıldım. Nəhayət, “Milli dəyərlərimiz muğam” məktəblilərin gözü ilə” müsabiqəsində sevimli müəllimimin ümidlərini doğruldaraq   I yeri  qazandım. Və bu qələbəmə görə  də elə  üzərimdə əməyi olan Aytən Məhərrəmovaya özümü borclu sayıram. Bu gün  muğam sahəsində qazandığım bütün uğurlarda sevimli müəllimimin zəhməti böyükdür. Tez-tez  televiziya kanallarına dəvətlər alıram, “Şuşa İli” nə həsr olunmuş ifalarım  tamaşaçılar tərəfindən  çox maraqla qarşılanıb. Səmimi deyəcəyəm, mən öz xoşbəxtliyimi musiqidə tapmışam  və  məndən soruşsalar ki,  musiqiçi üçün əsil  xoşbəxtlik nədir, düşünmədən  belə cavab verərəm: Aytən Məhərrəmova kimi müəllimin tələbəsi olmaq.

 

 

 

“Mənə olan ümidləri doğrultdum”

 

Həzrət Əzizli: Təhsilimi  Bakıdakı 24 nömrəli onbirillik musiqi məktəbində almışam. Haqqında   çox eşitdiyim  mahir  muğam ifaçısı və  bilicisi  olan  Aytən Məhərrəmovanın  sinfində  təhsil alıb  xanəndəlik  ixtisasına yiyələnməyi arzulayırdım.  Elə bu arzu ilə də Respublika İncəsənət Gimnaziyasına daxil oldum. Həmin gün mənim sevincimin həddi-hüdudu yox idi, çünki artıq çoxdankı arzuma qovuşmuşdum. Mən muğamı  hədsiz dərəcədə  çox sevirəm. İlk uğuru  “Mənim atam qəhrəmandır” adlı  tədbirdə  qazandım. “Xudayar təsnifi”ni konsertlərdə məharətlə ifa etdim. Həmin mahnını ifa edəndə bir anlıq  da olsun belə şəhid qardaşımız Xudayar gözlərimin önündən getmirdi. “Gənclərə dəstək” layihəsi çərçivəsində “Qələbə bizimdir! Qarabağ Azərbaycandır!” adlı onlayn konsertdə də muğama olan  sevgimi  məharətlə nümayiş etdirdim.  Sonrakı illərdə Avstriyanın Vyana şəhərində keçirilən  beynəlxalq müsabiqəyə qatıldım və uğur qazandım.  Cəbrayıl rayonunda Xudafərin körpüsündə “Qarabağ Azərbaycandır!” adlı mahnını xüsusi şövqlə  və  qürur hissi ilə ifa etdim.  VIII Muğam Televiziya Müsabiqəsinə  qatılmaq  çoxdankı arzum idi. Bu qismətə  məni qovuşduran da elə sevimli müəllimim Aytən Məhərrəmova oldu. Əmin idi ki, mən bu istedad yarışmasında onun ümidlərini doğruldacağam. Nə yaxşı ki, mənə olan ümidləri doğrultdum. I yeri qazandım. Şagird üçün bundan böyük xoşbəxtlik nə ola bilər?

 

 

“Uğurlarımıza işıq salan mənəvi anamız”

 

Ədilə Əliyeva: 2007-ci ildə Bakıda anadan  olmuşam. Bir çox həmyaşıdlarım kimi mənim də musiqiyə həvəsim uşaq vaxtlarından   yaranıb. Bunu   ilk  dəfə  hiss edən isə atam olub və  o, 2020 -ci ildə məni bu istiqamətə yönəldərək  sənədlərimi  Respublika İncəsənət Gimnaziyasına verib. Hazırda ustadım Aytən Məhərrəmovadır. İlk  və ən uğurlu çıxışlarımdan biri 2013 -cü ildə Türkiyədə keçirilən 23 Nisan Çocuk festivalındakı ifam  olub. Və “World Harmony” müsabiqəsində 2 il  ardıcıl olaraq II yerin qalibi olmuşam. Beynəlxalq müsabiqələr qalibiyəm və 2021 -ci ildə “Pöhrə” müsabiqəsində I yeri qazanmışam.  VIII Muğam   Televiziya Müsabiqəsinin diplomantıyam. 2022-ci ildə beynəlxalq müsabiqədə “Qran-pri” mükafatı  almışam. Müəllimimiz Aytən Məhərrəmova  muğamın sirlərini bizə səbrlə, təmkinlə başa salır, gələcəkdə mahir ifaçılar olacağımıza  ümidlərimizi artırır, bütun  istedad yarışmalarında  birincilik qazanacağımıza əminliyimizi artırır. Mənim  təkcə muğam sahəsində deyil, ümumiyyətlə, bir  gənc olaraq sağlam ruhda  inkişaf etməyimdə müstəsna  rolu, payı olan  sevimli müəllimimiz Aytən Məhərrəmovaya borclu olduğumu  qürur hissi ilə ifadə edərək deyirəm: - Muğam sahəsində qazandığımız  bütün  nailiyyətlərə  işıq salan bu  istedad sahibi, bu mahir muğam bilicisi,  mənəvi  anamız  Aytən Məhərrəmovadır.

