“Yol ver türkün bayrağına!”

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Quba Rayon İcra Hakimiyyəti (RİH) və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə filialın akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş “Yol ver türkün bayrağına!” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, filologiya fakültəsinin əməkdaşları, Quba RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Quba filialının rəhbərliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Türk xalqları şöbəsinin müdiri professor Məmməd İracoğlu, tanınmış şair Ramiz Qusarçaylı,  yazıçı, tərcüməçi və publisist, Əhməd Cavad irsinin tədqiqatçısı Ülviyyə Tahir, Bakı Dövlət Universitetinin  alimləri, Quba şəhər 4 saylı məktəbin direktoru Gülnarə Niftəliyeva, Quba Fizika-riyaziyyat və informatika təmayüllü liseyin direktoru Kamran Alıyev, şəhid ailələrinin üzvləri - Tünzalə Abduləlimova, Faiq Abduləlimov, Zümrüd Əliyeva, Rəsmiyyə Qocayeva, Elnarə Abbasova, Nizami Abbasov, rayon ictimaiyyətinin nümayəndələri və filialın kollektivi iştirak edib.

 

Quba filialının ədəbiyyat və dillər kafedrasının müəllimi Aytən Qurbanova tədbiri açıq elan edərək Əhməd Cavadın həyatı və yaradıcılığı ilə bağlı məlumat verib. Qeyd olunub ki, şair 1922-1927-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun (indiki ADPU) tarix və filologiya fakültəsində təhsil alıb.

 

Filial tələbələrinin ifasında şairin "Gəldim Gəncəyə", "Yuxuma gəlmişdin", "Yağış tökdü üstümüzə", "Susmaram" və digər şeirləri səsləndirilib, Ə.Cavad və ömür-gün yoldaşı Şükriyyə xanımın həyatını əks etdirən səhnəciklər, kompozisiyalar nümayiş etdirilib.

 

Rəsmi hissədə çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Quba filialında görülən işləri yüksək qiymətləndirib, tədbir haqqında düşüncələrini bölüşüb.

 

Çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Səidə Abasova, professor Məmməd İracoğlu, şair Ramiz Qusarçaylı,  yazıçı Ülviyyə Tahir istiqlal şairi Əhməd Cavadın həyatının müxtəlif səhifələrindən söz açıb, tədbirin önəmindən danışıblar.

 

Filialın direktoru dosent Yusif Alıyev qonaqlara Azərbaycan ictimai fikir tarixində önəmli yer tutan Əhməd Cavada həsr olunmuş tədbirdə iştirak etdikləri üçün minnətdarlığını bildirib.

 



06.12.2022 | 16:07