Əcnəbi tələbələrdən ibarət basketbol komandası muxtar respublika birinciliyinin qalibi olub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə ali və orta ixtisas məktəbi tələbələri arasında basketbol üzrə muxtar respublika birinciliyi keçirilib.

 

Naxçıvan Dövlət Universitetinin (NDU) idman kompleksində təşkil olunan tədbirdə Basketbol Federasiyasının sədri Elbrus İsayev idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlərin gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynadığını diqqətə çatdırıb. Tələbələrin həm ölkə, həm də beynəlxalq səviyyəli turnirlərə müxtəlif idman növləri üzrə qatıldığını vurğulayan E.İsayev qeyd edib ki, gənclər basketbol üzrə də muxtar respublikanı layiqincə təmsil edirlər. Sədr ənənəvi olaraq keçirilən yarışların əhəmiyyətini vurğulayıb, komandalara uğurlar arzulayaraq, yarışı açıq elan edib.

 

Basketbol Federasiyasının sədr müavini Məmmədəli Rəhimov diqqətə çatdırıb ki, baş tutan yarışlar muxtar respublikada basketbol idman növünün təbliği, ən güclü komanda və idmançıların seçimi, tələbələrdən ibarət yığma komandanın tərkibinin müəyyən edilməsi məqsədini daşıyır.

 

Sonra oyuna start verilib.

 

Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən, keçirilən qarşılaşmada, ümumilikdə 7 komanda iştirak edib.

 

Gərgin qarşılaşmaların sonunda NDU-nun əcnəbi və yerli tələbələrdən ibarət komandaları finala vəsiqə qazanaraq, üz-üzə gəliblər. Qeyd edək ki, 45:39 hesablı qələbə ilə əcnəbi tələbələr basketbol üzrə muxtar respublika birinciliyinin qalibi olub.

 

Məlumat üçün onu da bildirək ki, NDU-nun yerli tələbələrdən ibarət komandası müvafiq olaraq II, Naxçıvan Universitetinin komandası isə III yerdə qərarlaşıb.

 

Sonda komandalara kuboklar, komanda üzvlərinə isə diplomlar təqdim edilib.

 

 



07.12.2022 | 17:00