 

 

“Arzum tanınmış xanəndə kimi yetişməkdir”

 

Sevil Abdullayeva: Əslən Qarabağlı olsam da 2007-ci ildə  Bakı şəhərində anadan olmuşam. 2019-cu ildə AMK tərkibində İncəsənət Gimnaziyasına  qəbul olunmuşam. Həmin il mənim həyatım üçün ən şanslı il olub. “Ümid - 2019” müsabiqəsində qızıl medala layiq görülmüşəm. Qazaxıstanda keçirilən ölkələr üzrə “Art Planet” beynəlxalq müsabiqəsində birinci yerin qalibi olmuşam. 2020- ci ildə keçirilən “World Harmony” müsabiqəsində üçüncü, Dünya Türkdilli Dövlətlər arasında keçirilən “Pöhrə - 2022” istedad  müsabiqəsində isə “Qran pri” mükafatçısı olmuşam. Əldə etdiyim bütün uğurlarıma görə öncə  ustadım, mənəvi anam  Aytən Məhərrəmovaya borcluyam.

 

Ən böyük arzum Qarabağın gözü olan Şuşada olmaq idi, o da baş tutdu. Biz Şuşada Cıdır düzündə “Mənim atam Qəhrəmandır” layihəsi çərçivəsində Xudayar təsnifini ifa etdik.  Bu, mənim üçün çox qürurverici  idi. 2021-2022-ci illərdə ustadımız Aytən Məhərrəmovayla birlikdə Xudafərin körpüsündə  Azərbaycan televiziyasının təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” mahnısını ifa etdik. Həmin gün  biz çox sevincli  anlar yaşadıq.

 

Gələcəkdə arzum Aytən Məhərrəmova kimi  sevilməyə layiq olan muğam bilicisi olmaq, xalq tərəfindən sevilən, dünyanın hər bir ölkəsində  milli muğamlarımızı təqdim etməyə  qadir xanəndə   kimi yetişməkdir.

 

 

“Nailiyyətlərimə görə ustadıma borcluyam”

 

 

 

Murad İsayev: 2009-cu ildə Bakıda anadan olmuşam.  Respublika  İncəsənət Gimnaziyasının şagirdiyəm. Dünya Türkdilli dövlətlər arasında keçirilən “Pohrə -2022” müsabiqəsində fəal iştirak etdiyimə görə II yerə  layiq görüldüm. XIII Beynəlxalq Muğam müsabiqəsində isə III yeri qazana bildim. Müsabiqələr zamanı həyəcanlı hisslər keçirirdim. Əldə etdiyim bütün nailiyyətlərimə görə ustadım  Aytən Məhərrəmovaya borcluyam. Mənim muğama olan sevgimi, istedadımı Aytən xanım kəşf edib. Muğamın  bütün incəliklərini, səhnə mədəniyyətini müsabiqələrə necə hazırlaşmağı mənə o öyrədib. Müsabiqələr zamanı bizimlə sevinib, bizimlə kövrəlib. Aytən xanım hər zaman mənə bir müəllim kimi ana qayğısı göstərir. Bütün televiziya kanalları üzümüzə  açıqdır. Bir sıra dövlət tədbirlərində ustadımızla birgə çıxış etmişik. Televiziya çıxışlarımız arasında qürur hissi keçirdiyimiz Xudafərin körpüsündə olan ifamızdır. Gələcəkdə  arzum  sevimli müəllimim kimi sevilən xanəndə olmaqdır.

 

 

Sifai SƏFƏROVA

 



18.11.2022 | 14:19